"Bu yanaşma Azərbaycana qarşı ikili standartların göstəricisidir" - EKSPERT RƏYİ

23 İyul 2021 16:57 (UTC+04:00)

"Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramına uyğun olaraq tərəfdaş ölkələrə maliyyə yardımında ciddi şəkildə balansı pozub. İlk növbədə yardım eyni şəkildə verilməli, yaxud yaxın məbləğlər olmalı idi". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ermənistana 2 milyard dollar, Azərbaycana isə 150 milyon dollar ayrılması ölkəmizə qarşı İttifaqın ikili standartlar çərçivəsində yanaşmasıdır: "Azərbaycan müharibədə dağıntılara məruz qalıb, Qarabağda tikinti layihəsi həyata keçirir. Avropa İttifaqı mümkün qədər Azərbaycana yardım ayırmalı idi və yenidənqurma layihəsində yer almalı idi".

M.Əsədullazadə vurğulayıb ki, göründüyü kimi dövlət başçısı İlham Əliyev məhz Avropa İttifaqının ikili standartlarını önə çəkərək ölkəmizə qarşı qərəzin olduğunu xüsusi qeyd etdi: "Ümumiyyətlə belə bir yanaşma sərgilənməsi regionda Azərbaycan Avropa əməkdaşlığına Brüssel tərəfindən kölgə salmış oldu".