Narkotika ilə mübarizəmiz necə olmalıdır? - KÖŞƏ YAZISI

13 İyul 2021 14:47 (UTC+04:00)

Ölkəmizdə son aylar əsas müzakirə mövzusu olan narkomaniya ilə mübarizədir. Belə ki, ot mənşəlli narkotik maddələrdən başqa həblər, şüşə, patı, metamfetamin, kakos kimi psixotrop maddələrin istifadəsi getdikcə yayılır. Bu tip maddələrin istifadəsi isə mənəvi sağlamlıqdan başqa fiziki sağlamlığı da birbaşa təhdid edir. Belə maddələrin istifadəçilərinin ömrü 4,5 ilə bitir. Narkotikin ən sintetik və zərərli növü olan patı insanlara arıqladan həbb kimi satılırmış. Belə ki, bu həbb insan orqanlarını məhv etdiyi üçün insan arıqlayır. Satanların isə “Arıqladan həbb” deməsi sadəcə müştərilərin çoxalmasına xidmət edir.

Belə bir zamanda düşünmək məcburiyyətində qalırıq ki, gənclərimizi bu bəladan necə uzaq tutaq. Ailə tərbiyəsi, nəzarəti bu barədə mühüm məqamlardandır. Digər tərəfdən isə sağlam həyat tərzinin qurulması, idman əsas şərtlərdəndir. Sağlam bədəndə sağlam ruh olar deyib, boş vaxtımızı idmanla doldurmaq lazımdır. Belə olduqda insan sağlam bədənimizin qədrini bilib bütün zərərli vərdişlərdən uzaq durar. Belə izah edək ki, həftədə 2 dəfə voleybolla məşğul olan gənc narkotik maddə istifadəsindən uzaq qalacaqdır. Eyni zamanda gəncin mühiti barədə də məlumatlı olmaq lazımdır. Belə ki, cəhənnəmə gedənlər özünə yoldaş axtarır və dostlarını da bu cür maddələrin istifadəsinə çağırır. Bir növ bunu təbliğ edərək öz yanlış yolunda özünə yol yoldaşı axtarır. Belə insanların şərrindən uzaq qalmaq üçün övladlarınızın yaxın ətrafı ilə tanış ola bilərsiniz.

Belə bir dövrdə hər bir valideynin üstünə bir çox məsuliyyətlər düşür. Nəzərə alaq ki, narkotik istifadəçisi gənclər əsasən düzgün təməlləri olmayan, valideynlərdən ən az birinin zərərli vərdişləri olan ailələrdən çıxır. Narkotik maddədən istifadə şəxsin sosial problemlərindən, işində, təhsildə uğursuzluqlarından da yaranır. Asosial və həyatda öz xoşbəxtliyini tapa bilməyənlər də bəzən bu cür yollara üz tutur. Anlamaq lazımdır ki, bu çıxış yolu deyil. İnsan problemləri ilə mübarizə apararaq onları həll etməlidir. Asan yola qaçmaq çox vaxt faciə ilə sonlanır. Siz cəmiyyətdəki mövqeyinizi itirirsiniz, zehni fəaliyyətiniz də daha zəifləyir. Bir insanın öz həyatını puç etməsi üçün daha rahat yol ola bilməz. Beləliklə özümüz öz qayğımıza qalıb diqqətli olmalı, özümü və yaxınlarımzı bu bəlalardan qorumalıyıq. Digər hallarda isə xəstəxanalara müraciət edib dövlətin bizə tanıdığı ödənişsiz müalicə sayəsində bu zəhəri bədənimizdən sökə bilərik.