"Azərbaycan türk ordu modelinə keçidə artıq başlayıb. Ştat və struktur dəyişiklikləri keçirilərkən ölkəmizin silahlı qüvvələrinə xidmət edən heyətin beynəlxalq təlimlərdə iştirakı da gözlənilən idi". Bunu SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, Gürcüstanda keçiriləcək “Agile Spirit 2021” (Çevik ruh) hərbi təlimlərində Azərbaycan iştirak edən 14 dövlətdən 12-i ilə bu və ya digər şəkildə hərbi əməkdaşlıq edir: "Hərbiçilərimizin bu təlimdə iştirakı onların beynəlxalq təcrübə əldə edilməsində mühüm rol oynayacaq. Xatırladıram ki, təlimlərdə Azərbaycandan başqa Türkiyə və Ukraniya kimi bizim strateji əməkdaşlıq etdiyimiz ölkələrin hərbi qulluqçuları da iştirak edir. Bu təlimlərin keçirilməsində məqsəd NATO-nun Qafqazlara artan diqqətini nümayiş etdirməkdir. Digər tərəfdən bu təlimlərlə ABŞ Gürcüstana verdiyi xüsusi dəstəyini Rusiyaya nümayiş etdirir. Ümumillikdə isə bu, NATO iştirakının regionda artacağının ilkin siqnallarıdır".