Dinlərdə qurban anlayışı - ARAŞDIRMA

20 İyul 2021 14:25 (UTC+04:00)

Bəşəriyyət yarandığı gündən bir çox din öz əhatisini yarada bilib. Bu dinlərin hər birində qurmaq kimi adətlər olub. Bu qurbanlarla Tanrıdan istədiklərinin yerinə yetəcəyinə inananlar heyvanları, meyvələri, hətta insanları qurban verirdilər.

İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. Əslində qurban ayini İslamdan çox-çox əvvəllər, müxtəlif ölkələrdə müxtəlif cür icra olunurdu. Məsələn, qədim dövrlərdə qurban verilənlərin əksəriyyəti hərbi əsirlər olmuşdur. Çünki müharibədə ələ keçirilən əsirləri saxlamaq əlverişli deyildi, onlar izafi məhsul yaratmır, xüsusi gözətçi tələb edir və başqa əlavə qayğılar doğururdular. Buna görə də onların qurban verilməsi ən əlverişli və müqəddəs əməliyyat sayılırdı.

Məsələn qədim vaişnavizmdə və induizmdə qurban mərasimi böyük bir ocağın kənarında həyata keçirilir. Tanrını vəsf edən nəğmələr söylənir və ocağın kənarına Tanrıya təqdim edilən bütün qidalar düzülür. Daha sonra Tanrı Krişnanın bu qidaları qəbul etməsi üçün müvafiq dualar-mantralar oxunur. Vaişnavlar inanırlar ki, Tanrı ona təklif edilən qidalara öz enerjisini hopdurur”.

Cəmiyyətin ictimai-iqtisadi inkişafının müəyyən pilləsində, insan əməyinin məhsuldarlığı artıb izafi məhsul yaratmağa başladıqda, yəni cəmiyyət siniflərə bölündüyü zaman hərbi əsirləri qurban verib öldürmək əvəzinə, onları qula çevirib işlətməyə başladılar. Bu dövrdən etibarən allahlara verilən qurbanlar əsasən heyvanlardan ibarət oldu. Ev heyvanları və quşları qurban vermək adət halını aldı.

İslam dininə görə, qurbankəsmə İbrahim peyğəmbər ilə bağlıdır. Dini rəvayətə görə, uzun müddət övlad sahibi olmayan İbrahim, Tanrıdan o şərtlə bir oğul istəyir ki, daha sonra onu münnətdarlıq üçün Tanrıya qurban versin. İsmayıl adlı oğlu dünyaya gəlir və müəyyən bir yaşa çatanda Tanrı öz peyğəmbərini sınamaq üçün yuxusunda İbrahimdən sözündə durmasını və oğlunu qurban etməsini tələb edir. İbrahim Tanrının bu əmrini tərəddüdsüz yerinə yetirməyə gedir. Amma Tanrı öz bəndəsinin sədaqətinə inandığı və onun övlad qanı axıtmaması üçün qeybdən qoç peyda edir və oğlunun əvəzində qoçun qurban edilməsi istəyir.

Nüfuzlu türk ilahiyyatçı alimi Yaşar Nuri Öztürk isə məsələyə daha da humanist mövqeydən yanaşır. O hesab edir ki, Quranda heyvan kəsmək deyə bir adət yoxdur: “Çünki Qurban Allaha yaxınlaşmaqdır, Ona isə qan tökərək yaxınlaşmaq olmaz”. Alimin fikrincə, bu sadəcə adətdir və Həccə gələnlərə yemək təqdim etmək üçün edilib: “Peyğəmbərin səhabələri də heyvan kəsməyib və bunun dini əmr yox, sadəcə adət olduğunu deyiblər. Peyğəmbər özü isə yalnız Həcc vaxtı qonaqlarına yemək vermək üçün heyvan kəsdirib.

İslami qaydalara görə, qurban edilən heyvan Allah üçün kəsilir. “Onların nə ətləri, nə də qanları Allaha çatır. Ona sadəcə sizin düşüncə və niyyətiniz çatır”. (Həcc 22/37)

Dinşünas-alim Nəriman Qasımoğlu, qurban kəsməyə birmənalı yanaşmır: “Qurban kəsmək əmri yalnız və yalnız Həzrəti peyğəmbərə xitab edilən bir xüsusdur. Başqa müsəlmanların qurban kəsmələri bir fərz deyil, amma peyğəmbərin bir sünnətini, yəni onun qoyduğu qayda-qanunu icra etmək mütləqdir. Bu, İlahidən gələn bir əmr olub, zamana və hadisəyə görə. Tanrı indi hamıya əmr etmir ki, kəsməlisən. Ey müsəlmanlar, qurban kəsin! - deyə bir əmr yoxdur”.

İnsanlıq tarixində ilk təktanrılı din hesab olunan Zərdüştlükdə (Mazd-Yasna) qurban mərasimi hər zaman ən vacib rituallardan biri olub. Qurban Tanrının ən güclü maddi enerjisi sayılan Od vasitəsilə verilirdi. Novruz, Xvarna kimi bayramlarda böyük tonqallar yandırılır, muğlar (maqlar) meyvə-tərəvəz, dənli bitkilər, gül-çiçək kimi təbiət nemətlərindən Oda atmaqla Tanrıya qansız qurbanlar verərdi.

Tanrıçılıq, şamançılıq kimi ən qədim din olan Zərdüştlükdə də qurban mərasimi humanizmə, sülhə əsaslanıb. Zərdüştlüyün müqəddəs kitabı olan “Avesta”da insan və heyvanların qurban verilməsiqətiyyətlə pislənir. Tanrıya yalnız bar verən bitkilərin məhsulları qurban edilir. Belə ki, həttacanlı olan bitkinin özünün yox, barının qurban edilməsi canlının öldürülməsinin qəbul edilmədiyini göstərir.

“Mazd-Yasna”da və sonralar onun ilkin ehkamlarının bərpası məqsədilə yaranmış maniçilik, məzdəkilik, hürrəmilik, sufilik kimi dini təlimlərdə qurban mərasimləri demək olar ki, tamamilə eyni olub. Bu mərasimlərin bəzi elementləri bu gün Novruz bayramı vasitəsilə yaşamaqda olsa da, bir çoxu unudulub. Zərdüştlük ilkin vaxtlarda qansız qurban mərasimlərinin davamlı keçirildiyi din olub, lakin sonradan ideoloji deqradasiya gedib və heyvanların da (xüsusilə atın) qurban edilməsi də rituallara daxil edilib.

Beləliklə dinlər bu mövzuda da ziddiyətlər təşkil edir. Məsələn İslam xadimlərinin inandığına görə, Atəşpərəstlər qurban kimi insanı kəsirmişlər. Eyni zamanda günümüzdəki atəşpərəstlər də müsəlmanlarlın heyvanları öldürərək qurban verməsi ilə barışmır. Hətta onlar iddia edir ki, qan tökərək qurban verənlər Zərdüştün inancına sahib ola bilməz. Bu cür hallar yalnız atəşpərəstliyin bəzi degenerasiyaya uğramış radikal qollarında ola bilər.

Radikal degenerasiya nümunələri isə bütün dinlərdə olduğu kimi müsəlmançılıqda da kifayət qədər görünməkdədir. Bu səbəbə görə də heç bir inancı ümumiləşdirərək onu pisləmək düzgün olmazdı.