Pakistan agentliyi Azərbaycan jurnalistlərini Milli Mətbuat Günü münasibətilə - TƏBRİK EDİB

21 İyul 2021 12:07 (UTC+04:00)

Pakistanın “Dispatch News Desk” (DND) xəbər agentliyi 22 iyul - Milli Mətbuat Günü münasibətilə dost Azərbaycan jurnalistlərini təbrik edib. SİA xəbər verir ki, agentliyin internet səhifəsindəki məlumatda işğal altındakı ərazilərin azad olunması ilə nəticələnən 44 günlük müharibədə Azərbaycan mediasının oynadığı rol alqışlanıb. Qeyd olunub ki, Azərbaycan mediası beynəlxalq media ilə sıx təmasda idi və döyüş bölgəsindən etibarlı məlumatlar yayırdı.

DND agentliyi yazır ki, Azərbaycan və Pakistan mediasının əməkdaşlığı hər tərəf üçün faydalı olub. Belə ki, Pakistan kütləvi informasiya vasitələri hərbi əməliyyatlar zonasından doğru xəbərləri Azərbaycan mediasından alırdı, beləliklə, Azərbaycan həqiqətləri də Pakistan mediası vasitəsilə dünyaya yayılırdı.
Agentlik gələcəkdə iki ölkə mediası arasında əməkdaşlığın daha da dərinləşməsinə ehtiyac olduğuna, bunun xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə təsir edəcəyinə inanır.

Məqalədə təməli böyük maarifçi və naşir Həsən bəy Zərdabi tərəfindən qoyulan milli mətbuatın həmişə Azərbaycanda mütərəqqi ideyaların və ölkənin ictimai-siyasi həyatının carçısı olduğu vurğulanıb. Bundan başqa, Azərbaycanda jurnalistikaya dövlətin göstərdiyi diqqət və qayğıdan söz açılıb.