Elmdən qaçan Tanrıdan da qaçır - KÖŞƏ YAZISI

26 İyul 2021 15:36 (UTC+04:00)

Oxumaqdan qaçan insanlar hara üz tutur?

"Mütaliəyə sərf etdiyin vaxt və qüvvəyə heyifsilənmə artıqlaması ilə ödəniləcək. Bütün qüvvəni mütaliəyə sərf et" bu sözlər S.İ.Povarninin tətbiq etdiyi "Kitabı necə oxuyaq" qaydalarındandır. Yazılı mətnlər min illərdir ki, məlumat, fikir, elmin çatdırılmasının ən praktik yoludur. Lakin son zamanların virtual texnologiya erası bu gerçəkliyi dəyişdirib. Belə ki, insanlar “Xəmsə”ni oxumaq yerinə onun barəsində çəkilmiş filmlərə baxmağı seçirlər. Yəni yeni dünyanın praktik tələbləri insanları təmbəlləşdirir. Təmbəl insan isə yüzlərlə səhifə kitab oxumaq yerinə ikicə saatlıq filmə baxmağı seçir. Nəticədə heç vaxt əsl elmə yiyələnmir. Bunun yerinə sadəcə rejissorun fantaziyasına inanmağı seçir.

Kitab oxuyan adam isə cümlələrin məğzi ilə öz dərrakəsində fantaziya yaradır. Beləliklə həm öz ağlında ssenari quraraq öz dərrakəsini inkişaf etdirir, həm də üstün analiz qabiliyyəti yaradır. Belə bir vəziyyətdə isə düşünməkdə, analiz etməkdə çətinlik çəkən insanların sayı getdikcə artır. Bu isə diktatorların, ağıllı insanların ən böyük arzusudur. Düşünməyən insanların düşüncəsiz razılıqları onların ən xoşagələn arzularıdır. Bu diktatorlar isə sizin müdiriniz, dostunuz və ya ölkənizin başçısı ola bilər. Amma hər harda nə olursa-olsun sizi rahatlıqla idarə edə bilərlər. Bir sözlə sizi “Çaya susuz aparıb susuz gətirər”. Buna görə də azadlığınızı, mənliyinizi qorumaq üçün daima oxumaq, düşünmək və sorğulamaq lazımdır.

Mütaliəçilərin sayını artırmaq üçün biz bu işlə birbaşa məşğul olan bir qurum təşkil etməliyik. Mütailədə gənclərin aktivliyinin gündəlik şahidi oluruq. Əvvəllər ictimai nəqliyyatda kitab oxuyan görməzdiksə, amma indi xeyli adamın əlində kitab görürük. Bu, çox sevindirici haldır. Kitab özünüifadənin ən asan, ən kamil yollarını göstərir. Hər bir gənc bunu dərk edərsə, təbii ki, kitaba yaxın gələcək. Əgər gənclər özlərini kitabda ifadə edə bilsələr, o kitaba yaxın gələcəklər. İnsanlara kitab haqqında məlumat verilməlidir, bilməlidirlər ki, hansı kitablar çıxıb, o kitab oların həyatında necə rol oynaya bilər. Bu zaman, təbii ki, həmin oxucu o kitabın arxasınca gedəcək.

Qeyd edək ki, dünyadakı dinlərin böyük əksəriyyəti kitablar şəklində insanlara çatıb. Yəni Tanrının insanlara müraciət forması da kitabla olub. Beləliklə demək olar ki, kitabdan uzaqlaşan insan Tanrısından da uzaqlaşır. Tanrı isə sadəcə dindən və onun ehkamlarından ibarət deyil. Ən dinsiz insanın belə vicdanı Tanrıdır. Bütün bunları nəzərə alaraq vicdanı, saflığı, həqiqəti itirməmək üçün oxumaq mütləqdir.