Enerji vampirləri ilə necə başa çıxmaq olar? - PSİXOLOQ MARAQLI DETALLARI AÇIQLADI

29 İyul 2021 13:07 (UTC+04:00)

“Bu gün bu mövzu çox aktualdır. Bugünkü psixoloji durumda, daxili və xarici aqressiyanın tüğyan etdiyi və insanların bir-birinə qarşı empati bacarığının aşağı düşdüyü bir dövrdə, enerji vampirləri dediyimiz insanların çox aktiv şəkildə fəaliyyətdə olduğu bir zamanda çox yaxşı bir mövzuya toxundunuz. Bu insanlar ətrafında olanlardan müsbət enerjini alaraq özlərinin mənfi enerjisini verməklə öz enerji balanslarını təmin edirlər. Belə insanlar həyatlarının hansı dövründə olur-olsun, istər mənfi və istər müsbətə doğru hər hansı xoşməramlı söhbətlərdə belə öz mənfi rəylərini bildirib ətrafındakı insanların enerjisini sovurmaq qabiliyyətindədirlər. Bu insanlardan enerji almaq qabiliyyətini durdurmağın və özünü onlardan uzaq tutmağın bir çarəsi var. Bu da ancaq münasibəti kəsməkdir. Bəli indi deyəcəklər ki, elə insan var qohumdadır, yaxındadır enerjini kəsə bilmirik. Bir el məsəli var ki, “nə atmaq olur, nə də satmaq”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Onun sözlərinə görə, bu insanlarla qəti şəkildə öz gələcəyiniz haqqında fikirlərinizi, məqsədlərinizi, arzularınızı bölüşməyin: “Onlarla güzgü effekti, yəni onlar necədirsə, sən də elə rəftar edirsən ki, səndə olan müsbət enerjini ala bilməsinlər. Onların mənfisinə qarşı sən də mənfi enerji buraxırsan, yəni mənfi enerji verirsən və onlar sizdən əl çəkirlər”.

Psixoloq sözlərinə belə davam edib: “Ən yaxşı, ən rahat yolu isə ümumiyyətlə münasibəti sıfıra endirməkdir. Hər kəs əslində bunu hiss edir ki, müəyyən bir adamlar var ki, onlarla hətta adi “salam, necəsən?” sözünü də demək, insana yük kimi gəlir. Bu insanlardan uzaq durmaq lazımdır. Çünki xoşbəxtlik və bədbəxtlik yoluxucudur. Ən tez keçici bir xəstəlikdir. Ona görə də çalışmaq lazımdır ki, ətrafımızdakı enerji vampirlərindən uzaq duraq”.

Ayşən Vəli