"Azərbaycan və Rusiya liderlərinin məsləhətləşmələri tarixi zərurət idi” - DEPUTAT ŞƏRH ETDİ

21 İyul 2021 17:50 (UTC+04:00)

“Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri hər şeydən əvvəl iki ölkə arasında kompleks münasibətlərinin fonunda təhlil edilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiyanı 200 ildən artıq müddəti əhatə edən sıx siyasi, iqtisadi, mədəni, humanitar əlaqələr təqribən elə bir bu qədər dövrü də əhatələyən ortaq tarix bağlayır: “Lokal və beynəlxalq səviyyədə üst-üstə düşən xeyli maraqlarımız var. Bu fonda siyasi təmasların güclənməsi baxımından səfərin əhəmiyyəti böyükdür. Heç şübhəsiz ki, səfər zamanı əsas müzakirə mövzusu regional təhlükəsizlik, Cənubi Qafqazda dayanıqlı sülh və əməkdaşlıq mühitinin formalaşdırılması istiqaməti olmuşdur. Sirr deyil ki, son dövrlər regionda sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olmasında, qarşılıqlı etimad mühitinin yaradılmasında maraqlı olmayan qüvvələrin 10 noyabr kapitulyasiya aktının icrasına maneçilik törətmək cəhdləri aktivləşib ki, bu da Azərbaycanın maraq və mənafelərinə zidd olmaqla yanaşı, eyni zamanda, bəyanatın zəmanətçisi kimi Rusiyanın beynəlxalq nüfuzuna zərbədir. Xüsusən, Zəngəzur dəhlizi ilə bağlı İrəvanın və havadarlarının son günlər nümayiş etdirdiyi mövqe aşkar şəkildə Rusiyaya meydan oxumaqdır və bu davranışlar rəsmi Moskvanın bölgədəki uzunmüddətli maraqlarına uyğun deyil və Rusiya dövləti özü məsələnin ən qısa zamanda çözülməsinin tərəfdarıdır. Təbii ki, Rusiyanın da Azərbaycanın da hər birinin öz milli mənafelərinə xidmət edən dövləti maraqları var. Lakin həm dəmiryolu, həm avtomobil magistralından ibarət Zəngəzur dəhlizinin timsalında kommunikasiyaların açılması, habelə, əməkdaşlıq mühitinin formalaşması istiqamətində Bakı ilə Moskvanın maraqları nəinki fərqlənmir, hətta üst-üstə düşür. Belə bir tarixi şəraitdə, üçtərəfli razılaşmanın subyektləri kimi, Azərbaycan və Rusiya liderlərinin məsləhətləşmələri tarixi zərurət idi”.

Deputat həmçinin qeyd edib ki, Vətən müharibəsi nəticəsində yaranmış yeni tarixi-siyasi reallıq, Azərbaycanın 6-cı nəsil hərbi-sənaye imkanlarına və döyüş qabiliyyətinə malik dövlətə çevrilməsi, habelə, bölgədə Türkiyə amilinin güclənməsi Azərbaycan-Rusiya münasibətləri üçün də yeni səhifə deməkdir ki, həm Rusiya, həm də Azərbaycan tərəfdən əvvəlki möhkəm münasibətlərin bazasında, dostluq və əməkdaşlıq ruhuna zidd olmayan və əlaqələri dərinləşdirəcək yeni yanaşmaya ehtiyac var: “Bu kimi təmaslar məhz münasibətlərin yeni fazaya çıxarılması üçün vacibdir. Ən nəhayət, hər iki dövlətin qarşısında postpandemiya dövründə iqtisadi fəallığın bərpası, ticari əlaqələrin genişlənməsi üçün yeni şəraitdə yeni formulların tapılması kimi vacib vəzifə dayanıb ki, həm tarixi-siyasi zərurəti, həm dövlət başçıları arasında yüksək səviyyəli konstruktiv şəxsi münasibətləri nəzərə alaraq səfərin məhsuldar nəticələrinin yaxın zamanlarda aşkar formada hiss ediləcəyinə tam mənada ümid etmək olar”.