Toylarımız: Milli dəyərlərimizi niyə itiririk? – ANALİZ

28 İyul 2021 15:56 (UTC+04:00)

Hər bir cəmiyyət, hər bir xalq özünün mənəvi dəyərləri ilə fərqlənir, bir cəmiyyətin normal hesab etdiyi dəyərlər başqa bir cəmiyyətə bayağı gələ bilər. Eləcə də toy mədəniyyəti. Hər toy özündə mənsub olduğu xalqın dəyərlərini, adət-ənənələrini əks etdirir. Son vaxtlar qloballaşma və inteqrasiya prosesləri əksər ölkələrdə toyları standart formaya gətirib çıxarır. O cümlədən bizdə. Lakin bizim cəmiyyətdə bayağı yamsılamaq əsas tutulur, toyun əsas mahiyyəti kənarda qalır.

Hoqqabazlıq vacibdirmi?

Sosial şəbəkələrdə tez-tez paylaşılan milli toylarımızdan video və fotokadrların bəzisi ürəkaçan olsa da, çoxusu utandıran, xəcalət hissi verən tipdəndir. Belə çarxların çoxu milli toylarda tətbiq edilən yad adətlərin bayağı halda icra edilməsidir. Məsələn, uzun illərdir paylaşılan və rekord sayda izlənən bir videoepizodda gənc cütlüyün tort kəsməsi və şampan şərabı içməsi əks olunub. Gənclər ətrafdakıların təkidi ilə uzun müddət qarışıqlıq yaşadıqdan sonra axır ki, qollarını çarpazlaşdırıb şərablarını içirlər.

Əvvəla, bu hoqqabazlıq nəyə lazımdır, bunu anlamaq olmur. Qərb mədəniyyətinə görə, yeni tanış olanlar dostluğun təməlini qoymaq istərlərsə, qollarını bir-birinə keçirib içki içirlər. Toylarımızda tətbiq edilən digər yabancı adətlər bir yana, bunu da təqlid etməyimiz şərtdir? Sadəcə, içmək yetərli deyilmi? Üstəlik, bu, mütləq spirtli içkimi olmalıdır, gəlin və bəy birgə həyatlarının ilk günündə, elə ilk anındaca spirtli içki içmək məcburiyyətindədirlərmi?

Vağzalı əvəzinə Mendelson marşı

Toyun başlanmasından bir qədər sonra, gəlin və bəyin toy evinə girişi məlum musiqinin sədaları altında baş verir. Bəli, bu, bizim milli mahnımızdır- Vağzalı. Vağzalının el arasında başqa bir adı da var- “gəlin havası”.

Əvvəllər Azərbaycan toylarının bir qayda olaraq gəlin havası olan “Vağzalı” əvəzinə indi bəzi toylarda “Mendelson marşı” eşidilir. Bizim “Vağzalı” ilə eyni təyinatlı olan bu marş olduqca gözəl marşdır. Amma onun yaxşı olması bizim toylarımızda tətbiq edilməsinin vacib olması demək deyil. Bizin öz gəlin mahnımız olduğu halda, əcnəbi cəmiyyətlərin mahnılarına nə gərək var? Bununla heç də müasir görünmürük, əksinə öz mədəniyyətinə hörmət qoymayan, yad mədəniyyəti bayağı yamsılayan adam kimi görünürük.

Toy mahnıları necə seçilir?

Toy salonuna girən cütlük ilk rəqslərini edirlər. Bəyin və gəlinin fikri soruşulmamış toy ansamblı xarici və ya yerli astagəl çalırlar ki, əksəriyyəti bunlar olur: “İkimizdə bir ürək var”, “Sən gəlməz oldun”, “Sevəcəyəm”, “İlanı-aşk”. Bu mahnılar toylarımızın ən dəbdə olan “medlenni”ləridir. Siyahını xeyli uzatmaq olar, bura rus estradasının həzin və “astagəl” mahnıları da daxildir.

İlk rəqslərini, adətən, xarici musiqiyə oynayan bəy və gəlin birgə həyatlarının ilk rəqsini beləcə başa vururlar. Toy boyu milli musiqilər səsləndiriləcək, amma bunların çoxu millilikdən çıxıb “bazar musiqisi”nə çevrilir. Təəssüflər olsun ki, indi toylarımızın repertuarında olan mahnılar televiziya efirinə, radiolara belə buraxılmayan, səsləndirilməyən tipdən ara mahnılarıdır. Gözəl xalq mahnılarımıza, yüksək səviyyəli milli estradamıza çox az yer verilir.

Bəy-gəlin rəqsi necə olmalıdır?

Yenə internetdə gördüyüm bir video gəldi ağlıma. Toyun ən qızğın yerində bəy və gəlin oynamaq istədiklərini deyirlər. Gözəl bir milli musiqi istəyirlər və ürəklə oynayırlar. O səhnə o qədər gözəl, təbii idi ki, insan baxmağa doymurdu. Aydın görünürdü ki, onlar buna əvvəlcədən hazırlaşıblar. Bunun üçün rəqs müəlliminə ehtiyac olub və onlar tənbəllik etməyib rəqsi xırdalığına qədər öyrəniblər.

Həmin video çarxa rəy bildirənlər bunun üçün bəy və gəlinin rəqs müəlliminə “xeyli” pul ödədiyini yazıblar. Amma sirr deyil ki, heç bir rəqs müəllimi adi bir müğənninin bir saatlıq oxumasına görə aldığı puldan çox ala bilməz. Əgər lovğalıq olsun deyə toyumuza şou-biznesin ən tanınmış simalarını, bəzən də xarici ulduzları dəvət ediriksə, onlara verdiyimiz pul da az olmur.

Məşhurların toyda bir saat oxumağının müqabilində aldığı pulun miqdarını da çoxumuz bilirik. Bəs niyə bu müğənniyə verdiyimiz pulun cüzi bir hissəsini müəllimə verib rəqs etmək öyrənən cütlüyə irad bildiririk? Alqışlanmalı yerdə dodaq büzürük.

Xoşbəxtliyə niyə qan üzərindən adlayırıq?

Azərbaycanda toyların bir adəti də var. Bəy və gəlinin ayağının altında qoç qurban kəsirlər. Bilmirəm bu adət bizimdir ya yox, bəlkə də çoxdan icra edildiyi üçün bizimki sayılır, amma onu normal adət hesab etmirəm. Qan tökmək bütün hallarda normal qəbul edilmir, o ki qaldı iki gəncin birgə həyatının təməli qoyulduğu gün olsun. Bəy və gəlin bu gün xoşbəxt gələcək üçün yola çıxırlar, bir canlının öldürülüb qanının axıdılması, hələ üstəlik, onun qanının gənclərin alnına yaxılması xoşbəxt gələcəyə təminat verə bilərmi?

İnsan olsun, heyvan olsun, ikisi də can daşıyır, insan heyvandan güclüdür deyə onu yerə yıxıb kəsmək, yeni evlənən cütlüyün birgə həyatlarının ilk gününü qana boyamaq haqqına sahib deyil. Qan üzərindən keçib xoşbəxtliyə getmək doğru olmazdı.

Milli musiqi yerinə əcaib diskoteka mahnıları

Milli toylarımızın hər gün bir az da dərinləşən problemlərindən biri də toyun sonuna doğru “diskoteka” yaranmasıdır. Əcaib musiqilərin müşayiəti ilə əl-qolunu əcaib bir şəkildə oynadan, atılıb-düşən gənclərin bundan həzz alması ətrafdakılara, xüsusən də toyun ahıl qonaqlarına xoş gəlmir. Bu səbəbdəndir ki, toy sahibi gənclərin “diskoteka” istəyini toyun qurtarmasına yarım saat qalmış reallaşdırmağa izin verir. Bu zaman toyda demək olar ki, qonaq qalmır.

Gecə əyləncəsinin işçtirakçıları gənclər olur. Rep, rok, pip-pap, caz, estrada və bu tip musiqilərin bir-birinə calaq edilib çalınmasından çılğıncasına zövq alan gənclər toyun “ləzzətini” bunda görürlər.

Gəlin geyimi: qırmızı ağa niyə keçdik?

Gəlin üçün xüsusi paltar qədimlərdən olub. Amma keçmişdə gəlinliklər indiki kimi olmayıb. Qeyd edək ki, qədim adətlərimizə görə, gəlin yalnız qırmızı geydirilməli idi. Qırmızı sevginin, həyati enerjinin, gözəlliyin rəmizidir.

Avropaya inteqrasiya burda da özünü göstərdi, milli gəlin geyimi yadlaşdı, indi bir qayda olaraq bütün gəlinlər toyunda ağ gəlinliyə üstünlük verirlər.

İlk dəfə XVI əsrdə kraliça Viktoriyanın geydiyi gəlinlik ağ rəngdə idi və o zamandan bütün dünyada gəlinliklər ağ rəngdədir. Bu ənənəni yalnız Hindistan rədd etdi və özünün qədim adətlərinə görə bu ölkədə gəlinlər qırmızı gəlin paltarı geyir.

Zaman vardı Avropa hər məsələdə şərqdən “oğurluq” edirdi. Mədəniyyətlər beşiyi olan Azərbaycanın mənəvi sərvəti onlar üçün ölçüsüz və qiymətsiz xəzinə idi. İçimizdəki təqlidçilik ruhu öz dəyərlərimizdən könüllü imtinaya və öz milli dəyərlərimizi yad dəyərlərlə əvəz etməyimizə səbəb oldu. Qırılma bizim nəslin dövründə baş verdi. Ata və babarımızın, ana və nənələrimizin min illərin sınağından çıxarıb, yaşadıb, qoruyub bizə çatdırdığı dəyərlərimizi, ənənələrimizi, biz növbəti nəslə ötürə bilmədik. Təəssüf...

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb.