İnsanları balıq kimi ovlamaq sənəti - KÖŞƏ YAZISI

27 İyul 2021 16:56 (UTC+04:00)

İllərdir hadisələri həqiqətləri ilə deyil, anlamaq istədiyimiz kimi qəbul edirik. Bu baxımdan "Manipulyasiya, bəs necə?" kitabının müəllifi olan jurnalist Jozef Kirschner nəzərə alınmalı olan məqamlar barədə çox yaxşı məsləhətlər verir. Niyə bir balıqçı qarmağın ucuna yem kimi tort qoymur?

Heç bir balıqçı, özü tort sevdiyinə görə, balıq tutarkən qarmağın ucuna bir tort taxmaz. Bunun əvəzinə digər kiçik balıqları və ya soxulcanları istifadə edir. Bəzən də saxta soxulcan və ya digər suni yemlərdən istifadə edirlər. Çünki balıq saxta və əsl yemi bir-birindən ayıra bilmir. Deməli ov üçün düşündüyümüz məqamlar ovumuzun ölçüsü, şüuru və zövqləri olmalıdır. Bu üç məqam müəyyən mənada insanlar üzərində də keçərlidir.

Siz qəbul etməsəniz də dəfələrlə balıq kimi ovlanmısınız. Bəlkə də sizi ovlamaq balıq ovu qədər asan olmayacaq, lakin nəticə həmişə eynidir. Yəni ov olmaq, elə ov olmaqdır. Bu sizi balıqlarla eyni sinifə daxil edir.

İllər əvvəl dəbdəbəli şəkildə geyinmiş bir neçə adam Avstraliyanın Tirol dağlarındakı kiçik bir kəndə gəlir. Onların altında Amerika istehsalı limuzinləri var idi və sadəcə elektronik əşya satmaqla məşğul idilər. Getdikləri hər yerdə soyuducu, radio, televizor və mətbəx texnikası satış müqavilələri imzalayırdılar. Bu müqavilələri imzalayan kəndlilər, nəhayət, dünyanın hər yerində olduğu kimi onların da həyatı asanlaşdıran alətlərə sahib ola bildiklərindən məmnun idilər.

Onlar doğrudan da vəd etdikləri malları kəndlilərə çatdırırdılar. Yalnız işin pis tərəfi bu idi ki, kənddə elektrik enerjisi yox idi və kəndin nə vaxt elektriklə təmin olunacağı da bəlli deyildi. Beləliklə zərər görən kəndlilərdən bəziləri sonrakı ayların kreditlərini ödəməkdən imtina etdilər.

Səbəb kimi aldandıqlarını və elektronik əşya satıcılarının fırıldaqçı olduğunu iddia etdilər. Bu etirazlar nəticə vermədi. Çünki məhkəmə alıcının qanuni olaraq imzaladığı müqavilə şərtlərini yerinə yetirməyin məcburi olduğuna qərar vermişdi. Əlbətdə ki, bu müqavilələrdə yalnız elektrik enerjisi olduqda bu cihazların istifadə edə biləcəyinə dair bir kəlmə də yox idi.

Xülasə, geyimləri və davranışları ilə ciddi iş adamı kimi görünən bu insanlar, hiyləgər planları ilə kəndlilərin gözlədikləri elektrik enerjisinin tezliklə gələcəyinə dair təəssurat yaratmışdılar. Beləliklə onlar elektriklə təchiz olunmamış kəndə öz elektrikli mallarını satan fırıldaqçılar idi.

Kəndlilər isə uzun illər elektrik enerjisinin gəlməsini gözlədikləri üçün bu mövzuda hər şeyə inanmağa hazır vəziyyətdə idi. Buna görə də qarşısındakı fırıldaçıları görəndə zərrə qədər də şübhə etmirdilər. Xüsusilə qonşularının da bu alətlərdən aldıqlarını söylədikdə, kəndlilər heç düşünmədən müqavilələri imzalayırdılar. Belə olan halda, mallarını satmağa gələn bu adamları satıcı kimi deyil, onlara daha yaxşı bir gələcək vəd edən müqəddəs insanlar kimi qəbul edirdilər. Hətta zəhmət çəkib bu kəndə gəldiklərinə görə onlara qarşı minnətdarlıq hiss edirdilər.

Gəlin başqa bir ehtimalı nəzərdən keçirək.

Digər satıcı motosikleti ilə bu kəndə gəlib və onlara desə ki, : “Dostlar, hamımız bilirik ki, kəndinizə elektrik enerjisi çəkilməsi üçün illərlə gözləmək lazımdır. Ancaq mən sizə soyuducu, televizor və elektrikli cihazları gətirmişəm. Bunları almasanız, iflas edərəm və ailəm ac qalar” desəydi, kəndlilərin ondan nəsə alacağına inanardınız?

Əksinə, hər kəs onu lağa qoyar və illərdir elektrik enerjisi olmayan bir yerdə onlara elektrikli cihazları satmaq istəyən bu adamın axmaqlığından danışardı. Bəs motosikletlə gələn satıcı ilə limuzindən düşən ciddi görünüşlü satıcılar arasındakı fərq haradadır?

Əslində, hər iki tərəf eyni malları eyni şərtlərdə satmaq istəyir. Ancaq buradakı fərq malların qablaşdırılmasında gizlidir. Limuzinli satıcılar qarmaqlarına gözəl və iştahaaçan yemlər taxdılar, motosikletli satıcı isə kəndliləri boş bir qarmaqla ovlamağa çalışdı.

Düşünürəm ki, bir çoxunuz kəndlilərin başına gələn bu hadisəyə güldünüz və heç vaxt belə bir səhv etməyəcəyinizi düşünürsünüz. Məncə heç gülməyin və bilin ki, sizinlə də eyni şey nə vaxtsa olub, yenə də olacaq. Ömrümüz boyu bu cür ovlanmaqdan çəkinə bilməyəcəksiniz. Bu hekayələrdə olduğu kimi manipulyasiya gözəl bir qablaşdırma üsuludur. İnsanlar paketin əzəmətindən içindəki həqiqəti qaçıra bilərlər. Bizə ümid satılır, duyğu satılır, xəyallar satılır. Bunun üçün qablaşdırmanın əzəmətinə qapılmadan paketi açmağa çalışmalısınız.