Amerika İraqdan da çıxır?

27 İyul 2021 12:23 (UTC+04:00)

Ağ Evdə İraq Baş naziri Mustafa Kazımi ilə görüşdükdən sonra ABŞ Prezidenti Co Bayden, ABŞ ordusunun döyüş qüvvələrinin ilin sonuna qədər İraqı tərk edəcəyini söyləyib. SİA-nın verdiyi məlumata görə, təlim və məsləhət dəstəyi verən qüvvələrin isə İraqda xidmətlərini davam etdirəcəkləri təsdiqlənib.

Hazırda 2500 ABŞ əsgəri İraqda İŞİD-ə qarşı döyüşən İraq ordusuna yardım edir. Döyüş qüvvələri geri çəkiləndə də bu rəqəmin dəyişəcəyi gözlənilmir. Ancaq bu açıqlamanın Kazımiyə İraqın daxili siyasətində güc verəcəyi və simvolik bir əhəmiyyəti olduğu düşünülür. Beləliklə ABŞ bir çox yerdən olduğu kimi burada da formal olaraq geri çəkilir.

ABŞ qoşunlarının İraqdakı mövcudluğu, 2003-cü il müdaxiləsindən bəri azalsa da, 2020-ci ilin yanvarında İran generalı Qasım Süleymaninin və İran tərəfindən dəstəklənən İraqlı şiə milis komandirinin öldürüldüyü gündən bəri ölkədə vəziyyət daha da gərginləşib. Qeyd edək ki, bu hadisə ABŞ-ın paytaxtı Bağdaddakı hava hücumları zamanı baş vermişdi.

İranın dəstəklədiyi siyasi partiyalar isə ABŞ hərbçilərini qatil adlandırır və onların İraqdan tamamilə geri çəkilməsini tələb edirlər. Digər tərəfdən, ABŞ, İranın dəstəklədiyi şiə milisləri İraqdakı ABŞ əsgərlərinə və onların bazalarına hücumlar təşkil etməkdə günahlandırır. Beləliklə anlamaq olar ki, bölgədəki iki tərəfdən biri ölkəni tamamilə tərk etməsə vəziyyət qəlizləşməkdə davam edəcək.

Baydenin bu açıqlaması ABŞ-ın keçmiş prezidenti Corc Buşun başlatdığı başqa bir müharibənin də bu il sona çatması deməkdir. Qeyd edək ki, Bayden, Əfqanıstandakı bütün ABŞ əsgərlərinin avqust ayının sonuna qədər geri çəkiləcəyini də açıqlamışdı.

Ağ Evdə İraq Baş naziri Kazımi ilə birgə mətbuat konfransında danışan Bayden, "Yeni bir mərhələyə qədəm qoysaq da, terrorizmlə mübarizədə əməkdaşlığımız davam edəcək" deyib.

Kazımi, "Bu gün iki ölkə arasındakı münasibətlər hər zamankından daha güclüdür" cavabını verdi və İraqda xarici bir hərbi qüvvəyə ehtiyac olmadığını təkid edən sözlərini təkrarladı: "Əməkdaşlığımız iqtisadiyyat, səhiyyə, təhsil, mədəniyyət və bir çox sahədə davam edəcək".

ABŞ-ın rəhbərlik etdiyi qüvvələr 2003-cü ildə Səddam Hüseyni devirmək və sonradan heç vaxt burada olmadığı ortaya çıxan kütləvi qırğın silahlarını tapmaq bəhanəsi ilə İraqa hücum etmişdi. O dövrdə ABŞ prezidenti olan Buş, müdaxilənin başlanğıcında "azad və dinc bir İraq" vəd etsə də, müdaxilədən sonra güclü bir mərkəzi hökumət qurula bilmədi və hələ də bitməyən qanlı bir müharibə başladı.

ABŞ döyüş qüvvələri 2011-ci ildə Barak Obamanın rəhbərliyi dövründə ölkədən çıxdı. Lakin 2014-cü ildə İŞİD ölkənin geniş ərazilərini ələ keçirərkən, İraq hökumətinin istəyi ilə ABŞ əsgərləri yenidən ölkəyə qayıtdı. İŞİD-in 2017-ci ilin sonunda məğlub olduğu açıqlansa da, ABŞ əsgərlərinin bir qismi, təşkilatın yenidən dirçəlməsinin qarşısını almaq üçün İraq ordusuna dəstək verərək bu ölkədə mövcudluğunu davam etdirirdi.

Bayden mətbuat konfransı zamanı: "İraqdakı rolumuz, İŞİD-in geri qayıdacağı təqdirdə mübarizədə İraqa kömək etmək və İraq ordusuna təlim, dəstək verməkdən ibarət olacaq" dedi. Eyni zamanda bildirib ki, "Bu ilin sonundan etibarən döyüş tapşırığımız olmayacaq".