Cənubi Qafqazdakı vəziyyət ətrafında kəskin şəkildə artan diplomatik fəaliyyət artıq öz bəhrəsini verə bilər. Xatırladaq ki, Avropa Şurasının rəhbəri Çarlz Mişel bölgəyə səfər etmiş, daha sonra Azərbaycan Prezidenti İlham Əliyev Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşmüşdü.
22 iyulda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, davamlı bir gərginliyin azaldılmasının yalnız Azərbaycan ilə Ermənistan arasındakı sərhədlərin delimitasiyası üzərində işlərin dərhal sonrakı demarkasiyası ilə başlanılması ilə təmin edilə biləcəyini bildirdi. “Bu səylərimizi əlimizdəki kartoqrafik məlumatlarla dəstəkləməyə hazırıq, Rusiya tərəfi müzakirələri konstruktiv bir kanala çevirə biləcək bir sıra sənədlər hazırladı. Hazırda bu mövzuda əlaqələr xarici siyasət, müdafiə idarələri və həmçinin 3 ölkənin sərhəd xidmətləri vasitəsilə davam edir".
Elə həmin gün, erməni tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan arasında telefon danışığı baş tutdu və görüş zamanı bölgədəki nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılması məsələsi müzakirə edildi.
Bu, təsadüfi deyil. Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan, ölkə hökumətinin iclasında ənənəvi ziddiyyətli bəyanatlarına baxmayaraq, İrəvanın Bakı ilə nəticəsi açıq-aydın ərazi bütövlüyünün tanınması ilə sülh müqaviləsinin imzalanması olacaq sülh danışıqlarına başlamağa hazır olduğunu təsdiqlədi: “Sülh və sabitliyin alternativi yoxdur. Ermənistan hökuməti bütün bölgə üçün dinc inkişaf dövrü açmaq vəzifəsini yerinə yetirməyə sadiqdir”- Nikol Paşinyan dedi.
Rusiyanın tanınmış ictimai xadimi, politoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov “Caliber” analitik informasiya mərkəzinə müsahibəsində bildirib ki, Nikol Paşinyanın açıqlaması həqiqətən bütün subyektlərin diplomatik fəaliyyətinin nəticəsidir- həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm Rusiya rəhbərliyinin, həm də Avropa Şurasının başçısı Çarlz Mişelin.
“Nəticədə Nikol Paşinyan sülh danışıqlarına razıdır, baxmayaraq ki, mövqeyinin olduqca sərt olduğunu düşünürəm. İrəvan Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanımağa hələ hazır deyil. Ancaq danışıqların başlaması hər bir halda yaxşıdır. Nəhayət, İrəvanın erməni əhalisi üçün xüsusi bir status diləməsindən və ya erməni əhalini bu ərazidən çıxarmaqdan başqa alternativi yoxdur. Müharibə yolu onlar üçün çox təhlükəlidir- Azərbaycan hərbi baxımdan daha güclüdür və Ermənistanı sadəcə darmadağın edəcək gücdədir”- Sergey Markov deyir.
- Bu yaxınlarda, Rusiya KİV-ləri də daxil olmaqla dünya mediasında Nikol Paşinyanın Fransa qoşunlarının bölgəyə gətirilməsi üçün Fransa ilə danışıqlar apardığı barədə bir çox məlumat yayılmışdı. Ancaq hökumətin son iclasında Ermənistanın Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bölgədə sabitlik və təhlükəsizliyin təmin edilməsində Rusiyanın əsas rolunu vurğuladı. Bu, Qərbdən ayrılmaq üçün bir gedişdir? Yoxsa Nikol Paşinyan eyni vaxtda iki stulda oturmağa çalışmağa davam edəcək?
- Qərbyönümlü siyasətə keçəcək. Ermənistanın Rusiyadan bir qədər məyus olduğunu, bu ölkədə Rusiyanın reytinqinin düşdüyünü başa düşmək lazımdır, lakin Parisin İrəvanı çox fəal dəstəkləməsi fonunda Fransanın reytinqləri artdı. Xatırladaq ki, Rusiya Qarabağdakı müharibə zamanı KTMT mexanizmindən istifadə etməkdən imtina etdi.
Deməli, həm Nikol Paşinyan, həm də erməni əhalisinin Fransa ilə münasibətləri daha fəal inkişaf etdirmək üçün qarşılıqlı istəyi var. Ancaq bütün bunların hansı konkret formaları ala biləcəyi hələ çox aydın deyil.
Əlbəttə ki, Azərbaycan ermənipərəst Fransa qoşunlarının ölkəyə sülhməramlı olaraq daxil olması ilə heç vaxt razılaşmayacaq. Rusiya da buna razı olmayacaq.
- Ermənistanın keçmiş prezidenti Robert Koçaryan bu yaxınlarda sülh sazişinin bağlanmasının İrəvan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınmasını nəzərdə tutduğunu elan etdi. Bəs ərazi bütövlüyünün qarşılıqlı tanınmasında qorxulu nə ola bilər?
- Onlar (erməni tərəfi- red.) Qarabağın rus sülhməramlılarının yerləşdiyi hissəsinin Ermənistanın nəzarətində qalmasını istəyirlər. Ermənistan Rusiya ilə Türkiyə arasındakı münasibətlərdə mümkün pisləşmə yolu ilə Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin pisləşməsinə nail olmaq istəyir. Qarşıda bizi ciddi təxribatlar gözləyir, məqsədi məhz Moskva ilə Ankara arasındakı münasibətlərin pisləşməsi olacaqdır. Bunlar üzərində çox fəal işləyirlər, Rusiyanın Türkiyə ilə bir qarşıdurmaya girməsini və sonra qismən Azərbaycana veriləcəyini, beləliklə də, Qarabağdakı müstəqil kiçik erməni respublikasının rus sülhməramlılarının arxasında qurulmasını istəyirlər. Bu, onların planıdır.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.