Dünyaya səs salan Qarabağımızın hər məkanı cənnətə çevriləcək TƏHLİL

29 İyul 2021 15:18 (UTC+04:00)

Bu gün demək olar ki, bütün dünyanın diqqəti işğaldan azad olunan ərazilərimizə cəmlənib. Ermənilərin xarabazarlığa çevirdiyi şəhər və kəndlərimiz, qəsəbələrimiz, dini-mədəni abidələrimiz, insanlığa sığmayan əməllər nəticəsində darmadağın edilmiş, viran qoyulmuşdur. Ermənilərin viran qoyduqları ərazilərə bu gün xarici dövlətlərin nümayəndələri, qeyri-hökumət təşkilatları və s. səfər edərək erməni təcavüzkarlığı, barbarlığı ilə əyani olaraq tanış olurlar. Səfər çərçivəsində Ağdam, Füzuli, Şuşa kimi işğal altında olmuş ərazilərimizdə erməni terroristlərinin törətdikləri vəhşilik nəticəsində dağıdılan, viran qoyulan maddi-mədəniyyət nümunələrimiz, dini abidələrimiz, yaşayış yerlərimizlə tanış olmaq imkanı yaranır.

Dünya KİV-lərinin hazırladığı reportajlar və məqalələrdə əksini tapan görüntülər, şəkillər hər bir kəsdə erməni vandallığına qarşı qəzəb və nifrət hissi oyadır. Əlbəttə ki, 30 ilə yaxın bir zamanda işğal altında olan torpaqlarımızın hər bir qarışında erməni təcavüzünün izi var. Öz çirkin əməllərini nəinki insanlara qarşı, hətta torpağa, daşa, təbiətə qarşı həyata keçirmiş, tariximizi saxtalaşdırmağa çalışmışdılar. Dünyada söz sahibi olan, böyük nüfuz qazanan Azərbaycanın dünya ölkələri ilə qurduğu qarşılıqlı əlaqələr, qazandığı etimadın nəticəsidir ki, bu gün deyə bilərik ki, dünyanın hər bir qitəsindən bu ərazilərə səfər edib, erməni vandallığının canlı şahidinə çevrilənlər təəssüratlarlarını mübaliğəsiz desək, dünya ilə bölüşürlər. Axı, bu vəhşiliyə qərəzi olmayan bir kəs dözə, laqeyd qala bilməz. Qısa bir müddətdə onlarla ölkənin nümayəndələri bu ərazilərdə olmuşlar, tarix boyu nifrətə sahib olan ermənilərin əməllərini kəskin şəkildə pisləmişdilər. Qafqazın mirvarisi, cənnət məkanı olan Şuşaya, Ağdama, Füzuliyə və digər ərazilərə gələn hər kəs erməni hərbi-siyasi rəhbərliyinin işğal altında saxladığı əraziləri 30 il ərzində necə xarabalığa çevirdiyinin bir daha şahidi olur. Erməni vandalizmi və vəhşiliyinin sübutları xarabalığa çevrilən məkanlarda sanki dil açır. Qarabağ haqqında eşidən və kitablarda oxuyanlar indi bu gözəl və əsrarəngiz məkanı gözləri ilə görürlər. Buradakı dağıntılar onları təsirləndirir.

"ŞUŞA - AZƏRBAYCANIN AZADLIQ SİMVOLU"

Meksikalı jurnalist Federiko Lamontun işğaldan azad olunmuş ərazilərimizə etdiyi səfər onu gördüklərini qələmə almağa vadar edib. Meksikanın nüfuzlu KİV-indən olan "ContraReplica" və "Valija Diplomatica" qəzetlərində Federiko Lamont işğaldan azad olunmuş ərazilərimizə etdiyi səfərin təəssüratları barədə "Şuşa - Azərbaycanın azadlıq simvolu" və "Qarabağ odlar diyarı Azərbaycanındır" başlıqlı məqalələri dərc olunub. Cəbrayıl, Füzuli, Gəncə, Ağdam və Şuşa şəhərlərində səfərdə olmuş jurnalist yazılarında ilk olaraq, Şuşanın hərbi-strateji əhəmiyyətindən, habelə ölkəmiz üçün daşıdığı tarixi, mədəni və rəmzi önəmindən danışır və Şuşa şəhərinin işğaldan azad edilməsini Azərbaycanın ərazi bütövlüyünün bərpasının simvoluna çevrildiyini qeyd edir.

Müəllif 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın mülki azərbaycanlıları hədəf alaraq hərbi əməliyyatların aparıldığı bölgədən kənarda yerləşən Gəncə şəhərinə gecə saatlarında raket zərbələri endirdiyi, bu zaman qadınlar və uşaqlar da daxil olmaqla, onlarla mülki insanın həlak olduğu, yüzlərlə insanınsa yaralandığı çoxsaylı oxucularının diqqətinə çatdırır. Məqalələrdə Cəbrayıl və Ağdam şəhərlərinin erməni vandalizminə məruz qaldığı və buradakı yaşayış infrastrukturu və tarixi-mədəni abidələrin tamamilə darmadağın edildiyi haqqında məlumat verilir.

ON MİNLƏRLƏ VƏTƏNDAŞIMIZIN, O CÜMLƏDƏN MİNATƏMİZLƏYƏNLƏRİN HƏYATI TƏHLÜKƏDƏN XİLAS EDİLDİ

30 ilə yaxın işğalda saxlanılmış ərazilərimizdə Ermənistanın apardığı kütləvi minalanmadan da bəhs edilən yazılarda, ötən ilin 10 noyabr tarixində əldə olunmuş atəşkəs razılaşmasından bugünədək yüzlərlə hərbi və mülki azərbaycanlının erməni silahlı qüvvələrinin illər ərzində bu ərazilərdə basdırdığı minaların partlaması səbəbindən həyatını itirdiyi bildirilir. Bu xüsusda azərbaycanlı KİV işçilərinin də iyun ayının əvvəlində Kəlbəcər rayonunun Susuzluq kəndində həmin minaların qurbanına çevrildiyi qeyd olunur və Ermənistanın 30 ilə yaxın dövr ərzində BMT qətnamələrinə məhəl qoymadığı kimi, bu gün də beynəlxalq humanitar hüquqa zidd olaraq bu minaların yerləşmə xəritəsini verməkdən imtina etdiyi bildirilir. Vurğulamaq yerinə düşər ki, Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycana təhvil vermişdi. Ağdam rayonundan sonra daha iki rayonun Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə təqribən 92 min minaya dair xəritələrini Azərbaycana təhvil verilməsi dövlətimizin diplomatiyasının növbəti uğuru oldu. Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilasında böyük əhəmiyyət daşıyır.

"BİZ DEMİŞDİK Kİ, TORPAQLAR İŞĞALDAN AZAD OLUNANDAN SONRA BU TORPAQLARI TEZLİKLƏ BƏRPA EDƏCƏYİK"

Bu gün Azərbaycan Ermənistan üzərindəki qələbədən sonra işğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işlərinə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfər edərək erməni faşistlərinin törətdiyi vəhşiliklə tanış olur və öz tapşırıq və göstərişlərini verir. Xatırladaq ki, ilk səfər ötən il noyabrın 16-da işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında oldu və dövlət başçısı tərəfindən Füzuli - Şuşa avtomobil yolunun təməli də qoyuldu. Beləliklə, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinə start verildi. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində demişdir: "Bizim planlarımız böyükdür. Müharibə başa çatıb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik".

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının tapşırığı ilə artıq bir neçə yol layihəsinin icrasına başlanılıb və uğurla davam etdirilir. Bu layihələr işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. Bildiyimiz kimi, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə Qarabağ Dirçəliş Fondunu yaradıldı. Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycana dost ölkələr işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesində iştirak etmək arzularını ifadə ediblər. Həyata keçirilən tədbirlər qətiyyətlə deməyə əsas verir ki, qısa zamanda Qarabağ cənnətə çevriləcək. Artıq dövlət başçısı Zəngilanda, Füzulidə beynəlxalq hava limanlarının təməlini qoyub. Bu hava limanları bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etməyə qadir olacaq. "Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək. Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Əlbəttə ki, Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaqdır", - deyə Cənab Prezident bildirib.

"BİRİNCİ "AĞILLI KƏND" PİLOT LAYİHƏSİ ZƏNGİLANIN 1-Cİ, 2-Cİ, 3-CÜ AĞALI KƏNDLƏRİNİ ƏHATƏ EDİR"

İşğaldan azad edilmiş rayonlarda "yaşıl enerji" zonasının yaradılması məqsədilə, ilkin olaraq, pilot layihələr qismində bəzi yerlərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqinə start verilib. "ağıllı kənd" layihəsi ilkin olaraq Zəngilan rayonunun Üçüncü Ağalı kəndində reallaşacaq. "Birinci "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir", deyə Azərbaycan Prezidenti bildirib: "Ərazidə, ilk olaraq, tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək". Görülən işlərin davamı olaraq iyulun 28-də Azərbaycan Prezidenti İlham Əliyev "Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 10.000.000,0 (on milyon) manat ayrılıb.

Göründüyü kimi, işğaldan azad olunan hər bir məkan müasir tələblər çərçivəsində yenidən qurularaq inşa ediləcəkdir.

Zümrüd BAYRAMOVA