“Azərbaycan xalqının süfrəsində ən çox istifadə olunan içkilərdən birincisi çaydır. Çay həmçinin evə gələn qonaqlara da təklif olunur. Çox sevdiyimiz çayın isə bir sıra faydaları və zərərləri var. Ümumiyyətlə, hər hansı bir qidanı, əsas da çayı “nə qədər” və “nə zaman” qəbul etdiyimiz çox önəmlidir. Yaxşı olar ki, çay dəmləyərkən, içərkən ilk olaraq keyfiyyətli olmağına diqqət edək. Çünki, hal-hazırda süni, kimyəvi maddələr qatılmış çaylar bazarlarda üstünlük təşkil edir. Bu çayların isə orqanizmə heç bir faydası olmur. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.
Onun sözlərinə görə, keyfiyyətli çay dəmlənmə prosesində daha gec rəng almalıdır: “Çay dəmləndikdən sonra ən azı 30-40 dəqiqə ərzində içilib bitirilməlidir. Yaxşı olar ki, tünd çay istifadə etməyək və gün ərzində 3 stəkandan artıq çay içilməməsinə diqqət etməliyik ki, orqanizmimizə faydalarını hiss edək. Gün ərzində daha çox çay içdikdə, xüsusilə bu ürək-damar sisteminə ziyan vurur. Eyni zamanda, dişlərdə ağız boşluğuna və diş minasına xeyirli olsa da, dişləri saraldır. Ona görə də çay, xüsusilə də tünd çay içdikdən sonra ağzı su ilə yaxalamaq lazımdır”.
Məhsəti Hüseynova sözlərinə belə davam edib: “Çayı içmək vaxtları da çox önəmlidir. Səhər yeməyində bir fincan çay içmək çox faydalıdır. Eyni zamanda, saat 5-6 arası içilən çay da orqanizmdə maddələr mübadiləsini sürətləndirir və həzm sisteminə kömək edir. Daha sonra çayın mütləq yeməkdən 20-30 dəqiqə əvvəl içilməsi çox faydalıdır. Əgər ağır, yağlı, qızardılmış yeməklər yeyilirsə bu zaman yeməkdən 40 dəqiqə-1 saat sonra çay içmək həzm prosesini çox faydalı edə bilər”.
“Çayı şirniyyatla içmək orqanizm üçün faydalı hesab olunmur. Yaxşı olar ki, çayımıza dadlandırıcı olaraq ədviyyatları, xüsusilə də darçını, zəncəfili, hili əlavə edək. Bundan başqa nanə, yasəmən, kəklikotu kimi çaylar da var ki, onları içmək və ya bildiyimiz ənənəvi qara çaya əlavə etmək ona xüsusi dad verir. Bu zaman şirniyyat istəmək məcburiyyətində də qalmırıq. Çünki, şirniyyatla içilən çayın orqanizmə bir sıra zərərləri var. Xüsusilə, çayı şirniyyatla içdikdə yeməklərin həzmində böyük problem olur və həzm prosesi pozulur. Həmçinin, parçalanma prosesi ləngiyir. Xüsusilə də, qaraciyər və mədəaltı vəzi yüklənir. Eyni zamanda qan təziyiqini artırır”.
Ayşən Vəli