Separatçıların matəm əhval-ruhiyyəsi və panika vəziyyəti artıq belə qənaətə gəlməyə zəmin yaradır ki, mövcud hal yerli əhalinin psixikasına da öz kəskin təsirlərini göstərməkdədir
Xankəndidə mövcud olan ağır və çıxılmaz vəziyyət barədə ermənilərin civil.net media qurumunun aparıcısı, jurnalist Geqam Baqdasaryan danışıb. SİA xəbər verir ki, erməni jurnalistinin sözlərinə görə, bu gün Xankəndidə toylar keçirilmir, həm də musiqi səsləri eşidilmir. Yalnız ara-sıra musiqi səsini çox az səslə açırlar. Separatçıların matəm əhval-ruhiyyəsi və panika vəziyyəti artıq belə qənaətə gəlməyə zəmin yaradır ki, mövcud hal yerli əhalinin psixikasına da öz kəskin təsirlərini göstərməkdədir. Hətta iş o yerə çatıb ki, insanlar avtomobillərdən çıxan musiqi səslərinə görə də səs-küy qaldırır, şikayət edirlər. Onlar deyirlər ki, bu, Qarabağ ermənilərinin psixologiyasına cavab verməyən bir vəziyyətdir. Baqdasaryan məlumat verir ki, artıq insanlar yerli psevdoməmurların onlara dedikləri sözləri, verilən vədləri ciddi qəbul etmirlər.

Rusdilli Caliber analitik informasiya mərkəzinin hazırladığı videoreportajda da bu barədə danışılır və erməni jurnalistinin toxunduğu digər nüasnlara diqqət çəkilir.
Bildirilir ki, Qarabağ erməniləri üçün ən alçaldıcı məsələ aldadılmış olmaqdır. SİTAT: “Bizi uşaq kimi aldadıblar” deyə onlar etiraf edirlər. Yerli ermənilər onilliklər boyu aldadıqlarını hələ indi-indi anlamağa başlayıblar. Bir gün ortaya çıxdı ki, onlar üçün heç də təhlükəsizlik amili mövcud deyil. Məlum olub ki, separatçı rəhbərlər əvvəllər olduğu kimi, indi öz həyatlarını yaşayırlar, o insanların hesabına ki, onlar ağır vəziyyətdədirlər”.
Dezertirlərlə bağlı başladılan kampaniya səbəbindən insanlar onsuz da boş qalmış, atılmış bu əraziləri tərk edib gedəcəklər
Geqam Baqdasaryan deyir ki, bu gün Qarabağda yaşayan erməni əhalisinin problemlərindən biri də fərarilik mövzusudur. Yeri gəlmişkən, bu yalnız çağırışçı yaşında olanlara aid deyil, həm də istisnasız olaraq bütün kişilərə aiddir. İnsanlar istəyirlər ki, müharibə vaxtı Qarabağdan qaçanların hər biri məsuliyyət daşısınlar. Həmçinin onların qohum-əqrabalarına iş-güclə məşğul olmağa imkan yaradılmamalıdır və belələri küçəyə çıxmağa utanmalıdırlar.
Jurnalist bildirib ki, artıq indi separatçıların bəzi nümayəndələri dezertirlərlə bağlı başladılan kampaniya səbəbindən insanlar onsuz da boş qalmış, atılmış bu əraziləri tərk edib gedəcəklər. Situasiya absurd xarakteri almağa başlayıb.
Məsələn, yerli politoloq Jirayr Azizyan tələb edir ki, fərarilər və onların qohumları orada heç bir vəzifə tutmaq hüququna malik olmamalı, imtiyaz proqramlarından istifadə etməməli, ancaq bütün hallarda Qarabağda yaşamağa davam etməlidirlər. Sadəcə, demoqrafik statistika xatirinə.

Özünü müxalifətçi adlandıran yerli sakin Tiqran Petrosyan deyir ki, fərarilik mövzusunu zamanında qaldırmaq lazım idi, müharibədən dərhal sonra. “Dəqiqləşdirmək lazım idi ki, kimdə “bron” (müharibədə iştirak etməmək üçün sənəd) olub və nəyə görə? Səfərbərlik vaxtı hazırkı və keçmiş məmurların, generalların övladları harada ididlər? Hansı məmurların övladları müharibə vaxtı xarici ölkələrdə idilər və çağırışılar sırasına cəlb olunmamışdılar? Necə oldu ki, bəzi məmurların övladlarını ümumiyyətlə hərbi komissarlıqlara çağırmadılar? Bütün bunlar baş verib və mən müharibə zamanı digər bir çox hadisələrin şahidi olmuşam. Məmurlar deyirdilər ki, nə vaxt oğurluq, talançılıq məsələsi ortaya çıxırsa onlar, müharibədə iştirak tələbi olursa isə biz”, deyə Petrosyan bildirib.
Qarabağlı ermənilər daha bir xəstəliyə qalib gəlməlidirlər - fantom ağrılarına...
Beləliklə, jurnalist Geqam Baqdasaryanın Qarabağın ermənilər yaşayan hissəsi barədə reportajına inananrsaq, ağır depresiya ilə yanaşı, çıxış yolu tapmayaraq azan erməni vətəndaşlarımız daha bir mühüm psixosamotik xəstəliyə qalib gəlməlidirlər – fantom ağrılarına. Heç kimin tanımadığı, bundan sonra isə dəqiq olaraq heç kimin tanımayacağı “Artsax” adlı oyuncaq dövlətin ağrılarına ki, özünün ən yaxşı vaxtlarında belə normal şəraitlər qura bilmədi.

Rusiya sülhməramlılarının çətiri altında son oyunlarını oynayan tetris bayraqlı psevdoprezident “artsax” xəyallarının kədərli sonluğunu gözləyir. Ona görə də, erməni mənşəli vətəndaşlarımıza reallığa geri dönmək zamanıdır. Onlar asan olmayan seçimlərini etməlidirlər – ya Azərbaycanın tərkibində yaşamalı olacaqları gerçəkliyinin qaçılmazlığını qəbul etməli, ya da hələ ki, funksiya göstərən Laçın dəhlizi vasitəsi ilə oranı tərk etmək. Üçüncü variant isə verilməyib, çünki yoxdur!
Rövşən RƏSULOV