Vikipediya azad ensklopediyadır onun dünyada milyonlarla istifadəçiləri var. Hətta bir çox araşdırıcılar bəzi məlumatları vikipediyada axtarır və ondan etibarlı mənbə kimi istifadə edirlər. Odurki bu sosial şəbəkədə məlumat yerləşdirərkən diqqətli və məsuliyyətli olmaq lazımdırki, istifadəçiləri yanlış yola sürükləməyəsən. Lakin bəzi vikipediya istifadəçiləri, Azərbaycan tarixindən Vikipediyaya məlumat yerləşdirərkən nəinki ciddi səhvlərə yol verir, hətta özlərindən yeni tarix uydurur və bunu həqiqət kimi cəmiyyətə sırıyırlar.
İşğaldan azad olunmuş ərazilərə aid tarix və mədəniyyət abidələri haqqındakı belə məlumatlara daha çox rast gəlinir. Belə məlumatlardan biri də Laçın rayonunun Quşçu kəndindəki “Böyük bulaq” abidəsidir.

Bulaq haqqında qısa ensklopedik məlumat belədir: Böyük bulaq. Laçın rayonunun Quşçu kəndində bulaq 1895-ci ildə inşa edilib. Tikinti quruluşu tağvaridir, üzü cənuba baxır, hündürlüyü 3 metr, eni 2.20 metrdir. Bulağın daşdan yonulmuş uzunluğu 2metr eni 1.10 metr, dərinliyi 0.70 metr həcmli 3 novdanı var. Girişə qədər olan hissədə bulaqdan sağ tərəfdə təqribən 30 metr uzunluğunda olan səki olub. Bulağın lanşaftı 1970-ci illərdə kənd camaatının təşəbbüsü ilə təmir edilmişdir. Bulaq 1992-ci il Ermənistan Silahlı qüvvələrinin işğalından sonra ermənilər tərəfindən dağıdılaraq yararsız hala salınıb.
Bulağın inşa tarixi bulağın divarındakı daşda çox aydın şəkildə ifadə olunub.
Vikipediyada isə bulağın inşa tarixi VII əsrə aid edilir. https://az.wikipedia.org/wiki/Böyük_bulaq Müəllif yazır: “Mənbələrə əsasən, 7-ci əsrin əvvəllərində kənddə fəaliyyət göstərən yeganə “bulaq–abidə” olub”. Maraqlıdı o hansı mənbələrə əsaslanaraq yalan danışır?
Daha sonra qeyd edilir: “Müharibələr nəticəsində dağılsa da, ərəblərin işğalı zamanı bulaq yenidən bərpa edilib”. Azərbaycan tarixində indki Laçın rayonunun heç bir hərbi-strateji əhəmiyyət daşımayan ucqar bir ərazisində hansısa müharibələrin olması mənə məlum deyil. Əgər bu ifadələri yazan adamın tarixdən bir az xəbəri olsaydı, yəqinki bu ifadələri yazmazdı. O bilərdiki hətta ərəb istilası dövrü ərəb qoşunlarının bu qədər ucqarlara qədər gəlməsinə ehtiyac olmayıb. 2-cisi əgər bu kənddə 7-ci əsrdə müharibə olsaydı belə qılınc və nizələrlə bu bulağın dağıdılması mümkünsüz idi.
Abidənin gah Alban, gah da İslam dövrünə aid edilməsi, müəllifin memarlıqdan anlayışının olmasının ifadəsidir. İşğaldan azad olunmuş ərazilərimizdə tariximizin hələ neçə-neçə açılmayan səhifəsi var. Gəlin birlikdə bunları aşkar edib gənc tədqiqatçılarımızın istifadəsinə verək. Olanlarımızı yalanlarla cilalayıb cəmiyyəti çaşdırmayaq.
Faiq İsmayılov
AMEA A.Bakıxanov adına Tarix İnstitunun əməkdaşı.