"Baş verənlər Ermənistanın əleyhinə işləyəcək" - POLİTOLOQ ŞƏRH ETDİ

28 İyul 2021 17:17 (UTC+04:00)

“Ermənistan üçtərəfli razılaşmaların ziddinə gedərək dövlət sərhədində atəşkəsin mütəmadi olaraq pozması əsasən sülh sazişinə gedəcək yolda əlverişli şərtlər əldə etmək istəyir. Həmçinin ABŞ və Fransanı bu prosesə qoşmaqla müəyyən dərəcədə Rusiyanı neytrallaşdırmağa çalışır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ermənistanın xüsusilə də baş nazir Nikol Paşinyanın bu manevr siyasəti ilk növbədə regionda ümumi təhlükəsizliyin təhdidir: “Bitmiş bir münaqişənin növbəti mərhələyə keçidini əngəlləyir. Bu keçid özündə ilk növbədə iqtisadi əlaqələri və iqtisadi əməkdaşlığı ehtiva edir. Göründüyü kimi Ermənistan tərəfinin müəyyən Qərbi dövlətlərdən aldığı təlimatlar onun bu prosesdə sabotajçı kimi fəaliyyət göstərməsinə gətirib çıxardır".

Politoloq sözlərinə davam edərək həmçinin qeyd edib ki, Qərbin maraqlarını təmin etməklə bir növ Qarabağın statusunu qaldırmaq və Minsk qrupunun növbəti mərhələdə danışıqlar masasına gətirmək kimi problemləri yaratmağa çalışır ki, nə isə əldə etsin: “Amma Ermənistanın bu cəhdləri uğursuz olacaq. Azərbaycan konkret olaraq yeni layihələr, yeni işlər qoyur. Azərbaycan daima sülhün və sabitliyin tərəfindəndir. Amma digər tərəfdən Ermənistanın Azərbaycanın sülh çağırışlarına qarşı atəşlə cavab verməsi əlbəttə ki, bu Ermənistanın siyasətinə bir o qədər bağlı məsələ deyil. Əlbəttə ki, Qərbin, xüsusilə də ABŞ və Fransa Ermənistanın əli ilə regionda pozucu fəaliyyəti stimullaşdırmalıdır. Təbii ki, Ermənistan da buna alət olur və baş verənlər də Ermənistanın əleyhinə işləyəcəkdir”.

Arzu Qurbanzadə