Anlayış məntiqi bir forma olub, əşyalar haqqında abstrakt, mahiyyət, ümumiləşdirici təsəvvürlərini xarakterizə edir. Bunu praktikada göstərmək üçün məsələn, masa anlayışını nəzərdən keçirək. Masanı mebel kimi təyin etmək uğursuzdur, çünki mebelə təkcə masa aid deyil (burada birmənalılıq xüsusiyyəti gözlənilməmiş olur). Masanı dördayaqlı əşya kimi də təyin etmək yenə uğursuzdur, çünki dörd ayağı olmayan masalar da var (burada ümumilik xüsusiyyəti gözlənilmir).
Masanı qeyri-stul kimi xarakterizə etmək isə onun pozitiv xüsusiyyətinə cavab vermir və s. Göründüyü kimi anlayşı təyin etmək heç də asan vəzifə deyil. Anlayışı düzgün təyin etmək çətin, mübahisələr zamanı isə xüsusilə çətin vəzifədir. Fəlsəfədə anlayışların rolu o qədər böyükdür ki, Hegel fəlsəfəni “anlayışlar vasitəsilə dərketmə” adlandırıb. Hegelə görə, anlayış özünüinkişaf xüsusiyyətinə malikdir və məhz anlayışların özünüinkişafından fəlsəfə başlayır.
Hökm - təfəkkürün mürəkkəb formalarından biri olub, əşyaların mövcudluğunu, xassələrini, aralarındakı əlaqə və münasibətləri təsdiq və ya inkar edən fikirdir. Hökmlə anlayışın əlqəsinə gəldikdə, anlayış hökmün ilkin zəmini kimi xarakterizə olunur. Yəni hökmün tərkibi anlayışlardan ibarətdir. Hökmün əsas xassəsi onun təstiqedici və inkaredici olmasıdır.