“Vətəni tanı” Ümumrespublika Kampaniyasının növbəti seçim turu Cəbrayıl gəncləri arasında keçirilib- FOTOSESSİYA

1 İyun 2011 11:25 (UTC+04:00)
"Vətəni tanı" Ümumrespublika Kampaniyası Saatlı və işğal altında olan Cəbrayıl rayon gəncləri arasında öz seçim turlarını həyata keçirib. SİA-nın məlumatına görə, əvvəlcə Saatlı rayonunda olan işçi qrupu burada 150 gənc arasında xəritə və elektron variantda seçim turları keçiriblər. Gənclər həvəslə kampaniyada iştirak ediblər.


Bundan sonra Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün tikilmiş qəsəbələrə gələn işçi qrupu burada doğma yurdlarından uzaq yerdə yaşayan cəbrayıllılar arasında seçim turu keçiriblər. Açılış mərasimində çıxış edənlər bildiriblər ki, vətənimizin dilbər guşələrindən olan Cəbrayıldan aralı olsalar da hər zaman qəlbləri həmin yurdları səsləyir. Cəbrayıllı gənclər "Vətəni tanı" kampaniyasında çox fəallıq nümayiş etdiriblər. Onlar arasından 2 gənc Respublika turuna vəsiqə qazanıb.


Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Torpaq Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin "AVA" Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.