Türkiyə Əfqanıstandadır: Azərbaycanın hansı rolu var? ŞƏRH

5 İyul 2021 12:08 (UTC+04:00)

Andrey Sarenko: “Nəinki Kabil hava limanının vacibliyi artır, həm də Əfqanıstan siyasətində şimal axını təchizatı baxımından böyük rol oynamış Bakı ilə aviasiya rabitəsi də əhəmiyyət daşıyır”

Rusiya politoloqlar cəmiyyətinin analitik mərkəzinin direktoru, Əfqanıstan siyasətinin öyrənilməsi mərkəzinin rəhbəri Andrey Sarenko bildirib ki, müttəfiq hərbi birləşmələrinin çıxarılmasının ardınca Türkiyə Silahlı Qüvvələrinin Əfqanıstandakı mövcudluqları, əsasən, siyasi qərar məqsədini daşımaqdadır. “Bu layihə söz yox ki, Türkiyənin mövqeyini və əsasən prezident Rəcəb Tayyib Ərdoğanın NATO daxilindəki mövqeyini möhkəmləndirir”, qeyd edən Sarenkoya görə, çox yəqin ki, Əfqanıstandan Qərbə informasiyaların verilməsi, kəşfiyyat işi, agentura-informasiya şəbəkələrinin məlumatları əhəmiyyət daışyır. SİA xəbər verir ki, politoloqun fikirlərini Türk klubu telegram səhifəsi yazıb.

“Türkiyə Kabillə ABŞ və NATO arasındakı kommunikasiya və infrastruktur körpüsü rolunda çıxış edə bilər”

Digər tərəfdən, Berlində, Londonda, ya da Vaşinqtonda belə bir irimiqyaslı işlərin aparılması çətin prosesdir. Çünki yerlərdə etibarlı insanlara malik olmaq lazımdır. SİTAT: “Məhz Əfqanıstan məsələsində də belə bir koordinator rolu lazımdır ki, burada Türkiyə Kabillə ABŞ və NATO arasındakı kommunikasiya və infrastruktur körpüsü rolunda çıxış edə bilər”.

Politoloqun sözlərinə görə, paytaxt hava limanı istənilən ölkədə əhəmiyyət kəsb edir.

“Aydındır ki, onu əfqanlar özləri müdafiə altına almaqla təhlükəsizliyini təmin edəcəklər. Lakin onlar radar, mükəmməl dispetçer xidməti, uçuşların təhlükəsizliyi baxımından texniki dəstəyə ehtiyac duyurlar. Mən bildiyim qədər, məhz bu keyfiyyətləri nəzərə alaraq, Kabildə türk tərəfinin əməkdaşlığına baxılmaqdadır”, deyə Sarenko bildirib.

Onun sözlərinə görə, Kabil aeroportu ölkənin hava məkanına nəzarət üçün mühüm elementdir. “Çox yəqin ki, ABŞ və NATO ölkələri tərəfindən Əfqanıstana verilmiş dəstək vədləri hesabına əfqan hakimiyyətinə və ordusuna göndəriləcək yüklər əsasən hava yolu ilə çatdırılacaq”, deyən rusiyalı politoloq Bakının da rolundan bəhs edib. SİTAT: “Yeri gəlmişkən, ona görə də nəinki Kabil hava limanının vacibliyi artır, həm də Əfqanıstan siyasətində şimal təchizatı baxımından böyük rol oynamış Bakı ilə aviasiya rabitəsi də əhəmiyyət daşıyır”.

Rövşən RƏSULOV