Bu gün qənaətbəxş vergi yığım nisbətlərindən danışan erməni rəsmiləri, nədənsə, bu yığımın kasıb erməni əhalisinin kürəyindən çıxardıqlarını və bununla onları daha da kasıblaşmaya doğru sürüklədiklərini qəbul etmək istəmirlər.
Təbii ki, hazırda Ermənistandakı vergi yığımında heç bir problem olmadığını, yəni işlərinin “qüsursuz” olduğunu sadə ermənilərə inandırmağa çalışan dövlət rəsmiləri, təkcə bu ilin ilk 5 ayında ölkənin milli borcunu 850,5 milyon dollar da artırıblar. Əgər belə gedərsə, yaxınlarda erməni rəsmilərinin ölkənin vergi yığımına yenidən baxacaqlarına adamda şübhə yeri qoymur...
Ermənilərin dövlət gəlirləri komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında dövlət büdcəsinə yığılan vergi gəlirləri ilə dövlət rüsumları, təqribən 618,3 milyard dram təşkil edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz çoxdur...Amma belə görünür ki, yetərincə də deyil(?). Çünki eyni dövrdə ölkədəki əmtəə qiymətləri 5.5, iqtisadi aktivlik isə 4.3 faiz artıb.
Bu arada ermənilərin “News.am” saytı, cəmiyyətin yoxsullaşmasına səbəb olan vergi artımının, ölkədə dövlət büdcəsi gəlirlərinin artırılmasının inkişaf və ya nailiyyəti kimi qəbul edilə bilməzliyini bəyan edir. Saytın yazdığına görə, inflyasiya səbəbindən dövlət büdcəsi gəlirlərinin artımı əlavə dəyər vergisinin toplanmasına əsaslanır.
...Təkcə bu ilin yanvar-may aylarında əlavə dəyər vergisi əvvəlki illə müqayisədə 9,5 faiz çox yığılıb. Bunu da erməni rəsmiləri bildirirlər. Maraqlıdır, görən, nəyin hesabına?
Sayt, ölkədə ticarətin səmərəliliyini xarakterizə edən gəlir vergisindən əldə edilən gəlirlərin 2,8 milyard dram və ya 3 faiz azaldığını bildirir. Qeyd edək ki, erməni rəsmiləri son illərdə alkoqol və tütünün aksiz vergisi dərəcələrində illik 10 faizlik artım olmasına baxmayaraq, amma bu sahədəki vergi gəlirlərinin də 18,4 faiz azaldığından şikayətlənirlər.
Yeri gəlmişkən onu da deyək ki, bu gün Ermənistanın ən ağrılı yerlərindən biri olan yeni iş yerlərinin açılışı ilə bağlı yalanları bu dəfə də “uğur qazanmayıb”. Çünki ölkənin mənfəət vergisindən gəlirləri əvvəlki illərdə olduğu kimi, yenə də sıfıra bərabər olub.
Ağasəf Babayev