O gün erməni əyələtində susuzluqdan əziyyət çəkən 13 kəndin fermerləri ilk narazılıq yürüşünə çıxaraq İrəvan-Armavir avtomobil yolunu bağlayıblar. Erməni saytlarının yazdığına görə, fermerlərə qoşulan bir xeyli yerli erməni əhalisi də susuzluqdan “dad” çəkdiklərini bildiriblər. Deyiblər ki, nə içməyə, nə də bağ-bostanımızı sulamağa su tapa bilmirik. Deyilənə görə, etirazçı erməni fermerlər təkidlə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyanı, o da olmasa heç olmasa əyalətin qubernatorunun əraziyə gəlməsini tələb ediblər.
Maraqlıdır ki, bu barədə xəbər yayan “News.am” saytı mitinqçi erməni fermerlərə öz məsləhətini verməyi, yəni bu barədə əvvəldən fikirləşməyi də tövsiyə edib. Sayt yazır ki, bu gün Nikola qarşı öz narazılıqlarını bildirən fermerlər, gərək bir həftə bundan əvvəl su təchizatı problemlərinin çəkic və ya polis kordonları ilə həll olunmayacağını anlamalı idilər.
Saytın yazdığından belə baş düşülür ki, guya əgər bir həftə bundan əvvəl ermənilər Nikola yox, Robert və ya Serjikə səs versəydilər, indi heç bir su problemi ilə də üzləşməyəcəkdilər. Sayta görə, bu gün hər bir “qürurlu” erməni vətəndaşı öz hərəkətləri üçün məsuliyyət daşıdığını anlamalıdır: “İyunun 20-də ermənilər seçim etdilər. Amma bu seçim çox yanlış bir seçim idi(?). Bu bir növ 2018-ci ildəki seçimin davamı idi. Doğrudur, o zaman bir çox “qürurlu” erməni seçiminin səhv olduğunu sonradan etiraf etsə də, amma, onlar daha sonradan ümidlərini siyasi gəzinti sevənlərin “inqilabi” həvəsinə bağladılar”.
Sayta görə, bu imidlər isə cəmi bir neçə ayda çökdü və həmin seçicilərin seçimi Ermənistana çox baha başa gəldi: “Üç il ərzində dövlət idarəetmə sistemi demək olar ki, yerə yıxıldı, bir çox dövlət qurumu vəhşicəsinə məhv edildi, ölkə iqtisadiyyatı kortəbii rejimə keçdi, təhlükəsizlik sistemi viran qaldı…”.
…Belə görünür ki, bunların Nikolla bağlı “ürəkləri lap doluymyş” ki... Yenidən bir müddət əvvəl Nikolun seçiciləri ilə görüşə gələrkən əlindəki çəkicə diqqət çəkən sayt, bu aləti faydalı bir vasitə kimi təqdim edir. Bununla belə, sayt çəkicin faydalı vasitədən əlavə soyuq bir silh olduğuna da diqqət cəkərək, Nikol çəkiclərinin artıq Ermənistanın bütün ərazilərinə səpələnməyə başlanıldığını bildirir. Yəni…
…Mən belə başa düşürəm ki, deyəsən, sayt Nikolun çəkicini yunan mifologiyasındakı “Damokl qılıncı”na bənzətməyə cəhd edir.
Ağasəf Babayev