Bu görüntülərin olmaması üçün yeganə əlac var! ANALİTİK + VİDEOFAKT

9 İyul 2021 14:57 (UTC+04:00)

Ordumuz hər an yerdə qalan yağı tör-töküntülərinin Qarabağ dəftərindən silinib-atılmaları üçün hərəkətə keçməyə hazırdır!

Ağdamda-Rusiya sülhməramlıları kontingentinin nəzarətlərinə verilmiş ərazilərdə yenidən erməni silahlı quldur dəstələrinin görünməsi istər-istəməz belə bir sual yaradır: onlar həmin ərazilərə necə keçiblər? Və ya Rusiya SM kontingenti erməni silahlılarının bu ərazilərə keçməsinə şərait yaradıblar, yoxsa onlar hər hansı gizli yollarla Ağdam ərazilərinə daxil olmaqla mənfur təxribatlarını törədiblər?

Fotoda: Erməni diversantı Rusiya SM-nın nəzarəti altındakı bölgədən Ağdam istiqamətində

Əslində, belə suallar artıq sülhməramlılar təhkim olunduqları ərazilərə yerləşdirildikdən sonra yaranmağa başlamışdı, bu gün isə təəssüf ki, gözlənilən nəticələri seyr etməkdəyik. Laçın dəhlizi, Xankəndidədi sərsəm “bəyanatlar”, Ermənistan rəsmilərinin Qarabağa qanunsuz səfərləri və s...

Əgər tələb olunan qaydalara və şərtlərə əməl olunmursa, bəyanatda da qeyd edildiyi kimi, Azərbaycan birtəfəli qaydada rus kontingentinin ərazilərimizi tərk etməsi barədə qərar qəbul edə bilər

İlk başdan onu da qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan dövlət başçıları tərəfindən imzalanan üçtərəfli bəyanatın 4-cü bəndi kobudcasına pozulur və bu pozuntuların baiskarları dərhal müəyyən edilməli və cəzalandırılmalıdırlar.

Başqa tərəfdən, Azərbaycan məhz Rusiyanın SM vasitəçiliyinə etimad və etibar göstərərək, onların Qarabağ regionunun bəlli yerlərində yerləşdirilmələrinə icazə verib. Əgər tələb olunan qaydalara və şərtlərə əməl olunmursa, bəyanatda da qeyd edildiyi kimi, Azərbaycan birtəfəli qaydada rus kontingentinin ərazilərimizi tərk etməsi barədə qərar qəbul edə bilər.

Düzdür, Rusiya SM kontingentinin komandanlığı bir sıra məsələlərdə müsbət fəaliyyətləri ilə də seçilirlər, misal üçün, erməni diversantlarının ölkələrinə geri qaytarılması müqabilində ərazilərimizdə basdırılmış minala xəritələrinin Ermənistan tərəfindən Azərbaycana təhvil verilməsi prosesini həyata keçiriblər, habelə azad olunmuş ərazilərimizdə başladılan tikinti-quruculuq, bərpa işləri üçün daşınan tikinti materiallarının ünvanlarına çatdırılması üçün müşayiətedici quplar fəaliyyət göstərir. Amma bu o demək deyil ki, bəyanatın 4-cü bəndinə görə qəbul olunmuş əsas qərar – erməni silahlı qüvvələrinin Azərbaycanın ərazilərini tərk etmələri prosesi gecikdirilməlidir, yaxud Laçın dəhlizindəki boşluqlardan istifadə edən erməni yaraqlıları bu və ya digər şəkildə ərazilərimizə daxil olaraq silahlı təxribatlar törətməlidirlər (?!).

Daşnakçılıq ideologiyasl bu gün də var, sabah da olacaq, bu baxımdan, düşmənin birdəfəlik məhvi və susdurulması üçün anti-terror əməliyyatlarının keçirilməsi ehtiyacı görünməyə başlayır

O cümlədən, bugünlərdə üzə çıxan daha bir videomaterial belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, Rusiya sülhməramlılarının məsuliyyətləri altında olan ərazilərdə erməni quldurları əllərində silahla rahat şəkildə gəzirlər. Bu faktın qarşısının alınması üçün hərəkətə keçməli olan sülhməramlıların hadisələri sadə gözlə izləmələri isə özü-özlüyündə hiddət yaradır. Maraqlıdır, əgər Azərbaycan əsgəri öz ərazisində sülhməramlıların nəzarət etdikləri bölgələrə daxil olarsa onlar hansı addımı atmış olarlar? Bəllidir, dərhal hay-həşir qaldırılacaq və “erməni mülki əhalisinin azərbaycanlıların silah təhdidi altında” olduqları barədə fikirlər Rusiya media məkanının havalarında uçuşacaq.

Ancaq biz də unutmamalıyıq ki, düşmən hər an öz kirli, qanlı, mənfur məqsədlərini həyata keçirməyə hazırdır. Düşmənin gücü, qüvvəsi tamamilə məhv olunsa da, düşmən sarsıdıcı məğlubiyyətə uğradılsa da, bu gün revanşistlərin arada-bərədə bənzər əməlləri törətmələrinə göründüyü kimi, heç kim mane olmur. Daşnakçılıq ideologiyası bu gün də var, sabah da olacaq, bu baxımdan, düşmənin birdəfəlik məhvi və susdurulması üçün anti-terror əməliyyatlarının keçirilməsi ehtiyacı görünməyə başlayır.

Dəmir Yumruq daha sərt və daha ağır şəkildə düşmənin başını əzəcək!

Əbəs deyil ki, Müzəffər Sərkərdəmiz, Ali Baş Komandan cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında rus sülhməramlılarının “humanitar fəaliyyətlərinə” göz yumulduğunu bildirsə də, Dəmir Yumruğun qüvvədə olduğunu da bəyan edib və O, vurğulayıb ki, revanşçılar başlarını qalldırmağa cəhd göstərsələr o yumruq daha sərt və daha ağır şəkildə düşmənin başını əzəcək. Görünür, proseslər həmin istiqamətə doğru da hərəkət edir və söz yox ki, qüdrətli Ordumuz hər an yerdə qalan yağı tör-töküntülərinin Qarabağ dəftərindən silinib-atılmaları üçün hərəkətə keçməyə hazırdır!

Rövşən RƏSULOV