"Qoşulmama Hərəkatında Azərbaycanın fəal sədrlik etməsi..." - DEPUTAT AÇIQLADI

15 İyul 2021 13:20 (UTC+04:00)

“Qoşulmama Hərəkatı Birləşmiş Millətlər təşkilatından sonra dünyanın ən böyük blokudur. Burada təmsil olunan təşkilat və ölkələr də digər ölkələrin daxili işlərinə qarışmama yolunu tuturlar. Onlar başqa hərbi bloklara qoşulmaq istəmirlər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Razi Nurullayev deyib.

Onun sözlərinə görə, bu ölkələr başqa ölkələrin işinə qarışmaq istəmir: “Azərbaycan da bu ölkələr sırasındadır. Azərbaycanın sədrlik etməsi isə onunla nəticələndi ki, 44 günlük müharibə ərzində Qoşulmama Hərəkatına daxil olan ölkələrin əksəriyyəti Azərbaycanın haqq işinin yanında dayandı, müxtəlif belə haqq platformalarında Azərbaycanın haqq işini müdafiə etdilər və bu gün də etməkdədirlər”.

Razi Nurullayev sözlərinə belə davam edib: “Təbii ki, Qoşulmama Hərəkatında Azərbaycanın fəal sədrlik etməsi Azərbaycanın həm xalq olaraq nüfuzunu qaldırmış oldu, həm də Azərbaycan bu təşkilatın sədri kimi öz fikrini müxtəlif platformalarda həm eşitdirə, həm də qəbul etdirə bildi. Bu baxımdan Qoşulmama Hərəkatında Azərbaycanın olması və sədrlik etməsi Azərbaycana xeyli nüfuz qazandıraraq, müxtəlif məsələlərdə işlərini həll etməyə köməklik göstərdi. Həm də, elə Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT-nin Assosasiyası çağırıldı və bu da Covid-19 pandemiyasına həsr olunmuşdu. Bu çox maraqlı bir platforma və birlikdir. Azərbaycanın da bu platformada sədrlik etməsi ölkəmiz adına fəxrdir”.

Ayşən Vəli