“Zəngəzur dəhlizi”nin açılması ideyasının Ermənistanda bəzi siyasi dairələrin təşvişlə qarşılamasının nə hüquqi, nə siyasi, nə coğrafi və nədə tarixi baxımından heç bir əsası yoxdur. 1918/20-ci illərin xəritələrində Ermənistanın özünün mövcud olmadığı ərazilərə, ermənilərin iddialar irəli sürülməsi Azərbaycan ərazilərinə təcavüz kimi qiymətləndirilməlidir.
“Zəngəzur dəhlizi” bütün tarixi dövrlərdə mövcud olub. Belə ki, Keçəltəpə yaylağından cənub-qərb istiqamətindən 40-45 km aralıdan öz varlığını bu gün də qoruyub saxlayan Səlim karvansarası dayanır. Səlim karvansarası XIV-XV əsrlərdə İpək yolunun Zəngəzurdan keçən hissəsində inşa edilən 3 karvansaradan biridir.
Anadoludan Çinə qədər Araz boyu karvan-ticarət yolu (İpək yolu) məhz Zəngəzurdan keçərək, Azərbaycanın qədim Təbriz şəhərinə oradan da Asiya ölkələrinə və Çinə qədər uzanıb gedirdi. Ona görə də səyyahların istirahətini təmin etmək üçün Səlim keçidində Elxani dövründə tikilən bir neçə karvansaranın qalıqları dövrümüzə qədər gəlib çatmışdır. Buradan belə bir nəticə çıxır Azərbaycanın “Zəngəzur dəhlizi”ni yaratmaq təklifi yeni bir ideya deyil, qədim İpək yolunun yenidən bərpası təklifidir.
Hətta 70 il yaşayan Sovet dövründə belə “Zəngəzur dəhlizi” mövcud olmuş, orada nəqliyyat və kommunikasiya xətləri işlək vəziyyətdə olmuşdur. Mehri rayonu Sovet dövrü Azərbaycanın Ermənistan üzərindən nəqliyyat dəhlizi rolunu oynayıb. Dəhliz üzərində nəzarət isə Ermənistana deyil Azərbaycana məxsus olub.
Lakin Zəngəzur dəhlizinə ermənilərin giriş çıxışlarına məhdudiyyət qoyulmuşdu. Dəhlizə Rusiya Sərhəd xidməti nəzarət edirdi. Ermənistanın və Rusiyanın Dövlət Arxivləırində olan sənədlər sübut edir ki, Mincivan – Ordubad nəqliyyat dəlizinə məxsus bütün infrastruktur Azərbaycana məxsus olub. Dəhliz Araz çayı boyunca İranla həmsərhəd olduğuna görə, bu əraziyə ermənilər xüsusi icazələri olmadan buraxılmırdılar. SSRİ Xüsusi Xidmət Orqanları yalnız xüsusi buraxılışı olan ermənilərə əraziyə keçmələrinə icazə verirdi.
Bakı–İrəvan, Moskva–Naxçıvan–Tehran marşrutları ilə sərnişin və yük qatarları bu dəhliz vasitəsi ilə müntəzəm olaraq SSRİ-nin süqutuna qədər işlədi. Mincivan–Culfa dəmir yolu dəhlizi bütün tarixi boyu Azərbaycanın nəzarətində olub. Stansiyalara və bütün infrastrukturlara nəzarət, biletlərin satışı və qatarların hərəkət cədvəlini Bakı təmin edirdi. Dəhlizin təhlükəsizliyini SSRİ Sərhəd Qoşunları həyata keçirirdi.
Zəngəzurun coğrafi baxımdan da Ermənistana məxsusluğu barədə heç bir hüquqi sənəd mövcud deyil. Rusiyanın təsiri ilə Qərbi Azərbaycanın, İrəvan, Göyçə, Naxçıvanın Şərur-Dərələyəz bölgələrinin ermənilərə verilməsindən sonra, Zəngəzurun da Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da həll olundu. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.637 kv. verstlik hissəsi Ermənistana verildi. Kim verdi bu ərazini? Azərbacan K(b)P MK Siyasi bürosu. Sual olunur. Dövlətin həyati əhəmiyyət daşıyan ərazi bütövlüyü məsələsini bir siyasi partiya qərarla necə həll edilə bilərmi?
1988-ci ildə təkcə Zəngəzurda deyil, Göyçədə, Dərələyəzdə, İrəvanda, Vedidə – bütünlüklə Qərbi Azərbaycan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular. Kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri məcburiyyət qarşısında Zəngəzuru tərk etdikdən sonra, burada onlara məxsus mülklər yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edildi.
Qatarların fəaliyyəti 1991-ci ilə qədər davam etdi. 1988-ci ildən Ermənistanda baş qaldıran qanunsuz silahlı dəstələr qatarların hərəkətinə mane olmağa başladı. Belə ki, bu silahlı dəstələr sərnişinlərə xəsarət yetirir onları soyur, yüklərini əllərindən alaraq mənimsəyirdilər. Son yük qatarı bu dəhlizdən 1992-ci ildə Arazboyu keçərək öz fəaliyyətini sona çatdırdı. Naxçıvan blokadaya düşdü.
Dəhlizdə hərəkət dayandırıldıqdan sonra, dəhliz boyu Ermənistanın nəzarəti altında qalan Azərbaycana məxsus stansiyalar və depolar qarət olunaraq yandırıldı. Erməni işğalından sonra, Mehri stansiyasından tapılan biletlər, aylıq illik yoxlama sənədləri göstərir ki bu stansiyada aparılan işlərin Ermənistana aidiyyatı olmamışdır. Bundan belə bir nəticə çıxırki nəqliyyat dəhlizi boyu yerləşən bütün infrastruktura Azərbaycan cavabdehlik daşımışdır. Burada belə bir sual meydana çıxır. Əgər bu ərazi Ermənistana məxsus olubsa, o zaman niyə ermənilər tərəfindən dağıdılıb?
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Şurasının 7-ci zirvə görüşündə demişdi: "2009-cu ildə Naxçıvanda keçirilən zirvə görüşündə ölkələrimiz arasında əməkdaşlığın yeni formatı yaradılıb. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bögəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Lakin biz qardaşlığımızı gücləndirib, əməkdaşlığımızın yeni təsisatlanmış formatını yaratdıq. Naxçıvanda qəbul etdiyimiz qərarlarla, birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik, qardaşlığımızı davam etdiririk".
Faiq İsmayılov,
AMEA A.Bakıxanov adına Tarix İnstitunun əməkdaşı.