Fransanın cənubunda meşə yanğınları 800 hektar ərazidə bitki örtüyünü məhv edib

25 İyul 2021 07:02 (UTC+04:00)

Fransanın cənubunda yerləşən Od departamentində baş verən meşə yanğınları ən azı 800 hektar sahədə bitki örtüyünü məhv edib.

SİA-nın "connexionfrance.com" saytına istinadən verdiyi məlumata görə, yanğın Karkasondan Narbona gedən magistral yolun yaxınlığında baş verib. Fəlakət nəticəsində Fransa, İspaniya və Portuqaliyanın bəzi bölgələri bir müddət işıqsız qalıblar.

Yanğının söndürülməsində təxminən 500 xilasedici iştirak edir. Ölkənin cənubunda isti hava və güclü külək səbəbindən rəsmilər yerli sakinləri meşədə ocaq qalamamağa və siqaret kötüklərini atmazdan əvvəl tam söndürməyə çağırıblar.