“Ələt İqtisadi Zonası yeni sərmayə cəlb edilməsinə imkan verəcək” İQTİSADÇININ MARAQLI ŞƏRHİ

2 İyul 2021 14:19 (UTC+04:00)

Ələt İqtisadi Zonası Azərbaycanda qeyri-neft sektorunun inkişafı və bütövlükdə Azərbaycan iqtisadiyyatına investisiyanın cəlb edilməsi baxımından vacib bir layihədir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında iqtisadçı-ekspert, Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Millət vəkili vurğulayıb ki, Ələt İqtisadi Zonasının əsas üstünlüyü ondan ibarətdir ki, burada iqtisadi zona ilə bağlı xüsusi qanun qəbul edilib.

“Ələt İqtisadi Zonası praktik olaraq, beynəlxalq hüquqla tənzimlənir. Hətta bu, hasilatın pay bölgüsünə uyğun bir statusun verilməsi deməkdir. Bu da təbii ki, sərmayənin cəlb edilməsi və xüsusən də aparıcı xarici şirkətlərin Ələt İqtisadi Zonasına investisiya qoyuluşunun təşviq edilməsi baxımından vacibdir. Eyni zamanda Azərbaycan hökuməti tərəfindən Ələt İqtisadi Zonasında ilkin infrastruktur formalaşdırılır və ilkin infrastruktur formalaşması da məhz xarici investisiyanın cəlbi baxımından vacibdir.

Gözlənilir ki, Ələt İqtisadi Zonası xüsusən də qeyri-neft məhsullarının istehsalı baxımından yeni sərmayənin cəlb edilməsinə imkan verəcək. Bu, istehsal edilən məhsulların bir qisminin daxili, bir qisminin isə xarici bazara çıxarılmasını təmin edəcək. Eyni zamanda Ələt İqtisadi Zonası həm də Azərbaycan üçün texnologiya və innovasiyanın cəlb edilməsi baxımından da vacib hesab olunur və güman olunur ki, bu, yeni iş yerlərinin, xüsusən də ixtisaslı kadrların işlə təminatına müsbət təsir göstərəcək. Bütövlükdə və xüsusən nəzərə alaq ki, Ələt İqtisadi Zonasının yerləşmə coğrafiyası elədir ki, həmin zonada istehsal edilən məhsulların ixrac baxımından kifayət qədər böyük üstünlükləri var. Bu baxımdan da burada istehsal edilən məhsulların əhəmiyyətli hissəsinin də ixrac ounacağı və təbii ki, bununla da Azərbaycanın qeyri-neft ixracatının artacağı proqnozlaşdırılır. O baxımdan Ələt İqtisadi Zonası bir tərəfdən qeyri-neft istehsalında məhsulların həcminin artmasına və bütövlükdə qeyri-neft sektorunun inkişafına zəmin yaradacaq. Bu, daxili bazara daha çox yerli istehsal edilən məhsulların çıxarılması Azərbaycanın qeyri-neft ixracatının artmasına imkan verəcək. Eyni zamanda, xüsusın nəzərə alaq ki, bu, paytaxta yaxın ərazidir və bu da təbii ki, ixtisaslı kadrların daha yüksək əmək haqqı ilə işlə təmin olunmasına imkan verəcək. Çünki, burada artıq xarici sərmayənin cəlb edilməsi nəzərdə tutulduğundan və xüsusən də aparıcı şirkətlərin Ələt İqtisadi Zonasına investisiya qoyuluşu həyata keçirəcəyi proqnozlaşdırıldığından burada artıq yeni yaradılan iş yerlərində də əmək haqlarının və xüsusən ixtisaslı kadrlar üçün daha yüksək əmək haqlarının təklif ediləcəyi gözlənilir”, deyə Vüqar Bayramov bildirib.