Həssas qrup insanlara qayğının bariz nümunəsi - TƏHLİL

15 İyul 2021 16:47 (UTC+04:00)

Hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibədən sonrakı mövcud durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti hər bir dövlət və cəmiyyət üçün vacib sayılır. Lakin, Azərbaycanın timsalında, bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində vətəndaş amili əsas götürülən dövlətlər yalnız bu kimi çağırışların öhdəsindən gəlirlər. Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin, eləcə də qazilərimizin ailələrinə son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da göstərilən qayğı bunu deməyə əsas verir.

Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı bütün ölkələr üçün nümunəvi sayıla bilər. Bu nümunəvi yanaşma ölkə ictimaiyyəti tərəfindən də bəyənilir, alqışlanır. Xüsusən, Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin, qazilərin ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin, onların ailələrinin mənzil və avtomobillərlə təmin olunmasını ictimaiyyətimiz çox müsbət qarşılayır.

Məsələ burasındadır ki, şəhidlərin və qazilərin ailələrinə ölkə başçısı, cənab Prezident İlham Əliyevin göstərdiyi qayğı ardıcıl və sistemli xarakter daşıyır. Artıq ölkə rəhbərinin bu kimi qayğılarının dövlət siyasətinin mühüm prioritetinə çevrildiyi günün reallığıdır. Məsələn, müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının vaxtaşırı tikilib istifadəyə verilməsi bunun əyani sübutudur və Vətən müharibəsində iştirak etmiş, şəhid, yaxud qazi olmuş şəxslərin ailələrinin mənzil-məişət şəraitinin daha da yaşlışadırılmasının tez-tez şahidi oluruq.

Cənab Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamı xüsusilə diqqəti cəlb edir və son dərəcə təqdirə layiqdir. Sərəncama uyğun olaraq 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi evin verilməsi nəzərdə tutulub ki, bu məhz Azərbaycan dövlətinin, ölkə başçısının diqqət və qayğısının bariz nümunəsidir. Diqqətə çatdıraq ki, bütün bunlar yalnız kağız üzərində deyil və təkcə bu il ərzində 3 minədək mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim ediləcək. Onu da nəzərə çatdıraq ki, onlardan artıq 470-i öz sahiblərinə verilib. Ümumilikdə isə, şəhid ailələri, müharibə əlilləri və onlara bərabər tutulan şəxslər bu zamanadək, indiyə qədər 9670 mənzil və fərdi evlə təmin edilib.

Azərbaycanda uğurlu və mütərəqqi sosial siyasət həyata keçirilir ki, bu da yalnız dinamik inkişaf tempinə malik olan dövlət üçün xarakterikdir. Sosial siyasətin inkişaf dinamikasının ölkəmizdə yüksələn qrafikə malik olması isə təkzibolunmaz reallıqdır. “Azərbaycan güclü sosial siyasət aparmaqla həm öz dövlət siyasətini, öz niyyətini göstərir, həm də ki, insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün çox böyük işlər görür. Biz gələcəkdə bu siyasəti davam etdirəcəyik və ehtiyacı olan, növbədə dayanan hər bir insanın məişət problemlərinin həlli üçün çalışacağıq... Azərbaycan dövlətinin iqtisadi imkanları böyüyür, möhkəmlənir...”, deyən cənab Prezident İlham Əliyevin sosial siyasətinin əsas gücünü ədalətlilik, bərabərlik və ünvanlılıq təşkil edir.

Bəli, Azərbaycanda aztəminatlı, ailə başçılarını itirən, məxsusi olaraq, şəhid və qazi ailələri, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Başqa sözlə, dövlətimiz tərəfindən xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsi yüksək səviyyədə təşkil edilir. Onu da diqqətə çatdıraq ki, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə davamlı xarakter daşıyan yüksək dövlət qayğısının təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Heydər Əliyev tərəfindən 1994-cü il avqust ayının 26-da imzalanan “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində atılan ilk addım olub. Həmin Fərmanın imzalanması ilə müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlərə start verilib və bu, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Cənab Prezidentin diqqət və qayğısının növbəti təzahürü olaraq, 14 iyul tarixində ölkə başçısının iştirakı ilə Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinin ailələri üçün yeni salınmış yaşayış kompleksinin təqdim edilməsi şəhid və qazilərin ailələrinin mənzil-yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin davamlılığını isbatlayır. Nəzərə alaq ki, 810 mənzildən ibarət yaşayış kompleksi elə həmin sayda da şəhid və qazi ailəsinin mənzil-yaşayış şəraitinin yaxşılaşdırılması deməkdir və əminik ki, bu, hələ davam edəcək. İşıqlı, geniş mənzilləri olan və şəhid, eləcə də qazi ailələrinə təqdim edilən yaşayış kompleksi üçün nəzərdə tutulan 620 nəfərlik məktəb, eləcə də uşaq baxçası da artıq istifadəyə, fəaliyyətə hazırdır. Bu isə ondan xəbər verir ki, şəhid və qazilərimizin ailələrinin rahat yaşamaları üçün təkcə mənzil deyil, bütün şərait və imkanlar yaradılıb. Əsil dövlət qayğısı məhz budur ki, onu ölkə rəhbəri xüsusən şəhid və qazilərin ailələrinə göstərir.

Dünyanın bir çox ölkələrində müharibələr olub, var və olacağı da təkzib edilə bilməz və bu müharibələrin itgilərlə nəticələndiyi də sirr deyil. Müharibələr zamanı istənilən dövlətin vətəndaşlarının, hərbçilərinin həlak olması da anlaşılandır. Məsələ burasındadır ki, heç də bütün ölkələr Azərbaycan dövlətinin öz şəhidinə göstərdiyi qayğını göstərmir. Bəli, özünün ölmüş əsgərini aylarla soyuducuda saxlayan, onu gizlədən, ölən hərbçilərə son dərəcə hörmətsizlik edən Ermənistan istisna olmaqla, bir çox ölkələrdə həlak olan müharibə iştirakçılarının ailələrinə müəyyən vəsait ayrılır, bəziləri aylıq təqaüdlə təmin edilirlər, amma, müharibədə nəinki həlak olanların, eləcə də yaralananların mənzillə təmin edilməsi, yaşayış şəraitinin yaxşılaşdırlması bir nümunədir və Azərbaycan bu nümunəni bütün dünyaya göstərir. Özü də düz 30 ildir. Bu da öz növbəsində təkcə şəhid və qazi ailələrində deyil, bütün Azərbaycan vətəndaşlarında fəxarət, qürur hissi doğurur.

Şəhid və qazilərin məqamı onsuz da Allah qatında ucadır, dinimizdə, imanımızda canını vətən uğrunda fəda edən, şəhidlik və qazilik zirvəsinə ucalanlara ehtiram olunur, cəmiyyətimizdə şəhid və qazilərin məqamı da hər məqamdan üstündür. Bir sözlə, şəhid və qazi ailələri cəmiyyətimizdə hörmət, ehtiram və qayğı ilə əhatə olunublar, amma dövlətimizin də bütün ölkələr üçün nümunə olacaq qayğısı xüsusi diqqətə və həqiqətən də, təqdirə, tərifə layıqdir.

İnam HACIYEV

QEYD: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin mövzusuna uyğun dərc edilir