Konservatizm və əsasları siyasi terminalogiya

25 İyun 2021 13:19 (UTC+04:00)

Konservatizmin əsasən 18-ci əsrdə yaranmış bir siyasi ideologiya olduğu düşünülür. Həddindən artıq sürətlə baş verən iqtisadi və siyasi dəyişikliklərə qarşı bir siyasi ideologiya olaraq yaranıb. Məhz elə Fransız inqilabının (hansı ki, bütün Fransada və Avropada çox ciddi siyasi və iqtisadi dəyişikliklərə səbəb olan bir inqilab idi) baş verdiyi əsrdə meydana çıxması da buna böyük nümunədir. Çünki konservatizm həm liberalizmin, həm də sosializmin təklif etdiyi dəyişikliklərə qarşı idi. Çünki konservativlər sosial, siyasi və iqtisadi dəyişikliklərin zamanla, yavaş-yavaş olmasını dəstəkləyirlər.

Konservatizmin xüsusiyyətləri:

Adət-ənənə: Konservatizm adət-ənənələri mühafizə etmək arzusundadır. Bu fikir eləcə də mövcud siyasi sistemlə də bağlıdır. Yəni, konservativlər siyasi sistemin qəflətən dəyişməsini dəstəkləmir. Onlar inanırlar ki, zaman içərisində əldə edilmiş və təcrübə edilmiş adət-ənənələr həm indi yaşayan insanların, həm də gələcək nəsillərin yaxşı yaşaması üçün vacib şərtdir. Onlar həm də fikirləşir ki, bu adət-ənənələr və tarixə bağlılıq, insanları birləşdirməyə də kömək edir. Sırf bu səbəbdən bir çox konservativlər dinin də rolunu cəmiyyətdə yüksək hesab edir. Çünki din birbaşa olaraq adət-ənənələrin formalaşmasında iştirak edir və o da insanları birləşdirmək üçün yaxşı vasitədir. Konservatizm ailə məfhumuna da çox ciddi dəyər verir. Onlar ailə institutunu cəmiyyəti ayaqda tutan əsas amillərdən biri kimi hesab edir.

İnsan qeyri-mükəmməlliyi: Konservativlər insan təbiəti ilə bağlı pessimist fikirlərə sahibdirlər. Bu düşüncəyə əsasən insan dərrakəsi limitlidir və onlar əsasən kənar faktorlardan asılıdır. Bu cəhətdən baxanda onu qeyd etmək olar ki, liberalizm və konservatizm ideologiyaları insan təbiəti haqqında tamamilə əks mövqedə dururlar. Əlavə olaraq, insanlar həm də əxlaqi olaraq yüksək keyfiyyətlərə sahib deyillər. Onlar eqoistdirlər və daima güc əldə etməyə çalışırlar. Cəmiyyətdə baş verən pis hadisələr, məsələn cinayətlərin səbəbi çox vaxt ayrı-ayrı fərdlər olur. Buna görə də, konservativlər güclü dövlətin, ciddi qayda-qanunun və sərt cəzaların tərəfdarıdırlar.

İyerarxiya: Konservatizm həm də cəmiyyətdəki iyerarxiyanı, yəni, sinif, vəzifə bərabərsizliyini də normal qəbul edir. Onlar inanırlar ki, cəmiyyətdə müəyyən iyerarxik sistemin olması təbii bir hadisədir (məs: iş sahibi və işçilər, müəllim və tələbələr, valideyn və uşaqlar). Ancaq bu iyerarxik system qətiyyən hər hansısa bir konfliktə səbəb olmur. Çünki bu sistemdə olan hər sinif öz vəzifəsini yerinə yetirir və qarşılıqlı olaraq hər kəs bir-birindən asılıdır. Konservatizm iyerarxiyanın səbəbini şansla və doğuşla əlaqələndirir.

Bərabər vergi: Konservatizm biznesdə bərabər miqdarda verginin tərəfdarıdır. Onlar inanırlar ki, qazandığı puldan asılı olmayaraq bütün insanlar eyni dərəcədə vergi verməlidirlər.