Çörək pomidor deyil ki, suya salıb yuyasan - DİQQƏT! - QİDA TEXNOLOQU AÇIQLADI

16 İyul 2021 12:48 (UTC+04:00)

“İstər çörək sexlərində, istərsə də hər hansısa bir müəssisədə olsun kritik kontrol nöqtələrinə nəzarət başda durmalıdır. Yəni, qida zəncirində istehlakçının alıcıya təqdim edəcəyi qida məhsulu tam sağlam şəkildə olmalıdır. Bunun üçün qida məhsullarının emalı, saxlanması, istehsalı və daşınmasında qida zəncirinə diqqət və nəzarət güclü olmalıdır ki, pozulma olmasın”. Bu sözləri SİA-ya açıqlamasında qida texnoloqu Ağa Salamov deyib.

Onun sözlərinə görə, nəzərə alsaq ki, çörək sexləri istehsal yönümlü təşkilatdır və çörək istehsal edirlər, onlar qanun normativlərinə əməl etməlidirlər: “Həmçinin, sanitariya qaydaları da gözlənilməlidir. Yəni, işçi heyəti həftədə bir dəfə koronavirus testi olmalıdır. Bunun üçün istehsalyönümlü təşkilata xüsusi həkim təyin olunmalıdır. Onlar ümumi tibbi nəzarətdə olub sağlam olmalıdırlar. Həmçinin, altı aydan bir həkim müayinəsindən keçməlidirlər. Bütün bunlarla yanaşı işçilərin müəssisəyə girişində dizinfeksiyaedici vasitələr olmalıdır. Şəffaf sabunla əlləri yuyulub spirtlənməli, daha sonra vahid formada müəssisəyə daxil olub işlərini davam etdirməlidirlər”.

Texnoloq sözlərinə belə davam edib: “Eyni zamanda, işçi heyəti çarpaz çirklənməni nəzərə alaraq çörəklə təmasda olub ona əllə toxunmalı deyillər. Bunun üçün də istər mayalanmada, istərsə də kündələnmə prosesində maska və əlcəkdən istifadə olunmalıdır. Çörəyə əllə toxunmaq olmaz. O pomidor deyil ki, suya salıb yuyasan. Çörək daşıyan insanlar da uniformada olmalıdır. Çox təəssüflər olsun ki, bu gün çörək daşıyan sexlərin əməkdaşları uniformasız, maskasız, əlcəksiz və ağızlarında siqaretlə marketlərə çörək verirlər. Bu hallar heç xoş deyil. Müəssisələr bu kimi mənfi halları nəzərdə almalıdır”.

“Çörək sexləri çox vaxt unun ələkdən keçirilməsinə də fikir vermir. Nəticədə, çörəklərin içində milçək ölüsü, metal, şüşə qırıntısı, sap kimi şeylər çıxır. Çoxpilləli ələkdən keçən un çox narın olur. Bəzən sexlər çörək daşıyıcı lentin üzərini belə təmizləmirlər. Çörəklərin altı da bu səbəbdən qapqara və yağ olur”.

“Həmçinin, avadanlıqlar da, buraya xəmiryoğurma, küdələmə və s. kimi aparatlar daxildir ki, onlar da təmizlənməlidir. Bir də çörək qarışdırılan vannalar və ləyənlər var ki, bunların hamısı yuyulmalıdır. Bəzi sexlər bu qaydaların heçbirini gözləmirlər”.

Ayşən Vəli