Bəzi müəllimlər niyə intihar edir və kimlər burada maraqlıdır? - TƏHSİL EKSPERTİ AÇIQLADI

6 İyul 2021 17:17 (UTC+04:00)

“Son 3 ay ərzində orta təhsil müəssisələrində çalışan bir neçə müəllim intihar edib. Bu kifayət qədər ciddi bir faktdır. Nəzərə alsaq ki, intihar edənlər indiki təcrübəyə görə daha çox ali təhsil müəssisələrində qəbul imtahanlarında uğurlu nəticə əldə etməyən, eyni zamanda şəxsi həyatında müəyyən qədər uğursuz olan şagird və tələbələr idisə, çox təəssüf ki, son bir neçə ayda orta təhsil müəssisələrində çalışan gənclərimizə təhsil, tərbiyə verən onların psixi və psixoloji inkişafında birbaşa iştirak edən şəxslər intihar etməyə başlayıb”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, bu təbii ki, çox təəssüf doğurmaqla yanaşı, özündə böyük bir narahatlığı da əks etdirir: “Çünki yetkin yaşda olan şəxslərin, xüsusən də təhsil prosesində çalışan şəxslərin intihara əl atması kifayət qədər ciddi siqnaldan verir. Biz həmin şəxslərin tədris fəaliyyətini araşdırarkən görürük ki, həmin müəllimlər kifayət qədər yüksək nəticələrə malikdirlər. Onların şagirdləri buraxılış imtahanlarında çox yaxşı nəticə göstəriblər. Hesab edirəm ki, bu ciddi bir faktordur. Biz intihar yolunu seçən müəllimlərin həmkarlarına, onlarla qonşu olan şəxslərdən soruşduqda bəzilərin sosial problemlərinin olduğunun, bəzilərinin bu və ya digər xəstəlikdən əziyyət çəkdiyini qeyd edirlər. İnsanlar bəzən hər hansı bir problemli situasiyadan, böhranlı vəziyyətdən çıxmaqdan çətinlik çəkirlər”.

Kamran Əsədov həmçinin qeyd edib ki, müəllimlərin əmək haqları onların sosial vəziyyətini yaxşılaşdırmağa imkan vermir: “Bu faktlar onu deməyə əsas verir ki, biz birmənalı şəkildə orta təhsil müəssisələrində çalışan müəllimlərin maddi-sosial vəziyyətini yaxşılaşdırmaq, eyni zamanda mütəmadi olaraq tibbi müayinələrdən keçməklə yanaşı, mütəmadi olaraq psixoloji təlimlərə, psixoloji konsultasiyalara cəlb edilməsini təşkil etməliyik. Müəllimlər bütün tədris ili ərzində çox ciddi şəkildə fiziki və psixoloji cəhətdən çox ciddi şəkildə yüklənirlər. Həm şagirdlərlə işləmək, həm də ailənin maddi vəziyyəti onlara müəyyən qədər təsir göstərir. Bir çox hallarda şagirdlərini xoşbəxt böyüdən müəllimlərin özləri xoşbəxt olmurlar. Düşünürəm ki, ən ciddi məsələ müəllimlərimizin sosial müdafiəsini gücləndirməliyik. Hər il ən azı onlar 21 günlük istirahətə getməlidir. Bu gün Azərbaycan müəllimi sadəcə olaraq işləyir. O, tədris prosesində itirdiyi enerjini demək olar ki, bərpa etmir, bərpa edə bilmir. Bu faktor çox ciddi bir faktordur. Düşünürəm ki, intiharlar bizə siqnal verməlidir. Hər intihar edən müəllimin kollektivi ciddi şəkildə psixoloji sarsıntı yaşayır”.