Sörf zamanı dəhşətli ölüm

21 İyul 2021 15:30 (UTC+04:00)

İspaniyanın məşhur sörfçülərindən biri olan Oskar Serra, Meksikanın Puerto Eskondido şəhərindəki Zikatela çimərliyində sörf edərkən faciəvi şəkildə ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Serranın dostu Miguel Kastrillon ona Zikatela çimərliyində sörf etməməyi məsləhət görüb.

Qeyd edək ki, Puerto Eskondidoda iyun ayından bəri böyük dalğalar görülür. Bu səbəbdən də bir çox sörfçü buraya axın edib.
Oskar Serra da onlardan biri idi. Gözlədiyi dalğanı tutan Serra, dalğa yüksəldikdən sonra tarazlığını itirib və dalğanın dibinə yüksəkdən sərt bir şəkildə dəyib.

Xilasedicilər dərhal Serranı sudan çıxarıb və ona ilk tibbi yardım göstərilib, lakin səylər nəticəsiz qalıb və Serranın öldüyü elan edilib. Serranın suya sərt şəkildə düşməsi səbəbindən huşunu itirdiyi və daha sonra boğulduğu güman edilir.

Oskar Serranın xatirəsini xatırlamaq istəyən sörfçülər, Serranın öldüyü çimərlikdə anım mərasimi təşkil ediblər.

Turqay Musayev