"Delta"nın sürətlə yayılmasının sirri

24 İyul 2021 16:18 (UTC+04:00)

İlk dəfə 2019-cu ilin son günlərində Çinin Vuhan şəhərində meydana çıxan və oradan dünyaya yayılan koronavirusa (Covid-19) on milyonlarla insan yoluxub və 4 milyondan çox insan ölüb. Köhnə normalarımızı tərk etməyimizə səbəb olan virusla bağlı bütün dünyada aylardır bir çox elmi araşdırma aparılıb. Elm adamları bir müddətdir “Delta” variantına diqqət yetirirlər. SİA xarici mətbuata istinadən xəbər verir ki, “Delta” variantının orijinal virusdan daha sürətli yayıldığı elmi olaraq sübut edilib.

Mütəxəssislər sürətlə yayılan “Delta” variantını deşifr etmək üçün çalışırlar. Bu tədqiqatlardan biri Çində aparılıb. 2021-ci ildə mütəxəssislər “Delta” variantına yoluxan 62 xəstənin məlumatlarını 2020-ci ildə koronavirus xəstəsi olmuş 63 nəfərin məlumatları ilə müqayisə edib. Mütəxəssislər nəticələrlə “Delta” variantının bu qədər sürətlə necə yayıldığını açıqlayıblar. Tədqiqatlar nəticəsində, virusun özünü daha sürətli təkrarladığı ortaya çıxıb. Həmçinin, “Delta” variantı olan xəstələrdə bədəndəki inkubasiya müddətinin daha qısa olduğu ortaya çıxıb. “Delta” variantındakı nüsxə sayının 1000 dəfə çox olduğu və 2019-cu ildə Vuhanda ortaya çıxan orijinal virusdan üç dəfə daha sürətli ötürüldüyü bildirilib.

Mütəxəssislər bu məlumatların “Delta”nın sürətlə yayılmasının açarı olduğunu vurğulayıb. Virusun ən çox can aldığı ABŞ-da, yeni yoluxmaların yalnız 10%-i "Delta" variantları kimi iyun ayının ortalarında aşkar edilib, bu nisbət iyul ayının ortalarında 83,2%-ə yüksəlib.

Turqay Musayev