Antiterror əməliyyatlarına ehtiyac yaranıb (?!) SİYASİ RAKURS+ÖZƏL

14 İyul 2021 14:31 (UTC+04:00)

Ermənistanla sərhəddə və Qarabağda baş verən təxribatlara daha sərt və daha qətiyyətli cavabların verilməsi zamanı çatıb

Ermənistanın, eləcə də mövcud olmayan qondarma rejimin Azərbaycan xalqına qarşı törətdiyi hərbi cinayətlərinə göründüyü kimi son verilmir. Əvvəlcə Şuşa şəhəri ətrafında, müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətlərinə verilmiş ərazilərdə atəşkəs pozuldu, daha sonra isə Naxçıvandakı dövlət sərhədində baş vermiş erməni silahlı təxribatı nəticəsində bir hərbi qulluqçumuz yaralandı. Eləcə də, düşmən tərəfində bir hərbi qulluqçunun öldürüldüyü barədə məlumat öz təsdiqini tapdı.

Ermənistanla sülh dilində danışmağın mümkünsüzlüyü özünü təsdiq edir

Lakin fakt budur ki, son vaxtlar fəallaşan və göründüyü kimi, aldığı sarsıdıcı məğlubiyyəti ilə barışmaq fikrində olmadığını, eləcə də Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmədiyini açıq-aşkar şəkildə nümayiş etdirən Ermənistan tərəfi zaman-zaman revanşçılıq xislətini ortaya qoyur. Halbuki belə bir yanlış addımların atılmasının istər ümumi ölkə üçün, istərsə də erməni xalqı üçün hər hansı yaxşı nəticə verməyəcəyini elə erməni tərəfinin özü də yaxşı bilir və dərk edir. Amma bütün bunların müqabilində mənfur əməllərin davam etdirilməsi İrəvanın kirli məqsədlərinin olduğunu büruzə etməkdədir.

Misal üçün, əgər biz azad edilmiş torpaqlarımızda basdırılmış minalı ərazilərin xəritələrinin verilməməsi inadkarlığını, vətəndaşlarımızın və hərbçilərimizin həmin minaların partlaması nəticəsində ya həyatlarını itirmələrini, ya da əlil qalmalarını da buraya əlavə edərsək, Ermənistanla ümumiyyətlə, sülh dilində danışmağın mümkünsüzlüyünü dəfələrlə isbatlamış olarıq. Yəni atəşkəs imzalanıb, üçtərəfli bəyanat qəbul edilib, amma müharibə bitməyib və hazırda sərhədyanı bölgələrdə və Qarabağda baş verən silahlı təxribatları da qeyd edərsək, bu zaman Azərbaycanın antiterror əməliyyatlarına başlamaq hüququna malik olduğunu artıqlaması ilə vurğulaya bilərik. Zatən Ali Baş Komandan, Müzəffər Sərkərdəmiz cənab İlham Əliyev sözügedən mövzulara toxnaraq dəfələrlə xəbərdarlıqlarını irəli sürüb. Səbr isə tükənməz deyil...

Azərbaycanın hərbi əməliyyatlar keçirərək ərazilərimizi terrorçu, diversant qalıqlarından təmizləməsi heç bir beynəlxalq hüquqa zidd deyil

Beləliklə, Ermənistanın sərhəd zonalarındakı və Qarabağdakı təxribatları fonunda Azərbaycanın antiterror əməliyyatları keçirmək bilavasitə haqqıdır. Bu torpaqlar bizim əzəli torpaqlarımızdır və məhz buna görə də Azərbaycanın hərbi əməliyyatlar keçirərək ərazilərimizi terrorçu, diversant qalıqlarından təmizləməsi heç bir beynəlxalq hüquqa zidd deyil. Biz, bu reallığı 44 günlük zəfər yürüşü zamanı da müşahidə etdik. Hətta Ermənistanın güvəndiyi KTMT belə, İrəvanın yalvar-yaxırlarını, tələblərini vecinə belə almadı, rədd etdi və bu savaşda Azərbaycanın ədalətli mövqeyinə necə deyərlər, dolayısı ilə dəstək göstərdi.

Yeri gəlmişkən, onu da xatırlada bilərik ki, məhz, 10 noyabr razılaşmasından sonra təxribat törədən revanşist qüvvələrin terror əməllərinin qarşısını almaq üçün Azərbaycanın xüsusi xidmət orqanları antiterror əməliyyatları keçirib. Nəzərə alsaq ki, bu gün də bənzər təxribatlar davam edir, əlavə olaraq Xankəndidəki başıpozuq separatçılar sərsəm bəyanatlar səsləndirir onda sözügedən əməliyyatların qısa müddətdə başlayacağını, qısa müddətdə də bitiriləcəyini proqnozlaşdıra bilərilk. Sözsüz ki, peşəkar, qüdrətli Azərbaycan hüquq-mühafizə orqanları, Azərbaycan Ordusu bu cür təxribatların qarşısını almağa qadirdir.

Heç bir cinayətkar, heç bir terrorçu və separatçı istər ölkəmizə sərhəd zolaqlarında, istərsə də Azərbaycanın ərazisində bu hadisələri törədə bilməz. Bu gün Azərbaycan xalqı da hər zamankı kimi inanır və ümidvardır ki, sərhədlərimizi pozmağa, terror aktına cəhd etməklə mina basdırmağa çalışanların qarşısının alınması üçün Azərbaycan əlindən gələni edir və belə davam edərsə, bu dəfə daha qətiyyətli və sərt addımlarını atacaq.

Rövşən RƏSULOV