"Bir çox fərqli səbəbdən yarana bilən cinsi istəksizlik, ən az 6 ay cinsi düşüncələrin olmaması kimi təyin edilə bilər. Cinsi əlaqə istəklərinin azalması, cinsi istəklərin olmaması, cinsi fəaliyyətin azalması və ya olmaması kimi bütün hallar cinsi istəksizlik başlığı altında araşdırılır. Cinsi pozğunluqlardan biri olan cinsi istəksizlik həm qadınlarda, həm də kişilərdə görülə bilər. Kişilərə nisbətən qadınlarda daha çox görülən bu vəziyyətin ən ümumi səbəbi stresdir. Həkimlərin tez-tez rastlaşdığı "Qadınlarda cinsi istəksizliyi necə aradan qaldırmaq olar?" sualına cavab vermədən əvvəl, cinsi istəksizliyin kişilərdə və qadınlarda necə və niyə meydana gəldiyini anlamaq lazımdır. Bir də cinsi istəyi artıran və azaldan bəzi qidalar var. Məsələ ilə bağlı qida texnoloqu Ağa Salamov SİA-ya açıqlama verib.
Onun sözlərinə görə, boş karbohidratlar, ölkəyə idxal olunan “fast food”lar, “burger”lər, çörəklər və s. insanların cinsi həyatına mənfi təsir edə bilər: “Lakin məsələ ilə bağlı uroloqlar daha məlumatlıdır və daha dolğun cavab verə bilərlər. Ümumilikdə isə insana heç bir dəyəri ötürə bilməyən qidalar cinsi istəyi azaldır”.
Ayşən Vəli