“Ermənistanın planları 44 gündə puç oldu” - MÜSAHİBƏ

24 İyul 2021 11:14 (UTC+04:00)

Politoloq Məhəmməd Əsədullazadə SİA-ya müsahibə verib. Həmin müsahibəni sizə təqdim edirik.

- Məhəmməd bəy, bu həftə yenə müəyyən gəlişmələrlə müşahidə olunub. Misal üçün Moskvada Rusiya və Azərbaycan prezidentləri arasında görüş keçirildi. Sizcə, bu görüş özlüyündə nəyə hesablanmışdı və buradan çıxan nəticələr Azərbaycan və dünya üçün hansı gəlişmələrə səbəb olacaq?

- Bilirsiz, İkinci Qarabağ müharibəsindən sonra Rusiya müəyyən moderator və vasitəçilik missiyasını yerinə yetirir. Əgər, hadisələrin xronologiyasına nəzər yetirsək, görərik ki, Ermənistan konkret olaraq sülh razılaşmalarından yayınırdı. Bu barədə cənab Prezident də dəfələrlə danışıb. Paşinyan hesab edirdi ki, o seçkilərdə qazandıqdan sonra Avropa ittifaqı ona ciddi şəkildə kömək edəcək. Bununla da, daha 10 noyabr razılaşması Ermənistan üçün məqbul olmayacaq. Həmçinin Paşinyan çalışırdı ki, Aİ-nı, Fransanı və ABŞ-ı prosesə daxil etməklə Azərbaycana qarşı ciddi təzyiqlərə nail olsun. Bununla da yeni razılaşma imzalanmasını istəyirdi. Əlbəttə, bu narahatedici bir fakt idi. Çünki məlumdur ki, Ermənistan Azərbaycana qarşı yolverilməz şərtlər irəli sürürdü. Şərtlərdə deyilirdi birinci Azərbaycan iddia etdiyi Ermənistan torpaqlarından çıxmalıdı, ikinci Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlar bərpa edilməlidir, üçüncü Minsk qrupunun mandatı bərpa edilməlidir. Bu prosesdə Azərbaycanı narahat edən məəsələlər olduğu kimi Rusiyanın da əleyhinə olan məqamlar vardı. Rusiya və Azərbaycan prezidentlərinin görüşündə mən deyərdim ki, hər iki ölkənin maraqları müəyyən dərəcədə üst-üstə düşdü. Putinin görüşdə hərəkətlərindən aydın olur ki, o, cənab prezidentlə görüşündən məmnundur.

- Putin Qarabağ məsələsi ilə bağlı və koronavirsla mübarizədə göstərdiyi xidmətlərə görə, cənab Prezidentə təşəkkür etdi. Sizcə, bu nəyin göstəricisidir?

- Bu onu göstərir ki, Rusiya Azərbaycanın regionda apardığı siyasətdə razıdır. Azərbaycan antirus siyasəti aparmır və Rusiyanın əli ilə Ermənistanı küncə sıxışdırmağa çalışır. Mən deyərdim ki, buna müəyyən mənada nail olur. Mən yenə də deyirəm görüşdə iki ölkənin maraqları üs-üstə düşürdü. Doğrudur, Rusiya vaxtı ilə sülhün yaranmasını elə də istəmirdi. Amma nə vaxt ki, Paşinyan qərbə meyillənib istədi ki, Aİ və Fransanı bu prosesə daxil etsin. Rusiya belə desək bir növ ayıldı. Moskva Paşinyana bir növ sillə vurdu. Beləliklə, Rusiya Azərbaycana meyilləndi. Görüşdə hər iki ölkə arasındakı əlaqələrin müsbət inkişafı, Azərbaycan və Ermənistan sərhədlərinin demilitasiya və demarkasiya prosesində, nəqliyyat və kommunikasiya əlaqələrinin bərpa edilməsində və Zəngəzur dəhlizi məsələsi ətrafında ciddi müzakirələr aparılıb. Mən deyərdim ki, müəyyən şifahi razılaşmalar əldə olunub. Belə qiymətləndirirəm ki, Rusiya Azərbaycanın irəli sürdüyü şərtlərlə razıdır. Çünki Azərbaycanın Cənubi Qafqazda yeritdiyi siyasət regionda Rusiyanın maraqlarına müəyyən mənada cavab verir. Ancaq Nikol Paşinyanın yeritdiyi siyasət birbaşa Rusiyanın əleyhinə yönəlib. Görüşdən sonra Azərbaycan və Rusiya əlaqələri daha da inkişaf tempində davam edəcək. Siyasi-iqtisadi əlaqələr koordinasiyalı şəkildə davam etdiriləcək. Bu zaman Türkiyə ilə olan əlaqələrimiz yenə də yüksək səviyyədə olacaq. Moskva görüşündən sonra bu gün Paşinyan hökumətin iclasında Azərbaycanla sülh danışıqlarına gedəcəyəni deyib. Paşinyan həm də Zəngəzur Sünik ərazisində yolların tikintisi üçün 118 milyon dollar vəsait ayırıb. Bu bəyanat göstərir ki, Azərbaycan və Rusiya prezidentlərinin görüşü Azərbaycan üçün səmərəli olub. Həmçinin bundan belə başa düşülür ki, Aİ və ABŞ-ın burda vasitəçiliyi fiaskodur.

- Qeyd etdiyimiz kimi bu həftə zəngin hadisələr ilə yadda qalıb. Belə ki, Aİ Şurasının prezdenti Şarl Mişel Azərbaycana səfər etdi. Ümumiyyətlə bu gün Aİ ilə Azərbaycan arasında münasibətlər hansı səviyyədə inkişaf edir və gələcəyə yönəlmiş baxışlar nədən ibarətdir?

- Mən deməzdim Aİ ilə əlaqələrimiz pisdir, ancaq lap yaxşı da deyil. Normal əlaqələr mövcuddur. Aİ-dan doqquz ölkə Azərbaycanla stratejik tərəfdaşdır. Aİ həmçinin Azərbaycanın iqtisadi partnyorudur. Azərbaycanın enerji resursları birbaşa Avropaya çıxır. Bu baxımdan Azərbaycan Aİ üçün çox əhəmiyyətlidir. Mənə elə gəlir ki, Aİ ilə Azərbaycan arasındakı əlaqə Gürcüstanla Aİ arasındakı əlaqədən daha yüksək səviyyədə olmalıdır. Ona görə ki, Aİ əsas mənfəəti Azərbaycandan əldə edir. Aİ-nın Cənubi Qafqazda möhkəmlənməsi yalnız Azərbaycanla əlqələrin möhkəmlənməsi ilə mümkündür. Məsələn Aİ nə qədər Gürcüstanda möhkəmlənsə də regionda möhkəmlənə bilmir. Avropa Azərbaycana qarşı ikili standart yeritməməlidir.

- Azərbaycana səfərdən öncə Şarl Mişel Ermənistana səfər edib. Aİ həmçinin Ermənistana 2,6 milyard avro yardım edir zərər çəkmiş qismində. Cənab prezident bu barədə bildirir ki, ən çox zərər Azərbaycana dəyib amma pulu Ermənistana verirlər. Aİ-nın bu məsələdəki ikili standartı nədən irəli gəlir?

- Əlbəttə ki, cənab Prezidentin fikirləri tamamilə haqlıdır. İşğal edilmiş ərazilər bariz nümunədir ki, Azərbaycana xeyli zərər dəyib. Aİ Qarabağda infrastrukturun yaradılmasında mütləq iştirak etməlidir. Doğrudur, Şarl Mişel qeyd etdi ki, Azərbaycanla əlaqələr hansısa maaliyə yardımı formasında yox, müxtəlif tərəfdaşlıq formasında həyata keçiriləcək. Bu isə çox daha faydalıdır. Ancaq təbii ki, burda qüsurlu yanaşma mövcuddur. Hər ölkəyə eyni münasibət bəslənməli idi. İşğalçı ölkəyə 2,6 milyard dollar Azərbaycana isə gətirib 150 milyon dollar vermək absurddur. 150 milyon dolları Azərbaycan elə bir yol tikintisinə xərcləyir.

- Cənab Prezident müsahibədə qeyd etdi ki, biz siyasi leksikonumuza Zəngəzur dəhlizi ifadəsini daxil etmişik. Bu özündə nəyi göstərir?

- Artıq Zəngəzur dəhlizi Azərbaycan üçün prioritet məsələyə çevirilib. Zəngəzur dəhlizi Azərbaycan üçün mühüm strateji əhəmiyyət daşıyır. Bu dəhlizlə Azərbaycan, Naxçıvan və Türkiyə ilə quru yolunu bərpa edir. Bu da Azərbaycan üçün olduqca mühümdir. Qeyd etmək istərdim ki, tək Azərbaycan və Türkiyə maraqlı deyil. Beynəlxalq güclər də burada maraqlıdır. Zəngəzurdan danışmaqla cənab Prezident dünyaya göstərir ki, Zəngəzur qədim Azərbaycan torpağı olub. Bu ifadə sadə söz deyil. Bu strateji bir ifadədir. Mən deyərdim, cənab Prezidentin ən güclü strategiyalarından biridir.

- Ermənistanda seçkilərin bitməsinə baxmayaraq parlament hələ də toplaşmır sizcə, Paşinyana inam itib yoxsa necə?

- Ermənistanda siyasi vəziyyət qeyri stabil olaraq qalır. Parlamentin yığışmamasının əsas səbəbi kadr seçimləri məsələsidir. Biz orduya və ədliyyə sisteminə baxsaq, görərik ki, normal bir kadr yoxdur. Həmçinin kadr seçimlərində haçalanma var. Çünki Rusiya bir narazılıq edəcək, Aİ bir narazılıq edəcək. Bu həm də onu göstərir ki, Ermənistan müstəqil dövlət deyil. Əslində isə seçkidən sonra parlament yığışmalı hökumət təşkil edilməli idi. Kadr seçimlərində haçalanma buna icazə vermir. Görünür Qərb və Rusiya kadr seçimlərində rəqabət aparır. Paşinyan bu vəziyyətdə hələ də aciz qalır.

- Son zamanlar ermənilərin Kəlbəcər, Şuşa və Tovuz istiqamətlərində təxribat xəbərlərini tez-tez eşidirik. Bəzən üçüncü müharibə ehtimalları da dilə gəlir. Sizcə, yenidən hərbi əməliyyatlar başlaya bilər?

- Düşünmürəm ki, üçüncü bir müharibə başlasın. Buna Ermənistanın resursları çatmaz. İndi elə vəziyyətdədirlər ki, şəxsi heyət tapmırlar postlarda da bir-birini güllələyirlər. Gələk ikinci məsələyə yəni erməni silahlı qüvvələrinin təxribatlar törətməsi məsələsinə. Bu onu göstərir ki, Rusiya sülhməramlı qüvvələri öz missiyalarını layiqincə yerinə yetirmirlər. Hadisələri göz ardı edirlər. Bu onu göstərir ki, prezidentlərin görüşünə qədər Kreml özü burda vəziyyəti gərginləşdirirdi. Olsun. Bu heç də bizim əleyhimizə deyil. Əksinə hamı Rusiyanın niyyətini gördü. Biz dörd il sonra rus sülhməramlı qüvvəsinin çıxarılmasını tələb edəcəyik. Biz özümüz Laçın dəhlizinə nəzarət edirik. Hətta peyk vasitəsi və başqa müşahidə vasitələri ilə Xankəndi şəhərində nə baş verir görürük. Hətta dəhlizdən keçən maşınların nömrələrinə qədər bizim məlumatımız var. Bunu deməklə cənab Prezident İrana mesaj göndərdi. Çünki ordan bəzi İrana aid tırlar yardım adı ilə keçir.

- Məhəmməd bəy, bu yaxınlarda bir sıra diplomatik korpusun nümayəndələri Qarabağa səfər edib. Səfərdən sonra Ukrayna səfiri ermənilərin vəhşicəsinə törətdiyi cinayətləri "tvit" şəklində paylaşmasından sonra ermənilər qorxuya düşdülər. Niyə hər dəfə yüksək tribunadan əleyhlərinə nəsə deyilən kimi əl-ayağa düşmək məcburiyyətində qalırlar?

- Ümumiyyətlə, bilirsiniz ki, Rusiyanın Krımı ilhaqını Ermənistan tanıyır və Ermənistandan Krıma birbaşa aviareyslər olur. Belə olan halda Ukrayna nə etməli idi? Ukrayna nüfuzlu bir ölkə olmaqla yanaşı həm də xristian ölkəsidir. Buna görə də, Ukraynanın Azərbaycana tərəf olması görünür erməni dini camiəsini qıcıqlandırır. Ukrayna həmişə gözləyib ki, Azərbaycan Qarabağı azad etsin. Çünki bu Ukraynaya sərf edir. Ukrayna da istəyir ki, Kırımı, Donbası geri alsın. Ukrayna tək Ermənistana yox, həm də Rusiyaya qarşı mesaj verib.

- Məhəmməd bəy, ümumiyyətlə Ermənistan nə üçün məğlubiyyəti ilə barışmır ritorik çağırışlar edir və dezinformasiyalar yayır. Kimə arxalanırlar Rusiyaya yoxsa Soros Fonduna?

- Məğlubiyyətlə barışmırlar çünki illərdi xəyalını qurduqları dənizdən-dənizə böyük Ermənistan planları 44 gündə puç oldu. O ki qaldı kimə arxalanırlar. Ermənistanda millətçilik və türkə düşmən fikirlərin arxasında əsasən kilsə və bəzi siyasi dairələr durur. Bu dairələr, əsasən Rusiya tərəfdirlər. İllərlə qurduqları plan puça çıxdığı üçün üçün qorxurlar. Xalqa aşılamağa çalışırlar ki, hələ heçnə bitməyib nə vaxtsa intiqamlarını alacaqlar. Biz onlarla barışa bilərik. Onlar bizlə barışacaqmı? Yox. Erməni revanşizmi ölməyib hələ də yaşayır.

- Fransa prezidenti Emmanuel Makronun Ermənistana səfəri gözlənilir. Həmçinin Fransa Ermənistana hər cür dəstək verməyə hazır olduğunu açıqlayıb. Bundan ruhlanan Paşinyan hansı addımı atacaq?

- Ümumiyyətlə Makronun Ermənistan səfəri Cənubi Qafqazda sülhü təhdid edir. Açıqca tərəfkeşlik nümayiş etdirir. Müharibəni stimullaşdırır. Bilirsiniz Makronun dayaqları zəifdir. Erməni lobbisinin dəstəyini almaq istəyir. Qeyd etmək istəyirəm ki, Makronun Ermənistan səfəri Ermənistan üçün zərərlidir. Nə ilə dəstək verəcək? Hərbi ilə? Bu Ermənistanı yenidən dalana çevirəcək. Yenə də fəsadları erməni xalqı görəcək. Mən düşünmürəm ki, Paşinyan səfərdən sonra hansısa təxribatlara əl atmağa cürət etsin.

- Məhəmməd bəy, ümumiyyətlə bu məsələlərdə Amerikanın mövqeyi nədir?

- Amerika istəmişdi ki, yenidən Minsk qrupu fəaliyyətə başlasın ancaq buna nail ola bilmədi. Amerika burada hər hansı güc göstərə bilməz. Gəlib Azərbaycana delimitasiya və demarkasiya prosesində ordunu geri çək desə uğur qazana bilməyəcək. Amma aprel döyüşlərində humanitar qrup göndərməklə əsirlərin geri qaytarılmasına kömək etməklə müəyyən uğur qazanmışdı. İndiki vəziyyətdə isə Amerika sərf etmədiyi üçün məsələdən qıraqda dayanır.

- Bir qədər əvvəl diplomatik korpusun nümayəndələrinin Qarabağa səfərindən danışdıq xatırladım ki, bu səfərdə Minsk qrupunun üzvü olan üç ölkənin nümayəndəsi səfərdə iştirak etmədi. Belə olanda biz Minsk qrupuna necə etimad göstərə bilərik?

- Minsk qrupu ümumiyyətlə öz hərəkətləri ilə öz işlərinin fiasko olduğunu göstərdilər. Onlar gəlmədilər çünki onlar hesab edirlər ki, Qarabağın statusu məsələsi müzakirə olunmalıdır. Şuşa Ermənistana verilməlidir. Bu da göstərir ki, Minsk qrupu öz fəaliyyətini başa çatdırıb. Artıq o lazımlı deyil. Minsk qrupu fəaliyyəti birbaşa Azərbaycanın əleyhinədir.

- Məhəmməd bəy, bilirsiniz ki, Rusiya Müdafiə Nazirinin müavini Ermənistana səfər etdi. Bu nəyə hesablanmışdı yeni müstəvidə əlaqələrə yoxsa, yeni müharibəyə?

- Bu səfərin arxa planında Ermənistan müdafiə nazirliyində kadrların rusyönümlü olmasını təmin etmək, ikincisi Ermənistan ordusunu yenidən təşkil edib qurmaq dayanırdı. Bilirsiniz ki, kapitulasiyaya imza atmış bir ölkənin ordusu olmamalıdır. Azərbaycan bu məsələ ilə bağlı Rusiya ilə ciddi danışıqlar aparmalıdır. Erməni ordusunun yenidən təşkili regional sülh üçün böyük təhdiddir. Bu Rusiyanın da maraqlarına ziddir. Rusiya praqmatik addım atmalıdır. Erməni ordusu yenidən Azərbaycana hücum edəcək. Azərbaycan isə erməni ordusunu məhv edəcək. Beləliklə Rusiyanın Ermənistanda mövqeyi daha da zəifləyəcək.

- Artıq xeyli müddətdir ki, Ağdamda Rus-Türk birgə monitorinq qrupu fəaliyyət göstərir. Monitorinq qrupunun fəaliyyəti sizi qane edirmi?

- Şuşa Bəyannaməsindən sonra monitorinq təşkilatına heç bir ehtiyac yoxdur. Sadəcə Türkiyənin Azərbaycanda mövqeyinin güclənməsi üçün belə addım atılmışdı. Bəyannamənin dördüncü maddəsinə görə, erməni silahlı qüvvələri ərazidən uzaqlaşmalıdır. Bu təşkilat nə edə bilər ki, o ancaq hər hansı təxribatı qeydə alıb Azərbaycan tərəfinə göndərə bilər. Buna da ehtiyac yoxdur. Çünki cənab Prezident bildirir ki, bizim hətta Xankəndidə belə xəbərimiz var.

Turqay Musayev