24 iyul tarixindən etibarən keçirilən 32-ci Tokio Yay Olimpiya Oyunları başlayıb. 9 avqusta qədər davam edəcək Olimpiyada da, ölkəmiz 44 idmançı ilə təmsil olunur. 2020 ci ildə keçirilməsi nəzərdə tutulan Yay Olimpiya Oyunları koronavirus pandemiyası səbəbindən bu il keçirilir. Olimpiyada da Milli Komandamızın hal-hazırkı nəticələri qənaət bəxş deyil. SİA həm oyunlarla bağlı, həm də komandamızın nəticələri ilə bağlı tanınmış idmançılardan sorğu edib.
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli: “Tokio-2020-də Milli Komandamızın çıxışları o qədər də ürək açan deyil. Amma yarışlar hələ davam edir və digər idman növlərində də idmançılarımız çıxış edəcək. Onu da deyə bilərəm ki ümidlərimizi öldürməməliyik. İnşallah uğurlu nəticələr əldə edəcəyik. Medal baxımından da inşallah yaxşı nəticələr göstərəcəyik. Digər ölkələrin komandaları ilə Milli komandamızın çıxışlarını mən müqayisə etməzdim. Bu idmandı - uğurlu nəticədə əldə edə bilərsən, uğursuz nəticədə. Biz bilirik ki, 2016-cı ildə Rio Olimpiyadasında cüdo idman növündə 2 gümüş medal qazanmışdıq, 2012 ci ildə London Olimpiyadasında 2 qızıl medal qazanmışıq. Olimpiyada hələ davam edir. Sona qədər idmançılarımızın yanında olmalıyıq və onlara dəstək olmalıyıq”.
Ümid klubunun rəhbəri, kiçik yeniyetmələrdən ibarət milli yığma komandanın baş məşqçisi, 2 qat Avropa Çempionu, Əməkdar idman ustası, 4-cü Dan Qara Kəmər sahibi İlkin Şahbazov: “Tokio-2020 Olimpiyadasında komandamızın çıxışı ilə bağlı onu deyə bilərəm ki, Tokio ilə bizim saat fərqimiz çoxdu. İdmançılarımızın adaptasiyası tam bərpa olmadı. Ən vacib, ən əsas və ən mühüm məsələ kimi Covid-19 virusunu da qeyd edə bilərəm. Pandemiya vaxtı qapanmalar çox uzun cəkdiyinə görə, idman zallarına icazə verilmədi, idmançılarımız məşqlərindən və yarışlarından qaldılar. Məcbur parklarda, həyətlərdə, küçələrdə məşq ediblər. Bütün idman heyyəti dəfələrlə müraciət etdi ki idman zallarına olan qapanmalar aradan götürülsün. Çox əfsuslar olsun ki, kafe, restoranlar işləyirdi amma zallara giriş bağlı idi. Bunun da nəticəsində uğursuzluğa düçar olduq”.
Azərbaycan Kyokuşin Karate Federasiyasının vitse-prezidenti, 6-cı dan qara kəmər ustası Allahverdi Rüstəmov: “Bugünkü gündə Tokio-2020 Olimpiyadasında komandamızın yaxşı nəticə verməməsinin səbəbi bir mənalı olaraq deyə bilərəm ki, pandemiyanın səbəbləridi. Çünki pandemiya dövründə idmançıların məşq etmə imkanları yox idi. Mən hesab edirəm ki, idmançılarımız vaxtı-vaxtında məşq prosesini davamlı etsəydi, yəni idmançılarımız üçün məşq etməyə imkan yaradılsa idi, o zaman yarışlarda uğurlu nəticə əldə edib xalqımızı sevindirərdilər. Mənim bu yarışlarda medal gözlədiyim idmançılarımızdan biri də bayraqdarımız Rüstəm Orucov idi. Bizim idmançımız Beynəlxalq Cüdo reytinqində 2-ci sırada idi. Mən şəxsən deyə bilərəm ki, Orucovdan medal gözləyirdim amma yenə deyirəm pandemiyanın yaratdığı fəsadların nəticəsində idmançımız uğursuz nəticə əldə etdi. Amma uğursuz nəticə əldə etsək belə xalqımız idmançılarımızın yanında olmalıdır”.
Ziya Hikmətoğlu