Erməni təxribatları gənclər təşkilatlarının gözü ilə - SORĞU

15 İyul 2021 18:44 (UTC+04:00)

“Bütün törədilən təxribat cəhdləri ermənilərin barışa bilmədiyi böyük məğlubiyyətlərinin çırpınışlarıdır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki şanlı qələbəsindən sonra Ermənistan daxili xaosa məhkum oldu". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov deyib.

Onun sözlərinə görə, Ermənistandakı siyasi böhran hələ də davam etməkdədir: "Bu vəziyyətin çıxılmazlığı o həddə çatıb ki, bu tip təxribat cəhdləri ilə Ermənistan hakimiyyəti daxili stabilliyə nail olmaq istəyir. Lakin başa düşmək istəmirlər ki, bütün bunlar əbəsdir. Ermənistan regionda yaranmış yeni reallığı nə qədər tez qəbul etsə, bu onlar üçün o qədər yaxşı olar. Proseslərə bu müstəvidə yanaşmaq onları sadəcə hər keçən gün geri dönülə bilməyən bir uçuruma aparır. Cənab Prezidentin də qeyd etdiyi kimi Azərbaycan qalib dövlət olaraq Ermənistana sülh müqaviləsi imzalanmasını təklif edib. Ona görə də erməni xalqı da başa düşməlidir ki, onlar üçün yeganə qurtuluş yolu Azərbaycan tərəfindən bölgədə formalaşdırılmış yeni reaılıqlara uyğun hərəkət etməkdir. Azərbaycan gəncliyi həm döyüş meydanında, həm informasiya müharibəsində öz qələbəsini açıq şəkildə nümayiş etdirdi. İnformasiya müstəvisində ermənilər tərəfindən yayılan istənilən dezinformasiya dərhal müəyyən edilir və neytrallaşdırılır. Bu yola əl atmaqla onlar sadəcə özlərini daha da rüsvay edirlər”.

"Davam" Gənclər Hərəkatının Baş katibi Nigar Aslanova: “44 günlük Vətən müharibəsində Azərbaycanın qarşısında ağır məğlubiyyətə uğrayaraq darmadağın olan işğalçı Ermənistanın təcavüzkar hərbi birləşmələri təxribatçı əməllərini hələ də davam etdirirlər. İyulun 14-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması da bunun bariz nümunəsidir. Bu fəaliyyətlərlə Ermənistan bir daha üçtərəfli birgə bəyanatın şərtlərni yerinə yetirmək fikirində olmadığını nümayiş etdirir. Mənfur düşmən məğlubiyyəti qəbul etməyərək bir çox təxribatlara əl atır. İstər işğaldan azad olunmuş əraziləri tərk edərkən eko-terrorun törədilməsi, istərsə atəşkəsi pozmaq kimi aktlara əl atmaları və beynəlxalq arenada əsassız iddialar irəli sürərək Azərbaycanın nüfuzuna xələl gətirməyə çalışırlar. Azərbaycanın Silahlı Qüvvələri, qəhrəman əsgərlərimiz səbəblərindən asılı olmayaraq cəbhə xəttində erməni tərəfinin törətdiyi hər bir təxribata həmişə layiqincə cavab verib. Ermənistan öz məğlubiyyətini anlayır və odur ki, münaqişənin miqyasını böyütməyə çalışır. Lakin qırx dörd günlük müharibənin yekunu olaraq Ermənistanın işğal faktına son qoyulması ilə Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu. Prezident İlham Əliyev ötən gün Böyük Qayıdış prosesinin Zəngəzur, Göyçə və İrəvanı da əhatə edəcəyini rəsmən elan etdi. Nə qədər bu cür xırda müqavimətlər olacaqsa, Azərbaycan siyasi-strateji və hərbi hədəfləri də bir o qədər genişlənəcək. Liderimiz İlham Əliyevin dediyi kimi “Dəmir Yumruq” hər zaman öz yerindədir”.

ATGT-nin sədri Pərviz Mirələmli: “2021-ci il iyul ayında Ermənistan silahlı qüvvələrinin mütəmadi olaraq sərhəd xəttində törətdikləri təxribat hadisələri regional sülhün və regionda kommunikasiyaların açılmasına qarşı yönəldilən çirkin mahiyyətindən xəbər verir. Biz, tələbələr adından Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı olaraq Ermənistanın üçtərəfli sazişə görə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi və təxribatlar törətməsini şiddətlə qınayırıq. Qürur hissi ilə vurğulayırıq ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman ordumuz tərəfindən Ermənistanın hər bir təxribatına layiqincə cavab verilib və veriləcəkdir. Cənab Prezidentin dəfələrlə qeyd etdiyi kimi “Azərbaycan toqquşma məkanı deyil, əməkdaşlıq yeri olmalıdır.” Biz ümid edirik ki, tez bir zamanda Ermənistan səhvlərindən dərs çıxaracaq və regionda dayanıqlı sülhün bərqərar olması üçün öz konstruktiv mövqeyini göstərəcəkdir”.

"İrəli" İctimai Birliyinin sədri Şahin Rəhmanlı: “Son günlər Naxçıvan MR-nın ərazisinin atəş altında saxlanılması, Şuşa istiqamətində törədilən təxribatlar Ermənistana heç nə vəd etmir və 10 Noyabr 3 tərəfli sazişinin müddəaları ilə birbaşa ziddir. Ermənistan tərəfinin sərgilədiyi mövqe bölgədəki dayanıqlı sülh və təhlükəsizliyin inkişafının qarşısını alır. Qarşı tərəf bilməlidir ki, 10 noyabr sazişinin bəndlərinə bütövlükdə əməl edilməlidir. Bundan sonra gərək onlar sülh quruculuğunda maraqlı tərəf olsunlar, sərhədlərin müəyyənləşdirilməsi prosesinə aktiv şəkildə qoşulsunlar. Əgər Ermənistan tərəfi bölgədə sülh və inkişaf istəyirsə, başa düşməlidir ki, bunun ilk şərti beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməkdir. Onlar Azərbaycanın ərazi bütövlüyünü tanımalı və təxribatlardan əl çəkməlidir. Biz müharibə istəmirik, lakin qarşı tərəf də unutmamalıdır ki, “Dəmir yumruq” yerindədir.

Azərbaycan əsgəri, Azərbaycan gənci hər zaman Ali Baş Komandanın əmri ilə Vətənin müdafiəsinə qalxmağa hazırdır. Bunun bariz nümunəsini 44 günlük “Vətən Müharibəsində” bütün dünya gördü. Ölkə başçısı cənab İlham Əliyev 26 iyun Silahlı Qüvvələr Günündə çıxışı zamanı bildirmişdi: “Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək və bu, şübhəsizdir. O cümlədən bizim hərbi gücümüz artacaq. Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır. Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqləndi. Deyə bilərəm ki, Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. Biz İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, əlbəttə ki, öz hərbi gücümüzü artıracağıq. Ermənistanın isə, əgər onlar yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsələr, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur. Ona görə biz güclənəcəyik. Ermənistanın inkişafı üçün də yeganə yol var - öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək. Çünki Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur.” 7 iyul tarixində imzalanan fərman da bir daha sübut edir ki, artıq “Dağlıq Qarabağ” anlayışı tarixə qovuşub. İndi Qarabağ var və Qarabağ Azərbaycandır!”.