“Ermənistanda ordunun ləğv edilməsi və qarşılığında hərbi polisin yaradılması çox gözlənilməz və izahı çətin olan prosesdir. Buna islahatda demək olmaz. Hətta inkişaf etmiş Avropa ölkələrində belə kiçik saylı olsa müdafiə nazirliyi sistemi və yaxud ordunun mövcudluğu var”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, Ermənistanda ordu ləğv edilib, əvəzində hərbi polis yaradılacaqsa bu çox riskli addımdır: “Hələ ki bütövlükdə biz bunun digər nüanslarını bilmirik. Görünür Ermənistan ordunun bütün funksiyalarını Ermənistanda yerləşdirilmiş Rusiyanın müdafiə qurumlarına vermək istəyir. Yəni Ermənistan müdafiə nazirliyinin səlahiyyətləri ilə Rusiyanın oradakı hərbi bazarları məşğul olur, daxili asayişi isə gücləndirilmiş polis rejimi vasitəsi ilə təmin edilir. Hər halda bunun digər nüanslarını da öyrənmək lazımdır. Çünki 44 günlük müharibə ərzində imicini itirmiş erməni ordusunun məhz bu səbəbə görə ləğv edilməsini çətin anlayıram və səbəb məhz bu deyil”.
Politoloq bildirdi ki, bunun arxasında Rusiya ilə Ermənistan arasında hansısa hərbi-siyasi anlaşmanın dayandığını istisna etmirəm: “Belə görünür ki, kiçik bir ölkə olan Ermənistan Rusiyanın bir quberniyasına çevrilir və özünə, suverenliyinə aid olan bütün əsas məsələlərdən imtina edir. Bir sözlə, Rusiya Cənubi Qafqazda mövqeyini daha da möhkəmləndirmək üçün Ermənistanda reforma adı altında ordunu bir növ özünə tabe etdirir. Demək olar ki, Ermənistanda ordu tam ləğv edilməyəcək, sadəcə olaraq ordunun generalları, zabit heyəti Rusiya ordusuna cəlb ediləcək. Ola bilsin ki, gələcəkdə çağırış sistemində, gənc çağırışçıları da Rusiyanın bu bölgədə təşkil etdiyi qüvvələrin tərkibində müdafiə nazirliyini funksiyalarını yerinə yetirsin. Ermənistanda tamamilə müdafiə nazirliyinin ləğv ediləcəyini və sıradan çıxarılacağını güman etmirəm. Çünki burada nə isə bir oyun var və səbirli olub axıra qədər bu oyunun sonuncu nəticələrini izləmək lazımdır”.