Sonuncu çevriliş nümayəndəsi öldü

29 İyul 2021 11:54 (UTC+04:00)

89 yaşlı Oleq Baklanovun ölüm xəbəri haqqında Rusiya Kosmik Agentliyi informasiya yayıb. "Raket və kosmos sənayemizə rəhbərlik edən və Ümumi Maşınqayırma naziri olan Oleq Dmitriyeviç Baklanov dünyasını dəyişdi" - deyə Rusiya Kosmik Agentliyinin Roskosmos rəhbəri Dmitri Roqozin bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Baklanovun ölüm səbəbi açıqlanmayıb. Ümumi Maşınqayırma naziri olduğu müddətdə Baklanov Sovet kosmos sənayesinə rəhbərlik edib və Sovet İttifaqı Müdafiə Şurası sədrinin birinci müavini vəzifəsində çalışıb. Bir faktı da qeyd edək ki,o, 1991-ci ildə Qorbaçovun liberal islahatlarından narazı qalan qrupla birlikdə uğursuz çevriliş cəhdində iştirak edib.

Baklanov da daxil olmaqla çevriliş cəhdinin liderləri üç gün sonra həbs edilib. Bu uğursuz çevriliş cəhdi Sovet İttifaqının dağılmasının xəbərçisi hesab olunurdu. Əslində isə Sovet İttifaqı 1991-ci ildə dağılıb.

Baklanov 1993-cü ildə sərbəst buraxılıb. Çevriliş cəhdinin sağ qalan son lideri Baklanovun ölümü ilə çevrilişdə iştirak edənlərdən heç kim sağ qalmayıb.