İran gəmisi icazəsiz Estoniya ərazi sularına girib

24 İyul 2021 19:08 (UTC+04:00)

Sankt-Peterburqda bir dəniz paradına gedən İran gəmisi, cümə günü icazəsiz Estoniyanın ərazi sularına girib və Estoniya səlahiyyətlilərinin müvafiq əmrindən sonra yola çıxıb. SİA xəbər verir ki, bu barədə polis və sərhəd mühafizə şöbəsinin mətbuat xidməti şənbə günü məlumat yayıb.

"Dünən axşam saat ondan sonra Sankt-Peterburqa gedən Sahand gəmisi Osmussaar adasının şimal-qərb tərəfindən Estoniya sularına girib. Dəniz Təhlükəsizliyi Mərkəzi Sahənd gəmisinə istiqamətini dəyişdirməyi və ərazi sularından çıxmağı əmr edib. Bundan sonra gəmi Estoniyanın iqtisadi zonasına geri qayıdıb", deyə departamentin mətbuat katibi Andra Yundas, Estoniyanın televiziya və radio yayımı ERR portalına bildirib.

Onun sözlərinə görə, beynəlxalq dəniz hüququ normalarına görə, gəmilər başqa bir ölkənin ərazi sularından dinc yolla keçə bilər, lakin Estoniya dövlət sərhəd qanunlarına uyğun olaraq xarici hərbi gəmilər keçmədən öncə Xarici İşlər Nazirliyinə keçid barədə ən azı 48 saat əvvəl məlumat verməlidirlər. Sahand komandası isə bunu etməyib.