“Atılmış əski parçasının kimin əlində olmağının nə fərqi...”

24 İyul 2021 17:48 (UTC+04:00)

…Doğrudan da, böyük dərddir. Dünyanın “ilk xristianını”, mövcud olduğu dövrdən bəri həmişə “məğrur gəzən”, heç bir millətə yalmanıb yaltaqlanmayan bir xalqı bu qədər əydilər. Mən heç son 100 ildə belə, bu qədər əyildiyimizi eşitməmişdim.

...Bu, ermənilərin keçmiş müdafiə nazirinin müavini olmuş Artak Zakaryanın naləsidir. Xalqının pis günündən gileylənir. Erməni xalqının qarşılaşdığı bütün bu bəlaların “təşkilatçısı kimi”, türkləri günahlandırır.

Təbii ki, burada Zakaryanı da başa düşməyə çalışmalıyıq. Dediyi kimi, “məğrur, yaltaqlığı yaxına buraxmayan” bir xalqın nümayəndəsidir. Əslində, burada bəzi istisnalara göz yummaq məcburi olmadığına görə, mən “məğrur, yaltaqlığı yaxına buraxmayan” bir xalqın elə yaltaqlığı ilə bağlı xatirimdə qalan bir neçə nümunəni sizlərə təqdim etmək istəyirəm.

Beləliklə, yadınızda olar, 2004-cü ildə Türkiyənin hava məkanını pozmuş rusların “Su-24” təyyarəsinin vurulmasından sonra ermənilər həsrətlə Putinin verəcəyi cavabı gözləyirdilər. Onlar hətta Putinin qarşı tərəfi cəzalandırmaq addımlarına öz “töhfələrini” vermək üçün dəridən-qabıqdan belə çıxırdılar.

Xatırlamış olarsınız, həmin ərəfədə həmişə təlim-məşq toplantısını Türkiyədə keçirən Moskvanın "Spartak” və "Lokomotiv”, eləcə də Mahaçqalanın “Anji” klubları bu dəfə Türkiyə səfərini ləğv etmişdilər.

...Elə həmin an, ruslara yaltaqlanmaq yox, onlara “dəsdək” nümayiş etdirən ermənilərin “Pünik” və “Banants” kimi futbol klubları da Türkiyədəki təlim-məşq toplanışlarını ləğv etdilər. Qeyd edək ki, həmin ərəfədə bir çoxları bunu ermənilərin ruslara növbəti yalmanmağı kimi qəbul etsələr də, amma ermənilərə görə bu, onların ruslara olan “sevgisindən” qaynaqlanırmış.

Deyim ki, hamı bunu erməni yaltaqlığı, erməni əyilməyi kimi yox, ermənilərin rus xalqına olan sevgisinin təzahürü kimi qəbul edilməlidir.

...Başqa bir misal, gərək ki, unutmamısınız, 2012-ci ildə MDB ölkələri Gənclər İttifaqının erməni gəncləri Ermənistanda “Putin” klublar şəbəkəsi açmaq qərarına gəlmişdilər. Şəbəkənin başlıca məqsədi Rusiya liderinin “ideyalarının populyarlaşmasına” xidmət etmək olacaqdı. Deyim ki, həmin ərəfədə Vladimir Putin Rusiyanın baş naziri olsa da, amma tezliklə yenidən ölkənin prezidenti olacağı çoxlarına bəlli idi. Əslində, bu da erməni yaltaqlığı, erməni əyilməyi kimi yox, ermənilərin Vladimir Putinə olan sevgilərinin təzahürü kimi qəbul edilməlidir.

...Belə düşünürəm ki, burada “məğrur xalqın əyilməz nümayəndəsi” Artak Zakaryan da mənimlə razılaşar.

...Amma, sən demə “düşməni” kənarda axtarmaq lazım deyilmiş...Niyə? Budur, özünü müstəqil erməni eksperti kimi qələmə verən Arbak Xaçatryan adlı birisi ermənilərin bütün bu hərəkətlərini yaltaqlığın ən yüksək həddi kimi təqdim edir. Yadımdadır, 2018-ci ildə Arbak çörək pulu üçün Rusiyaya gələn ermənilərin geriyə - Ermənistana qaytarılmaması üçün ruslara hər cür yalmanıb-yaltaqlandıqlarına diqqət cəkərək belə bir fikir də bildirmişdi: “Sən əgər əski parçasısansa, kimin əlində olmağının nə fərqi var?”. Təsəvvür edirsinizmi, erməni erməniləri adi əski parçasına bənzətmişdi...

...Burada artıq “məğrur” bir xalqın övladı olan Artak Zakaryanın mənimlə razılaşacağına heç inanmıram.

Ağasəf Babayev