Qadının geyimi yoxsa üzündəki ifadə önəmlidir?? - PAYTAXT SAKİNLƏRİ - SORĞU

14 İyul 2021 13:18 (UTC+04:00)

Son günlərdə qadınların açıq-saçıq geyinməsi sosial şəbəkələrdə, cəmiyyətdə mütəmadi olaraq gündəmdədir. Bəs, gəlin görək paytaxt sakinləri bu cür hallara necə baxır? SİA mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənməyə çalışıb.

Paytax sakini Ceyran Kərimova: “Qadınların açıq-saçıq geyinməsinə normal baxmıram. Allah qadını qadın olaraq yaradıb. Qadın ciddi olmalıdır. Bura Azərbaycandır, Avropa deyil. Qadın abır-həya etməlidir, utanmalıdır. Şəhərdə hamı görür iki uşaq anası açıq-saçıq geyinib, saçı rəngli, dodağı silikon. Bu cür insan övladlarına hansı tərbiyəni verə bilər?”.

Paytaxt sakini Ayşə Kərimova: “Qadınların açıq-saçıq şəkildə geyinməsinə normal baxıram. Öz işləridir. Necə istəyirlərsə, elə də geyinə bilərlər. Mən özüm də tərz olaraq açıq-saçıq geyinirəm. Amma bunun mənim əxlaqımla, namusumla heç bir əlaqəsi yoxdur. Ailədə də problem etmirlər. Çünki bilirlər ki, özümü göstərmək üçün yox, özüm üçün geyinirəm”.

Paytaxt sakini Ümid Xəlilli: “Düzdür, hər kəsin öz şəxsi həyatı var. Amma açıq-saçıq geyinməsələr, daha yaxşı olar. O cür geyinib, qırağı da korlamaqları heç düzgün deyil. Hər kəsin öz düşüncəsi var və hər kəsin düşüncəsi fərqlidir. Açıq-saçıq geyinənlərə normal baxmıram və hörmət də eləmirəm”.

Paytaxt sakini Sara Abdullayeva: “İfrat dərəcədə açıq-saçıq geyinirlər. İndiki geyimlər çox pisdir. Başa düşmürəm bu insanların ataları, yoldaşları hara baxırlar? Mən özüm də açıq-saçıq geyimi xoşlamıram və geyinmirəm. Birincisi ailəm qoymur, ikincisi özüm də xoşlamıram və geyinmərəm”.

Paytaxt sakini Aytac Mikayılova: “Açıq-saçıq geyinənlərə pis baxmıram. Məncə, bu normaldır. Mən hicablı olduğum kimi, başqası da açıq-saçıq geyimlə gəzə bilər. Hərənin öz düşüncəsi var. Heç kəs heç kəsin geyiminə fikir bildirə bilməz. Əgər hər hansı biri nəfsinə sahib çıxa bilmirsə, bir qadının geyiminə görə, fikir bildirirsə, deməli həmin insan normal düşüncədə deyil”.

Paytaxt sakini Dilşad Abışova: “Qadınların sinəsi açıq, qısa paltarda geyinməsi onların özlərinə xoş təəssürat bağışlaya bilər. Amma qıraqdakılara xoş təsir bağışlamır. Müasirlik adı altında açıq-saçıq geyinmələri normal deyil. Düzdür, onların öz fikri var. Amma fikrimcə, düzgün deyil”.

Paytaxt sakini Şəhla Abbasova: “Hərə özünə nə yaraşırsa, onu da geyinməlidir. Xüsusilə cavanlar açıq-saçıq geyinir. Mən yaraşdırıram. Müasir dövrdür. Bu cür geyinənlərə qıraqdan pis baxan insanları qınayıram. Çünki hərənin öz həyatı var, fikirləri var. Kimsə buna görə, kimisə günahlandıra bilməz”.

Paytaxt sakini Yusif Məmmədov: “Qadınların açıq-saçıq geyinməsi düşünürəm ki, heç də normal hal deyil. Çünki bir çox insan bu cür insanları normal qarşılamır. Mən özüm də bu cür geyinən insanları xoşlamıram. Qadınlar daha normal şəkildə geyinməlidirlər”.

Paytaxt sakini Aytac Hüseynova: “Məncə hər şeyin öz normasında olması daha yaxşıdır. Ona görə də, açıq-saçıq geyimin də bir norması olmalıdır. Qadınların həddindən artıq açıq-saçıq geyinməsini normal qarşılamıram. Mən özüm də geyinmirəm. Həm ailəm icazə vermir, həm də özüm də xoşlamıram”.

Paytaxt sakini Xədicə İbrahimova: “Mən açıq-saçıq geyinmirəm. Geyinənlərə də normal baxmıram. Hər şeyin bir norması var. Geyimi də normal geyinsələr, daha yaxşı olar”.