Hər bir dövlətin əsas öhdəliklərindən biri də, xalqın sağlam gələcəyini təmin etməkdən ibarətdir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də uğurla davam etdirilən sosial yönümlü siyasətin tərkib hissəsi olan uşaq hüquqlarının qorunması dövlətimizin rəhbərinin daim diqqət mərkəzindədir. Bu baxımdan, ölkəmizdə ənənəvi olaraq cəmiyyətin gələcəyi olan uşaqların sağlamlığına, təhsilinə və yaşayış şəraitinə xüsusi əhəmiyyət verilir.
\"Uşaq hüquqları haqqında\" Konvensiya uşaqlarla bağlı əsas beynəlxalq sənəddir
1 iyun- SSRİ-də 1949-cu ildən uşaq bayramı kimi qeyd edilməyə başlanıb. Həmin il iyunun 1-də keçirilən qadınların beynəlxalq konfrasında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqları Beynəlxalq Müdafiə günü kimi tarixə düşüb.
1959-cu il noyabrın 20-də BMT-də Uşaq Hüquqları Bəyannaməsi, 1989-cu ildə isə \"Uşaq hüquqları haqqında\" Konvensiya qəbul edilib. Hazırda 190 dövlət həmin konvensiyaya qoşulub.
Bu, uşaq hüquqlarının həm ölkə daxilində, həm də beynəlxalq aləmdə tanınması və qorunması deməkdir. Həmin sənəd uşaq hüquqlarının müdafiəsi, onların sağlamlığı, qida ilə təminatında dövlətlərin bir-birinə qarşılıqlı yardım göstərməsinə imkan verir. Eyni zamanda, konvensiyaya uşaqların münaqişələrdə iştirakına imkan verməmək, onların hüquqlarını müdafiə etmək barədə maddə daxil edilib.
Ermənistanla müharibə şəraitində olan Azərbaycan üçün bu sənəd mühüm əhəmiyyətə malikdir. Çünki, müharibə zamanı 300 mindən artıq uşaq qaçqın və köçkün düşərək ağır şəraitdə yaşamağa məcbur olub.
Hazırda ölkəmizdə 3 milyon uşaq yaşayır. Onların 10 faizini qaçqın və məcburi köçkün uşaqlar təşkil edir. Son vaxtlar Azərbaycanda da həmin uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi geniş vüsət alıb. Burada Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO-nun xoşməramalı səfiri Mehriban xanım Əliyevanın böyük xidmətləri var.
Artıq bir çox ölkələrdə, eləcə də Azərbaycanda narkotik vasitələrin daşınmasında uşaqlardan istifadə edilməsi, onların mənəvi pozğunluq, seksual zorakılıqlara sürüklənməsi faktlarına qarşı geniş mübarizə aparılır. Son vaxtlar ölkəmizdə şaqların övladlığa götürülməsi sahəsində də ciddi layihələr həyata keçirilir.
Azərbaycanda uşaq hüquqları ilə bağlı qanunvericilik bazası
Qeyd edək ki, uşaq hüquqlarının müdafiəsi ilə bağlı ölkəmizdə qanunvericilik bazası formalaşıb. \"Uşaq hüquqları haqqında\" qanun və bəzi digər hüquqi normativ aktlar qəbul edilib.
Azərbaycan parlamenti hələ 1992-ci ildə \"Uşaq hüquqları haqqında\" Konvensiyanı ratifikasiya edib. 1993-cü ildə ölkəmiz "Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında" 1990-cı il 30 sentyabr tarixli Ümumdünya Bəyannaməsinə qoşulub.
2000-ci il 6-8 sentyabr tarixlərində BMT-nin Nyu-Yorkda keçirilmiş Minilliyin Sammitində isə Azərbaycan Respublikasının Prezidenti bu konvensiyanın "Uşaqların silahlı münaqişəyə cəlb olunması" və "Uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyası" üzrə Fakultativ Protokollarını imzalayıb.
2002-ci ilin mayında Azərbaycanın nümayəndə heyəti BMT-nin Baş Assambleyasının uşaqlara həsr olunmuş xüsusi sessiyasında fəal iştirak edib.
2004-cü ildə Azərbaycan Beynəlxalq Əmək Təşkilatının "Uşaq əməyinin ən pis formalarının ləğv edilməsi" haqqında 182 saylı Konvensiyası və eyni adlı 190 saylı Tövsiyəsinə, həmçinin Beynəlxalq Övladlığa Götürməyə dair Haaqa Konvensiyasına qoşulub.
Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş "Uşaq Hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunudur.
Bu qanun uşaqların beynəlxalq səviyyədə təsbit olunmuş əsas hüquq və azadlıqlarını, eləcə də bu hüquqların reallaşdırılması üçün dövlətin vəzifələrini özündə əks etdirir. Ümumiyyətlə, Azərbaycan Hökuməti uşaq hüquqları sahəsində beynəlxalq səviyyədə götürdüyü öhdəliklərin yerinə yetiriməsinə də xüsusi önəm verir.
Qeyd etmək lazımdır ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi təkcə müvafiq qanunvericilik aktlarının qəbul edilməsi ilə yekunlaşmayıb, konkret tədbirlərin həyata keçirilməsi yolu ilə reallaşmaqdadır. Bu məqsədlə ölkə hökuməti ilk növbədə uşaqların sosial müdafiəsinə yönəlmiş mühüm addımlar atıb.
Heydər Əliyev Fondu uşaq problemləri ilə ciddi məşğul olur
Azərbaycan Respublikasında uşaq siyasətinin həyata keçirilməsinə məsul əsas mərkəzi icra hakimiyyəti orqanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Komitə ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və onun tənzimlənməsini həyata keçirən dövlət orqanıdır.
Bu sahədə ən böyük iş görən qeyri-dövlət təşkilatı isə Heydər Əliyev Fondudur. Fondun sədri, Azərbaycanın 1-ci xanımı Mehriban Əliyevanın uşaqlarla bağlı çoxsaylı layihələr işləyib həyata keçirib.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən və cəmiyyət tərəfindən böyük rəğbətlə dəstəklənən "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə- tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənib. Layihə çərçivəsində 2005-2008-ci illərdə 200-ə qədər məktəb binası inşa olunaraq lazımi avadanlıqlarla təchiz edilib.
Proqram çərçivəsində tikilən və infrastrukturu yerli tələbata və imkana uyğunlaşdırılan məktəblər müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompüter avadanlığı ilə təchiz olunub. Beləliklə, ölkənin ən müxtəlif bölgələrində minlərlə şagird yeni tədris illərini müasir tələblərə cavab verən yeni məktəblərdə qarşılayıb. Fondun təşəbbüsü ilə ölkə ərazisində tikilən yeni məktəblərin sayı artıq 300-ə çatdırılıb.
Fondun həyata keçirdiyi "Təhsilə dəstək" layihəsi çərçivəsində hər yeni dərs ilinin əvvəlində məktəblilərə çanta və digər məktəb ləvazimatlarının paylanması Heydər Əliyev Fondunun ənənəsidir. 2004-cü ildən başlayaraq Fond hər il qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini, eləcə də, Gürcüstanda yaşayan soydaşlarımıza yeni dərs ili ərəfəsində bağışladığı çanta və dərs ləvazimatı ilə sevindirir.
Dövlətin xüsusi qayğı göstərdiyi belə kövrək qruplardan biri valideyn himayəsindən məhrum olmuş uşaqlardır. Bu kateqoriyadan olan uşaqların orta-ixtisas və ali təhsil aldığı müddətdə müdafiəsini təmin etmək üçün, Azərbaycan Respublikasının "Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanunu qəbul edilib.
Valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi istiqamətində atılmış ən mühüm addımlardan biri "De-institusionalizasiya və ya alternativ qayğı üzrə Dövlət Proqramının (2006-2015-ci illər)" qəbul edilməsi olub. Proqram Azərbaycan Prezidentinin 2006-cı il 29 mart tarixli 1386 nömrəli Sərəncamı ilə təsdiqlənib. Proqram çərçivəsində xeyli uşaq ailələrə verilib, bəziləri isə öz bioloji valideynlərinə qaytarılıb.
Uşaqların sağlamlığının qorunması dövlətimizin ən ümdə vəzifəsidir
Ötən illər ərzində Azərbaycan səhiyyəsinin bir çox sahələrində olduğu kimi, ana və uşaqların mühafizəsi işində də nailiyyətlər əldə edilib. Çünki ana və uşaqların mühafizəsi işi önə çəkilir və prioritet sahə olaraq müəyyən edilib. Əslində, bu belə də olmalıdır, çünki uşaqlara tibbi xidmət, uşaqların sağlamlığı, uşaq səhiyyəsi, səhiyyənin ən əsas, vacib sahələrindən biridir.
Təsadüfi deyil ki, 22 dekabr 2008-ci ildə ölkə başçısının xüsusi sərəncamı ilə 2009-cu il Azərbaycanda "Uşaq ili" elan edilmişdi. Həmin il uşaq problemlərinin həlli istiqamətində həm dövlət, həm də ictimai təşkilatlar tərəfindən xeyli işlər görüldü, böyük layihələr həyata keçirildi.
Bu gün bu sahədə aparılan uğurlu və köklü islahatlar öz bəhrəsini verməkdədir. Beynəlxalq təşkilatlar, o cümlədən UNİCEF təşkilatı, yəni BMT-nin Beynəlxalq Uşaq Fondunun hesabatına görə, son 5 ildə Azərbaycanda uşaq ölümü 2 dəfədən də çox azalıb.
Azərbaycanda ötən son illər ərzində səhiyyə sahəsində irimiqyaslı layihələr, görülən tədbirlər, ilk növbədə, ən vacib istiqamətlərə yönəlib. Yeni tibb müəssisələri yaradılıb, müasir, son model aparatlarla təmin edilərək əhalinin ixtiyarına verilib. Azərbaycanda yaradılan səhiyyə müəssisələrinin çoxunun nəinki ölkəmizdə, o cümlədən də qitədə analoqu yoxdur.
Heydər Əliyev Fondunun Prezidenti, ölkənin birinci xanımı, UNESCO və İSESCO -nun xoş məramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi ilə tikilib istifadəyə verilən Talassemiya Mərkəzini misal göstərmək olar.
Bu mərkəzin açılışı səhiyyənin ən ağrılı problemlərinin həlli yönündə görülən əvəzsiz işdir. Çünki yaradılmış belə bir mərkəz, orada quraşdırılan avadanlıqlar onun bu gün və gələcəkdə malik olduğu imkanların bölgədə analoqu yoxdur.
Bundan başqa, valideyn himayəsindən məhrum olan uşaqlara alternativ qayğı- deinstitusionalizasiya proqramı valideynini itirmiş, yaxud da valideyn himayəsindən uzaqda olan körpələrin ailələrə verilməsi- deinstitusionalizasiya proqramının təsdiq edilməsi və 2015-ci ilə qədər davam etdirilməsi Azərbaycanda uşaqlara qayğının ən bariz nümunəsidir.
Ümumiyyətlə, ölkəmizdə uşaq siyasəti dövlətin əsas prioritetlərindən biri olaraq qəbul edilib. Prezident ilhma Əliyevin dediyi kimi, uşaqlara diqqət və qayğı göstərilməsi, onların sağlam, təhsilli və mədəni böyüdülməsi xalqımızın dünyada öz layiqli yerini tutmasına böyük töhfələr verir və verəcəkdir.