"Azərbaycan Rusiya ilə əlaqələrin inkişafına hər zaman xüsusi önəm verib" - DEPUTAT AÇIQLADI

21 İyul 2021 18:01 (UTC+04:00)

“Azərbaycan Rusiya ilə əlaqələrin inkişafına hər zaman xüsusi önəm verib. Hazırda Azərbaycan və Rusiya arasında qarşılıqlı əlaqələr yüksək səviyyədədir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, burada iki ölkə prezidenti arasında səmimi, konstruktiv və ikitərəfli əlaqələr xüsusi rol oynayır: “Bu eyni zamanda, iki dövlət rəhbəri arasında şəxsi münasibətlərin, Rusiya-Azərbaycan əlaqələrinin və geosiyasi reallıqlara yanaşmada ortaq mövqeyin xarakterindən irəli gəlir. Hazırda hər iki ölkə bir çox regional layihələri uğurla icra edir. İki ölkə rəhbəri arasında görüşdə bir sıra mühüm qarşılıqlıməsələlər müzakirə olundu. Rusiya Prezidenti Azərbaycan Prezidentinə kompromisli qərarların tapılmasına görə təşəkkürünü bildirdi. Azərbaycan Prezidenti də Rusiya Prezidentinə təşəkkürünü çatdırdı. Prezident İlham Əliyev bu il Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialının birinci buraxılışı olduğunu, MDU-nun və Seçenov Universitetinin filiallarında mindən çox tələbənin təhsil aldığını, Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayının 15 mindən çox olduğunu, Azərbaycanda isə 16 min tələbə rus dili bölməsində təhsil aldığını xüsusi vurğuladı. Bu öz növbəsində Azərbaycanda rus dilinə və mədəniyyətinə göstərilən diqqət və qayğıdan xəbər verir”.

Deputat sözlərinə davam edərək həmçinin qeyd edib ki, Prezident İlham Əliyev “Sputnik V” vaksininə görə də Rusiya Prezidentinə təşəkkür etdi: “O qeyd etdi ki, “Bilirəm ki, onu almaq istəyənlərin sayı lap çoxdur. Ona görə ki, bu vaksin öz effektivliyini sübut edib və əlbəttə, yəqin ki, hamını təmin edə bilmək də çox çətindir. Lakin Sizin dostlarınız, tərəfdaşlarınız kimi bir daha təşəkkürümü bildirmək istəyirəm ki, biz vaksini alanlar arasında ilk sıralardayıq”. Bu da öz növbəsində iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən xəbər verir. Bu gün qarşıda duran əsas məsələ bölgədə sülhün və əməkdaşlığın təmin olunmasıdır. Təəssüflə qeyd etmək lazımdır ki, Ermənistan 10 noyabr razılaşmasından 8 ay keçməsinə baxmayaraq konstruktiv mövqe nümayiş etdirmir, atəşkəsi tez-tez pozur, mina xəritələrini bütövlükdə Azərbaycan tərəfinə təhvil vermir. Ermənistan bu təxribatlara son qoymalı, konstruktiv mövqe nümayiş etdirməlidir”.