Koronavirusdan daha təhlükəli olan elektronlaşma - ARAŞDIRMA

28 İyul 2021 15:57 (UTC+04:00)

Elektron cihazların insan həyatında tutduğu yer hər gün daha da genişlənir. Son zamanlar təhsil, tədris kimi sahələri də təmin edən elektron cihazlar, artıq aşağı yaş qruplarından olan uşaqlarla daha yaxın bir təmas içərisindədir. Acınacaqlısı budur ki, təhsil üzrə mütəxəssislər onlayn tədrisin inkişafından fəxr edərək danışır və onun zərərlərini göz ardı edirlər. Eyni zamanda karantin müddətində minlərlə adam onlayn işləmək məcuriyyətində qalır. Bəşəriyyət qərar verə bilmir ki, hansı daha təhlükəlidir?

Bəs sizcə, koronavirus yoxsa elektronlaşma insanlara daha çox zərər verir?

Mobil telefonların texniki imkanları getdikcə artır və onlardan gündəlik həyatımızda daha çox istifadə edirik. Müasir telefonlar həm fotoaparatı əvəz edir, həm sosial şəbəkələr üçün istifadə edirik, həm oyun oynayırıq, həm danışırıq. Yəni istər-istəməz günün xeyli hissəsi mobil telefonlar əlimizdən düşmür. Mobil telefondan istifadəni minimuma endirməyə çalışanlar da var, gecə-gündüz bağlısı olanlar da. Halbuki mobil telefonların insan orqanizminə zərərləri saymaqla bitmir.

Həm də psixoloji cəhətdən insanları daha qayğısız və aqressiv edən elektron cihazlar, bir çox həyatı korlamaqda davam edir. Belə ki, bir çox abituryent video oyunlara qurşanaraq universitetə daxil olmaq şansını qaçırır. Ən yaxşı halda isə universitetə daxil olsa da öz gəncliyinin ən gözəl illərini hər hansısa cihazla baş-başa keçirir. Bu nəinki həmin gəncin sağlamlığını itirməsi, həm də öz gəncliyini itirməsidir.

Dünyada baş verən proseslər isə maksimum sürətlə elektronlaşmağa davam edir. Mütaliə elektron vəsaitlərə köçürülür və buna müasir dünyanın tələbləri ilə ayaqlaşma adı verilir. Nəticədə mütaliəçilər kitab səhifələrinin qoxusunu almadan, onu öz rəfində saxlamadan kitab oxuya bilirlər. Bu tip insanlara kitab almaq artıq əlavə xərc kimi görünür. Beləliklə yazarların da maliyyə problemləri yarandığı üçün, onlar da elektron kitabxanaların tərəfdarı olurlar. Beləliklə bu dünyanın insanı öz həyat tərzini dəyişərək getdikcə daha zərərli vərdişləri sahiblənir.

Maraqlısı budur ki, bir çox insan da bu prosesi tənqid etmir, hətta müasirləşmək adı verərək kifayət qədər normal yanaşır. Halbuki insanlar daima mühafizəkar yanaşmağı bacarmalıdır. Belə ki, hər hansısa mühafizəkar yanaşma bizi məcbur edəcək ki, öz həyat tərzimi qoruyaq və əgər bir dəyişiklik olacaqsa bunu kifayət qədər yavaş sürətlə edək. Beləliklə biz bu dəyişikliklər barədə daha az yan təsirlərlə qarşılaşarıq və bu dəyişiklikləri düşünmək üçün vaxt udarıq. Digər hallarda isə tələsənin təndirə düşdüyünü hamımız çox əla bilirik. Hər hansısa mənfəətlər üçün insanları tələsdirmək lazım deyil.

Mobil telefonla çox danışmaq eşitmə sinirlərini korlayır. Saatlarla oyun oynamaq gözdə qızartılar yaradır. Mobil telefonda oyun oynayanların gözündə quruluq əmələ gəlir. Telefonu söndürükdən sonra da radioaktiv təsirləri qalır. Diqqət dağınıqlığına səbəb olur. Beyində şişlərin inkişafı riskini artırır. Mobil telefonlar hamiləlik vaxtı körpəyə çox pis təsir edir. Bədəni şüalanmaya məruz qoyur, təhlükəli şüa saçır. Yaddaşı zəiflədir, aludəçilik yaradır, görməni zəiflədir, baş ağrılarına səbəb olur. Əsəb sistemini oyadır, insanlar bu cihazlara öyrəşdiyindən telefondan uzaq qaldıqda insanlar narahat və aqressiv olur. Nevroz xəstəliyi yaradır, yuxusuzluğa səbəb olur. Kişilərdə sonsuzluq yaratdığı bildirilir, hüceyrələrdə genetik dəyişikliklərə səbəb olur. Azyaşlılarda xərçəng yaranma ehtimalı ikiqat artıqdır. Mobil telefonla çox danışanda beyin hüceyrələrinin bir qismi ölür. Mobil telefon dalğaları qan hüceyrələrinə mənfi təsir edir. Mobil telefonlar hətta saç köklərinə də pis təsir göstərir. Elektronik cihazlarda çox oyun oynayan insanların boynunda və belində müəyyən müddətdən sonra ağrılar əmələ gəlir. Qamətin, belin əyilməsinə səbəb olur. Sizi sosial həyatınızdan uzaqlaşdırır.

Bu əşyaların səhhətimiz üçün nə dərəcədə təhlükəli olduğunu bilmədiyimizdən biz onları nəinki atmırıq, əksinə, sıralarına yenilərini də əlavə edirik. Ən dəhşətlisi də odur ki, bir çox hallarda ömrünü tamamlamış bu əşyalar ailələrdə uşaq oyuncağı kimi istifadə edilir. Xüsusən də, mobil telefonlar. Böyüklər həmin telefonları uşaqlara verib "alo, alo" deməyi öyrədirlər və s. Valideynlər bu əşyaların uşaqlar üçün nə dərəcədə təhlükəli olduğunu bilsəydilər, yəqin ki, bu addımı atmazdılar.

Belə ki, telefonlar və digər elektron cihazlar tamamilə sıradan çıxdıqdan sonra belə zərərlidir. Buna zərərdən çox zəhər də demək olar. köhnə kompyuterlər, cib telefonları, ömrünü tamamlamış televizorlar, soyuducular kanserogen maddələr yayırlar. Kanserogen maddələr isə bilindiyi kimi, şiş xəstəliklərinin, xərçəngin yaranmasında əsas səbəblərdən biri hesab olunur. Araşdırmalar göstərir ki, qidalar kanserogen maddələrin təsirinə məruz qaldığı zaman qida borusunun, mədənin, bağırsağın selikli qişalarına təmas nəticəsində orqanlarda xərçəng şişləri yaranır.

Araşdırmalara görə, köhnə elektron əşyaların içindəki maddə və metallar sanki zəhər saçır. Məsələn, xarab televizorların və batareyaların tərkibində qurğuşun var. Qurğuşun isə uşaqlarda beyin inkişafı pozğunluğuna səbəb olur. Monitorların tərkibində isə qurğuşunla yanaşı, barium, fosfor kimi ağır metal və maddələr var. Monitorlar partladığı zaman nəinki orqanizmə, ətrafa, hətta yeraltı sulara belə zərər verə bilir. Ölkəmizdə köhnə elektron əşyaların toplama məntəqəsi yoxdur. Odur ki, bu əşyaları evindən kənarlaşdırmaq istəyənlər onları zibilliyə atmaq məcburiyyətindədirlər. Onların zibillikdən sonrakı taleyi isə qalır tullantıların vahid idarəedilməsi ilə məşğul olan "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin ümidinə.

Dünya nümunəsinə nəzər salarsaq köhnə elektron cihazların fərqli üsullarla təhvil alındığının şahidi olarsınız. Məsələn bir çox qərb ölkəsində, Türkiyədə bu cür cihazlar alış-veriş mərkəzlərindən, marketlərdən toplanır və zərərsizləşdirilir. Hətta bu mərhələdən sonra onların yenidən emalı da mümkün olur. Belə olduqda həm ölkə iqtisadiyyatı qazanır həm də daha sağlam ətraf mühitin təminatı olur. Yəqin ki, yüksək dərəcədə dəqiqliklə düşünülmüş bu prosesin ölkəmizdə də olmasını çoxumuz istərdik. Belə bir proyektin işləməsi üçün yük hamımızın üstünə düşür. Biz bu məsələləri daima aktuallaşdırmalıyıq və bu işlə məşğul olacaq qurumlara öz təmənnasız yardımımızı göstərməyə hər an hazır olmalıyıq. Belə bir vətəni təmiz saxlamaq üçün cəhdlərimizi əsirgəməməliyik.