Yemiş-qarpızını dərib sata bilməyən erməninin təzminat davası...

23 İyul 2021 13:32 (UTC+04:00)

...Gərək ki, həya haqqında deyilən bu kəlam imam kəlamı olmalıdır. Buyurulur ki, dünyada həyanın iki növü var: ağıl həyasıdır ki, insanı yanlış danışmaqdan, pis əməl törətməkdən saxlayar və bir də cahilcəsinə həyadır ki, insanı təkamüldən saxlayır.

...“Biz bu gün bütün fürsətlərdən istifadə etməliyik, ümidsiz və ardıcıl addımlar atmadan “pozulmuş hüquqlarımızın” bərpasına nail olmalıyıq. Cəzasız qaldıqda, ciddi pozuntuların təkrarlanması təhlükəsi daha real olur”.

Deyim ki, bu sözləri ermənilərin ombudsmanı Arman Tatoyan ötən gün Syunik bölgəsində başına toplaşan bir dəstə erməni arvadları ilə danışarkən deyib. Hazırda həmin bölgədə “kişi qıtlığı” yaranıb deyə, Tatoyan erməni arvadlarına “heç nədən qorxmamağı” tövsiyə edib.

Erməni arvadlarının yanında özünü əsl səlahiyyətli kimi göstərməyə çalışan “insan hüquqları müdafiəçisi” Azərbaycan hakimiyyətinin Ermənistanın sərhəd icmaları sakinlərinin hüquqlarını pozduğuna görə, “cavabdeh olmalıdır” deyərək, rəsmi Bakını erməni fermerlərinə dəymiş ziyanı ödəməyə çağırıb (Deyəsən, doğrudan da, dünyanın axırı yaxınlaşır).

Sən demə, sərhəddə Azərbaycan Ordusunun əsgərlərini görən Syunikin David-Bek kəndinin erməni sakini, Vardenisin kəndindən olan digər bir sakinlə qaçıb Tatoyana şikayətçi düşüblər. Şikayətləri də budur ki, bağ-bostan əkmişdik, indi də Azərbaycan əsgərlərinin uzaqdan bizim tərəfə boylanmalar bizi qorxudur deyə, bostandakı yemiş-qarpızı yığa bilmirik. Yemiş-qarpız da tağda qalıb zay olub gedir. Ona görə də, yetişdirib yığa bilmədiyimiz yemiş-qarpıza görə təzminat istəyirik.

Kimdən? Təbii ki, Tatoyan bu təzminatın ödənilməsini Azərbaycandan istəyir. Niyə? “...çünki Azərbaycan hakimiyyəti təhlükəsizlik üçün ciddi bir təhdidlə yanaşı, ermənilərin gündəlik və “dinc həyatını pozub”, onların ailələrini dolandırmaq üçün gəlir əldə etmək imkanlarından məhrum edib və buna görə də təzminat ödəməlidir”.

Səbəb? Yemiş-qarpız yetişdirib, indi dərib satmağa qorxan iki erməni ailəsi aç yatdığına görə... başqa səbəb: Azərbaycan Silahlı Qüvvələrinin erməni sərhədlərindəki “qanunsuz mövcudluğu”... Bu da sizə ikinci səbəb. Hələ istəsəniz, sizə əlavə erməni səbəbləri də gətirə bilərik.

...Mən burada bir haşiyə çıxıb, ermənilərə yalan vədlər vermək üzrə “böyük mütəxəssis” kimi tanınan və bununla da ermənilər arasında “nüfuz qazanmaq istəyən” Arman Tatoyana Azərbaycan mediasında yer alan yazıdan bir parçanı xatırladacam:

“...Ağdamın işğaldan azad edilmiş ərazilərinə doğru uzanan yolboyu bir neçə şey diqqəti cəlb edir: dağıntılar və mina xəbərdarlığı edən lövhəciklər, daha sonra neytral zona arxada qalır və ucsuz-bucaqsız çöllük başlayır. ...Bu çöllükdə sıralanan dirəklər buraların nə vaxtsa üzüm bağları olduğundan xəbər verir”.

Gərək ki, Arman Tatoyan bilməmiş olmaz: həmən üzüm bağlarını bir vaxtlar talayıb aparan və indi 5-6 yemiş-qarpıza görə təzminat “tələb edən” ermənilər olublar. Əslində, belə vəhşiliklər təkcə Ağdamda törədilməyib. Azərbaycanın işğaldan azad edilən əksər ərazilərdə erməni vəhşiliyinin izləri hələ də qalmaqdadır. Amma Azərbaycan bütün bu ərazilərdəki dağıntıları bərpa edəcək, Ağdamda yeni üzümlüklər salacaq, amma heç bir dövlətdən təzminat almadan. Təbii ki, Ermənistanın bu siyahıda adı belə çəkilə bilməz. Çünki təzminat, ianə ilə dolanan birinin əlindəkilərini almağa cəhd, bizlərdə günah sayılır.

...Gərək ki, yazının əvvəlində mən həya ilə bağlı imam kəlamından nümunə gətirmişdim. İndi siz erməni Arman Tatoyanın dünyada mövcud olan həyanın iki növündən hansında qərar tutduğunu ayırd etməkdə elə də çətinlik cəkməzsiniz.

Ağasəf Babayev