Bakı Bəyannaməsi - Azərbaycan-Türkiyə-Pakistan - Örnək qardaşlıq birliyi RƏY

29 İyul 2021 15:21 (UTC+04:00)

Müdrik insanların dəfələrlə söylədiyi “Siyasətin ədalətli, siyasətçinin adil olması onu dəstəkləyənlərin sırasına baxanda məlum olur” - ifadəsi bu gün Azərbaycanda öz təsdiqini tapır. Çünki bizim dövlətin yeritdiyi siyasət də, dövlət başçımızın siyasi fəaliyyəti də dünyanın hər yerində, işğalçı Ermənistan istisna olmaqla, hamı tərəfindən dəstəklənir. Xarici siyasətimizin beynəlxalq aləmdə təqdir olunması, Siahlı Qüvvələrimizin Ali Baş Komandanının ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində nümayiş etdirdiyi qətiyyət, Milli Ordumuzun işğalçı dövlətin təxribatlarına tutarlı cavab verərək düşmənin geri çəkilməsinə nail olması və bu kimi bir sıra başqa amillər həm ölkə əhalisi, həm də dünya ictimaiyyəti tərəfindən böyük hörmət və ehtiramla qarşılanır. Çünki Azərbaycanın igid oğul və qızları Vətənin şərəfini öz qeyrətləri ilə qoruyub, qanları ilə müdafiə edirlər.

Bu, dəfələrlə sübut olunub və bunu görmüşük. Sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistanın növbəti bir daha işğalçı ölkənin faşizm siyasətinin göstəricisidir.

Ötən il sentyabrın 27-dən noyabrın 9-dək 44 gün davam edən İkinci Vətən Müharibəsi rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları ilə əldə edilən parlaq qələbə nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz təmin edildi. Hazırda respublikamızın qarşısında duran ən ümdə məsələ “Böyük Qayıdış” strategiyası vətəndaşlarımızın işğaldan azad edilən ərazilərdə dayanıqlı məskunlaşmasını və həmin ərazilərin ölkənin iqtisadi sisteminə inteqrasiyasını reallaşdıracaq. Artıq bərpa-quruculuq prosesinin vahid mərkəzdən həyata keçirilməsinə başlanılıb. Azərbaycan Prezident İlham Əliyev bütün görüşlərdə, müsahibələrində bu torpaqlarda bütün işlərin ardıcıllıqla həyata keçiriləcəyini, birincisi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün ərazilərin minalardan təmizlənəcəyini, erməni vandallarına qarşı beynəlxalq səviyyədə təzminat davasının açılması üçün onların vurduqları ziyanın qiymətləndiriləcəyini, lazımi inventarlaşdırma, pasportlaşdırma işlərinin aparılacağını, infrastruktur layihələrinin icra ediləcəyini xatırladıb. Ən əsası isə vurğulayıb ki, böyük quruculuq işlərinə isə Azərbaycana əsl dost olan ölkələrin dost ölkələrin dəvət olunmasıdır: "Bu müharibə, eyni zamanda, onu göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir, hansı ölkələrdir. Əlbəttə ki, Azərbaycan şirkətləri, ilk növbədə, bu işlərdə iştirak edəcək və bizim üçün dost olan ölkələrin şirkətlərini də biz dəvət edəcəyik, daha doğrusu, artıq dəvət etmişik".

Qeyd edək ki, Azərbaycan xalqı bu dostluğu qiymətləndirən xalqdır. Çünki bu dostluq, qardaşlıq illərin dostluğu, qardaşlığıdır. Və Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etmək məqsədilə sentyabrın 27-də başlatdığı və 44 gündən sonra şanlı zəfərlə başa çatdırdığı Vətən müharibəsində kimin dost, kiminsə düşmən olduğunu açıq-aşkar gördük. Hətta səssiz qalmağa üstünlük verib, “nə şiş yansın, nə də kabab” deyiminə uyğun olaraq tərəflərdən heç birini incik salmamaq üçün səsləndirilən çağırışları da eşitdik. İllərlə dost, qardaş dediyimiz ölkələrin bir çoxunun düşmən qarşısında acizliyinin, qorxaqlığının şahidi olmaq bizi çox incitdi, amma nə yaxşı ki, dost, qardaş ölkələrin bir çoxu etimadı yüksək səviyyədə doğrultdu və bizi qələbəyə ilhamlandırdı. Hətta ummadığımız yerdən aldığımız dəstəklər gücümüzə güc qatdı.

Vətən savaşının sınanmış dostları...

Torpaqlarını azad etməsi üçün Azərbaycana ən böyük dəstəyi qardaş Türkiyə dövləti verib. Türkiyə tərəfi Prezident, XİN başçısı, Milli Müdafiə naziri, Milli İstikbarat Təşkilatı – bütün səviyyələrdə qələbə gününədək Azərbaycanla birlikdə oldu və müharibədən sonrakı proseslərdə də Azərbaycanın yanındadır. Hətta belə demək mümkündürsə, Türkiyə torpaqlarımızı geri almaqda Azərbaycanla birlikdə mübarizə apardı. Dünyada heç bir iki dövlət tapılmaz ki, bir-birinə siyasi və iqtisadi maraqdan dolayısı deyil, sırf qardaş olduqları üçün belə dəstək versin. “Bir millət, iki dövlət” meydanda da özünü açıq şəkildə göstərdi və göstərməkdədir. Pakistan, Əfqanıstan, ŞKTC, Bosniya və Hersoqovina, qonşu Gürcüstan, Ukrayna, İsrail, Macarıstan, Moldova, İran, qismən dəstək verən ölkələrdən Malayziya, Mərakeş, Səudiyyə Ərəbistanı, Özbəkistan, Qətər, Qazaxıstan, İndoneziya, Misir Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək olmaqla dost ölkə olduqlarını, istənilən separatçılıq və ya silahlı üsyan addımlarını qınadığını bildirdilər.

Bu gün Böyük quruculuq işlərinə dost ölkələrin təşviq olunması siyasəti Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir. Dövlətimizin başçısı çıxışlarında dəfələrlə Qarabağın bərpası məsələsinə toxunarkən, bu işə müharibə dövründə, habelə savaşdan sonrakı mərhələdə Azərbaycanı fəal dəstəkləyən qardaş və dost ölkələrin cəlb edilməsinin diqqətdə saxlanılacağını bildirib.

Eyni zamanda, bu gün bütün dünyaya məlumdur ki, Azərbaycana Türkiyə qədər yaxın olan ikinci qardaş ölkə Pakistandır. Bu sözdə deyil, əməldə də sübut olunmuş bir faktdır. Təsadüfi deyil ki, uzun illər Qarabağda işğala son qoyulması ilə bağlı Türkiyədən sonra Ermənistana ən sərt təpki göstərən ikinci ölkə məhz Pakistan olub. Vətən müharibəsi zamanı da Pakistan xalqı, dövləti bütün sferalarda Azərbaycanın yanında olduğunu nümayiş etdirdi. Ötən il sentyabrın 27-si və 28-də - müharibənin ilk günlərində qardaş Pakistan Ermənistanı işğala son qoymağa, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra etməyə çağırdı və bir daha Azərbaycanın ərazi bütövlüyünə öz dəstəyini ifadə etdi.

Türkiyənin, Pakistanın və Azərbaycanın müttəfiqliyi isə hər üç ölkənin, eyni zamanda bəşəriyyətin mənafeyinə xidmət edir. Bütövlükdə bu üç ölkənin son illərdə daha da möhkəmlənən çoxşaxəli əməkdaşlığı Avrasiyada yeni aparıcı güc mərkəzinin formalaşmasını şərtləndirir.

Məhz iyulun 27-də Azərbaycan Milli Məclisində imzalanan üçtərəfli Bakı Bəyannaməsi ölkələrimiz arasında strateji əməkdaşlığın gücləndirilməsində, təhlükəsizliyimizin təmin olunmasında mühüm rol oynayacaq. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələri üçün çox əhəmiyyətli olan sənəd olmaqla, həm də qardaş dövlətlərimiz arasında, eyni zamanda, yol xəritəsidirsə, Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin birinci üçtərəfli görüşündə imzalanan Bakı Bəyannaməsi isə ölkələrimiz arasında strateji əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək.

Bir sözlə, bütün bunlar, ölkələrimiz arasında əldə olunan yeni razılışmalar, imzalanan müqavilələr bir daha xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, sarsılmazlığından xəbər verir. Və örnək qardaşlıq birliyinin sarsılmazlığı olan Bakı Bəyannaməsi Azərbaycan-Türkiyə-Pakistan - dostluq, qardaşlıq prinsiplərinə söykənərək yaradılan parlamentlərarası birlik illər keçdikcə daha da möhkəmlənərək təcrübə mübadiləsinin genişlənməsi fonunda daha təkmil qanunların qəbuluna öz müsbət təsirini göstərəcək.

ZƏRİFƏ QULİYEVA,

YAP üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri