İnsanlar şortikdə və səndəldə restoranlara buraxılmalıdır? - EKSPERT VƏ SOSİOLOQ DANIŞDI

28 İyul 2021 12:15 (UTC+04:00)

“Son vaxtlar Azərbaycanda müxtəlif məkanlarda qeyri-adi qadağaların şahidi oluruq. Bunlardan biri də kişilərin restoranlara şortik və sandalet geyinib gəlməsi qadağasıdır. Bu insan hüquqlarının pozulmasıdır. Bizim ölkədə belə bir normativ akt yoxdur. Doğrudur, geyimlə bağlı müəyyən normalar var ki, bunlar dövlət qurumlərı və təhsil müəssisələrinə aiddir”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, bir ara Bakının bir çox universitetləri və Lahıc kəndində də bu tipli qadağalar var idi: “Bu hallar xarici və daxili turizmin zəifləməsinə, turistlərin həmin məkanlardan çıxıb getməsinə səbəb olur. Xüsusən də, səyahətə çıxan turistlər sərbəst və rahat geyim xoşlayırlar. Həmçinin, geyim qadağası universitetlərin bütün dünyada olan nüfuzuna mənfi təsir etdi. Universitet paltar göstərmək və dəb nümayiş etdirmək üçün olan bir məkan deyil, beyin işlətmək üçün olan ali təhsil ocağıdır. Bu qadağalar xaricilər tərəfindən gülüş obyektinə çevrildi. Çünki, qlobal istiləşmə dövründə yaşayırıq və 35-40 dərəcə istidə insanlardan pencək tələb etmək çox absurddur. Dünyanın ən mühafizəkar ölkəsi Yaponiyadır ki, onlar qlobal iqlim dəyişkənliyinə görə qalstukdan imtina ediblər. Lakin, onlarda da ofislərdə və məkanlarda kondisioner işləmir. Azərbaycanda elektrik enerjisinin qiyməti aşağıdır deyə, böyük kondisionerlərdən istifadə edirlər”.

Aydın Xan Əbilov sözlərinə belə davam edib: “Azərbaycan sivil və inkişaf etmiş bir ölkədir. Burada dünyada olan bütün formatlardan istifadə etmək olar. Geyim barədə əsasən də, restoranlara gedən qadınlardan xeyli şikayət olur. Qadınların həddindən artıq açıq geyinmələri ətrafdakı insanların sinirlərinə toxunur. Ailəlikcə gələn şəxslərin uşaqları və ailə üzvləri rahat şəkildə oturub istirahət edə bilmirlər. Bütün bunları nəzərə almaq lazımdır. İnsan restorana yerə gedən zaman nəzərə almalıdır ki, ictimai yerə gedir və orada hər cür insan ola bilər”.

“Necə olur ki, cəmiyyətimiz ərəbə oxşayan çadralı geyimdə olan kişiləri normal qəbul edir, amma liberal baxışlı gənclərə qarşı belə sərt münasibət sərgələyir?! O zaman biz də müsəlman ölkəsi olaraq insanların bir çox hüquqlarını əllərindən alaq?!”.

“Düşünürəm ki, bu tip qadağalar qoyan restoranlardan insanlar imtina etsin. Onlar kütləvi şəkildə bu cür restoranlara yox desinlər. Lazım gələrsə də, şortik geyinib həmin restoranların qarşısında etirazlarını bildirsinlər. Ya restoran sırf yazmalıdır ki, İslami qayda-qanunla fəaliyyət göstərir, ya da ki, belə inanclıdırlarsa gedib məscidlərdə ehsan versinlər. Bu məsələlərə ciddi yanaşmaq lazımdır. Biz belə qadağalarla nəinki daxili turizmi, həm də xaricdən gələnləri itirmiş oluruq. Bu da iqtisadiyyatımıza böyük bir zərbədir. Çünki, bildiyimiz kimi 21-ci əsrdə işsizlik baş alıb gedir. İndi əyləncə və xidmət sahisə daha çox inkişaf edir. Bunun da qarşısında belə qadağalar qoymaqla bu sektoru iflasa uğradarıq. Düşünürəm ki, insanların geyim azadlıqlarını pozan insanlar dövlət tərəfindən cəzalandırılmalıdır”.

Məsələ ilə bağlı sosioloq Lalə məhralı da münasibət bildirib: “Bəzi dövlət orqanlarına, ciddi idarə müəssiələrinə açıq-saçıq geyimlə daxil olmağın qadağan edildiyi məlumdur. Nəzərə alsaq ki, kişilər qadınlar kimi, ətə yapışan, əzaları hiss etdirən və qısa şort geyinmirlər, ona görə bu qərar çox absurddur. Çünki, hər kəs geyimində sərbəstdir. Bir məsəl var ki, “insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar”.

Lalə Mehralı fikirlərini belə ifadə edib: “Restoran ciddi məkan və ya dövlət müəssisəsi deyil. Oraya insanlar sərbəst ola bilmək üçün gedirlər. Əgər elə yerdə sərbəstlikləri əllərindən alınırsa, insanlar oranı tezliklə boykot edəcək. Bəzi etik çərçivələr var ki, insan ona əməl etməlidir. Məsələn, hər hansı bir ziyafət məclisinə şortla getmək etik deyil. Nahar etmək üçün gedəcəyin restoranda isə geyim qadağası ilə üzləşmək çox absurddur. Bu qadağanın yalnız kişilərə aid olması isə gender bərabərliyinin pozulması deməkdir”

Ayşən Vəli