“Putinin problemlər yaşadığını bilirik" - CO BAYDEN

28 İyul 2021 12:46 (UTC+04:00)

ABŞ Prezidenti Co Bayden, Rusiya dövlət başçısı Vladimir Putinin nüvə silahı və neft gəlirlərindən başqa heç nəyi olmayan bir iqtisadiyyata sahib olduğunu və "Onun həqiqətən böyük problemləri olduğunu" söylədi. Belə güman edilir ki, bu faktların ortaya çıxarılması Rusiyanı daha mülayim xarici siyasət yürütməyə məcbur edəcək. Belə ki, bu cümlələr fakt olmaqla yanaşı həm də təhdid ünsürüdür. Digər tərəfdən isə Rusiyanın bu məsələyə qarşı cavabı da gözlənilir.

Vaşinqtondakı Milli Kəşfiyyat İdarəsinə səfəri zamanı Bayden ABŞ-ın təhlükəsizlik siyasətləri, xüsusən də Rusiya və Çin ilə münasibətlər barədə ətraflı çıxış edib. Belə ki, Baydenin də dediyi kimi Amerikaya gələ biləcək kiber hücum yalnız bu iki ölkədən ola bilər. Qeyd edək ki, sonuncu dəfə Amerikaya yönəlmiş kiber hücum seçkilərin keçirilməsinə müəyyən qədər təsir etmişdi. Bu kiber hücumu heç kim qəbul etməsə də Rusiyanın bu işdə əli olduğu düşünülürdü.

Bayden, prezident seçildiyi gündən bəri, sələfi Donald Trampdan fərqli olaraq Rusiya ilə münasibətlərdə daha sərt bir mövqe tutur. Biden və Putin 16 iyunda Cenevrədə bir zirvədə də görüşmüşdülər. Bu görüşdə də iki ölkə arasındaki məsələlərin gərginləşəcəyi bəlli idi.

Bayden, Vaşinqtondakı çıxışında da kiber təhlükəsizliklə bağlı geniş açıqlamalar verib. Bayden, ABŞ-a qarşı hər hansısa bir kiber hücumun "həqiqi bir müharibəyə çevrilə biləcəyini" xəbərdarlıq edib. "Böyük bir güclə müharibəyə girəcəyik, mən real silahlardan istifadə edilən bir müharibə nəzərdə tuturam. Düşünürəm ki, çox böyük nəticələrə səbəb olacaq kiber hücumun baş verməsi ehtimalı hər zamankindən daha yüksəkdir".

Bayden rəhbərliyi, ABŞ-da, başda enerji olmaqla bəzi infrastruktur şirkətlərinə edilən hücumlardan sonra kiber təhlükəsizliyi prioritetləri sırasına daxil edib. Belə ki, bu hücumlarda ən çox günahlandırılan tərəflərdən biri də Çin idi.

Əvəzində isə Çinin xarici işlər nazirliyinin sözçüsü Honq Lei Çinin ən çox kiber hücumlara məruz qalan ölkə olduğunu deyib. O, Çinə edilən kiber hücumların ən çox Amerikadan reallaşdığını açıqlayıb. Honq Lei Amerikanı Çini ittiham etməməyə çağırırıb. Qeyd edək ki, bir müddət öncə ABŞ Milli Təhlükəsizlik Agentliyinin direktoru Maykl Rokers açıqlamasında Çin hakerlərinin ölkənin informasiya strukturlarına hücum edəcəyini və onları sıradan çıxara biləcəklərini bildirmişdi.

Digər tərəfdən isə İran da tez-tez kiber hücumları ilə yadda qalır. Onlar dövlət strukturlarından başqa hətta əczaçılıqla məşğul olan şirkətlərə də belə hücumlar təşkil edirlər. Amerika Birləşmiş Ştatlarının kiber təhlükəsizlik sahəsində ixtisaslaşmış şirkəti olan "Rekorded Future"nin strateji təhdid inkişafı şöbəsinin rəhbəri Prisila Moruiçi məsələ ilə əlaqəli bildirib ki, sözügedən dərman şirkətinin icraçı direktorunun şəxsi məlumatların oğurlamaq üçün həyata keçirilmiş hücum İrana məxsus "Charming Kitten" adlı haker qrupunun hücumları ilə eyni qaydada həyata keçirilib.

Bayden və Putin arasındakı zirvə görüşündən sonra, ABŞ-ı hədəf alan kiber hücumlarla əlaqədar iki tərəf arasında müntəzəm təmasların da qurulduğu açıqlanıb. Bu tip görüşlərin böyük ehtimalla əsaslı fayda verməyəcəyini bilirik. Belə olan halda ABŞ-ın məqsədinin sadəcə Rusiyanın beynəlxalq nüfuzuna xələl yetirmək olduğunu düşünmək olar. Digər tərəfdən biz Baydenin cümləsinə yenidən nəzər yetirməliyik. “Putinin problemlər yaşadığını bilirik və bu onu daha da təhlükəli edir” cümləsində Bayden demək istəyir ki, Rusiyanın aqressiv imperializmə xas siyasət yürütməsi gücə yox, Rusiyanın problemlərinə əsaslanır. Belə ki, Rusiya öz zəif cəhətlərini ört basdır etmək üçün suyu bulandırmağı seçir.